Şriftin ölçüsü / 1003

Mirmahmud Mirəlioğlu nədən şikayət etmək istəyib

01 Sentyabr 2014 [18:16]

Suallarımıza KXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mirmahmud Mirəlioğlu cavab verib. Xatırladaq ki, sentyabrın biri KXCP sədrinin doğum günüdür. Doğum günü haqda çox xəsisliklə danışmağı, bunu bəzən ictimaiyyətdən gizlətməyi sevən M.Mirəlioğlu ad günündə bir neçə istiqamətdə suallara cavab verib. Saçını siyasətdə ağardan Mirəlioğlu əsasən doğum günündən, bu əlamətdar günü necə keçirəcəyindən, ilk dəfə kim tərəfindən təbrik almasından danışıb. Bundan başqa KXCP sədri SSRİ zamanı şikayət üçün Moskvaya getməsi, Brejnevlə görüşməsi üçün atdığı addımları da 35 ildən sonra xatırlayıb. Müsahibimiz Azərbaycanın müxalifət düşərgəsində mövcud olan real situasiya haqda da fikirlərini açıqlayıb.

- Mirmahmud Ağa, bu gün doğum gününüzdür. Maraqlıdır, ad gününüzü necə qeyd edəcəksiniz?
- Bu, ailəyə məxsus bir məsələdir. Bu gün Azərbaycanda nəyisə keçirmək üçün gərək haqqın çatsın. Biz bu haqqı o zaman qazanacağıq ki, torpaqlarımızı düşməndən azad edək. Doğum günümü bəzən qeyd edirəm, bəzən yox. Dostlar, yaxınlar təbrik edirlər və bununla da bitir. Çünki bu, elə də önəmli məsələ deyil. Bizim devizimiz belədir: mənsiz də dünyanın işi keçərmiş. Məşhur bir deyim var: əcəba, nə üçün dünyaya gəldim. Bizim gəlişimizlə dünyada dəyişiklik olmayıb və ya gəlib Azərbaycanda bir dəyişiklik edə bilməmişik. Eləyə bilmədiyimiz üçün də nəyisə qeyd etməyə haqqımız yoxdur. Təbii ki, bu sözlər mənim özümə aiddir.


- Sizi ilk təbrik edən kim olub?
- İlk təbrik edən dostum olub. Dünən zəng edərək təbriklərini çatdırıb. İllərlə dostluq etdiyimiz və bir-birimizi başa düşdüyümüz insandır.


- Siyasətçilərdən təbrik almamısınız?
- Təbrik edən də, etməyən də var. Bu suala yuxarıda cavab verdim. Bu fikrimi də, siyasətçilər, qeyri-siyasətçilər, dostlarımız bilir.


- Siz istiqlalçı deputat, KXCP sədri, milli azadlıq hərəkatının əsas simalarından birisiniz. Necə düşünürsünüz, sizinlə adi insanın doğum günü arasında fərqlər olmalıdırmı?
- Məncə, adidən də adi olmalıdır. Siz titullar sadalayırsınız. Ancaq biz dünyaya adi insan olaraq gəlirik və insanlığı da unutmamalıyıq. Qalan məsələlər isə görəv, missiya, vəzifədir və s. Bunları da etmək lazımdır. Məncə, insanın doğum gününü həmin insan olmayanda daha yaxşı qeyd edər, qiymət verərlər. Əgər insan buna layiqdirsə...


- Sizin Sovet İttifaqı zamanı Moskvaya gedərək mavzoleydə Leninə şikayət etdiyiniz haqda eşitmişəm. Bu, doğrudurmu?
- Yox. Leninə şikayət olmayıb, amma Moskvaya şikayətə getmişəm. Belə bir şey olub. Ancaq sizə deyim ki, bu da Azərbaycan uğrunda olub, Azərbaycanla bağlı olub.


- Maraqlıdır, şikayəti kimə etmisiniz?
- Onu qeyd edim ki, Moskvaya gedən bu adam günlərlə SSRİ-nin baş katibinin qəbuluna düşəcəyini gözləyib. Səhv etmirəmsə, 17 gün olub.


- Neçənci ildə olub?
- 1979-cu ildə.


- Mən bu ildə doğulmuşam. Həmin dövrdə baş katib Brejnev idi?
- Bəli, düz tapdınız. Əslində, görünür ki, siz bunları bilirsiniz. Məncə, məndən daha yaxşı yaza bilərsiniz. Ancaq sizə deyim ki, bu həm lazım, həm də vacib idi. Həmin dövrdə mən belə düşünür və hesab edirdim ki, bu doğrudur.


- Bəs şikayətinizin mahiyyəti nə ilə bağlı idi?
- Həmin vaxt şikayətin mahiyyəti Xəzər dənizinin ekoloji durumundan, çirkləndirilməsindən tutmuş özünü müdafiəyə qədər idi. Təbii ki, şikayətdə həmin dövrdə olan problemlər yer alırdı və bu, Azərbaycanla bağlı olan problemlər idi.


- Siz 1979-cu ildə Moskvaya şikayətə Yardımlıdan getmişdiniz, yoxsa Bakıdan?
- Bakıdan getmişdim. Məncə, bu qədər kifayət edər. Ancaq sizə deyim ki, çoxlarının hələ də bilmədiyi bu hadisələri yadıma salmaqla məni o illərə apardınız.


- Sizin təşkilatçılığınızla bir neçə siyasi partiya bir araya gəlib. Bunun davamlı olacağına inanırsınız, yoxsa, bu qurumun da taleyi Milli Şura, İctimai Palata, Demkonqresin taleyi kimi olacaq?
- İstənilən bir qurum qarşısına qoyduğu hədəfə doğru addımlamalıdır. İndi bu qurumun hara qədər gedəcəyi ayrı bir məsələdir. Lakin hesab edirəm ki, indiki situasiyada bu aktuallıq kəsb edən məsələdir. Partiyalar İntiqam Əliyevin həbsindən sonra bir araya gəlib. Hesab edirəm ki, İntiqam Əliyev cəmiyyətə lazımlı insandır. Ümid edirəm ki, atılan bu addımın uğurlu nəticəsini gözləyirik.


- Ancaq Milli Şura üzvləri buna etiraz edir, deyirlər ki, KXCP qərargahına toplaşanlar onlara alternativ komitə yaradıblar...
- Narazılığın ifadə olunması normal haldır. Ancaq bundan dezinformasiya düzəltmək, başqa cür hərəkət etmək, fərqli qiymətləndirmələr və uzağa gedən nəticələrə çıxmaq doğru deyil.


- Alternativ komitə yaratmısınız, ya yox?
- Biz dəyirmi masa formatında toplaşırıq. Əsasən, ictimai-siyasi məsələləri müzakirə edirik, həbs edilənlərlə bağlı hansı addımların atılması haqda fikir mübadiləsi aparırıq. Bu sırf bir mərkəzdir, onun strukturu nəzərdə tutulmur və həm də müdafiə komitəsi deyil. Sadəcə olaraq bunu alternativ kimi qəbul edənlər və bu formada da açıqlama verənlər bir şeyin fərqində olmalıdırlar ki, həbs edilənlərin hüquqlarını müdafiə edənlər əslində belə qiymətləndirmə etməzlər. Başqa sözlə, ayrıseçkiliyə getməz və bir-birinə olanları alternativ qəbul etməzlər. İndiyə qədər bir neçə dəfə deyilib ki, bu hüquq müdafiə komitəsi deyil və burdan da uzağa gedən nəticələr çıxararaq onu müdafiə komitəsinə çevirmək də doğru deyil. Kim bunu alternativ hesab edirsə, deməli həm də ortada olan siyahının əleyhinədir. Odur ki, fərqində olmalıdırlar ki, kimsənin əleyhinə danışmaq olmaz. Əgər bunun fərqində deyillərsə, Allah işlərini avand eləsin.


- Sizi, İsa Qəmbəri və Pənah Hüseyni həm də separatizmə görə tənqid ediblər. Konkret Sərdar Cəlaloğlu və Əli Əliyev deyib ki, siz ya dəyirmi masa formatında təmsil olunmalısınız, ya da Milli Şuranın qurduğu müdafiə komitəsində...
- Bu da bir yanaşmadır və onun cavabı da verilib. Bunu heç ictimailəşdirmək də lazım deyil. İstənilən bir qiymətləndirməyə də hörmətlə yanaşmaq lazımdır. Ömür boyu separatizmə qarşı mübarizə aparan, bunu rədd edən, hətta Azərbaycanın Qarabağ problemini həll etmək üçün ölkə daxilində bu məsələni antiterror əməliyyatı ilə yoluna qoymağı məqbul sayan və dünyaya bunu qəbul etdirmək istəyən, buna görə beynəlxalq dəstək almaq istəyən insanları separatizmdə günahlandırmaq olmaz. Eləcə də, separatizmə qarşı mübarizə aparanlara separatçı demək olmaz. Amma kimsə deyirsə, Allah ona insaf versin.


- Doğrudanmı, qarşı tərəf deyir ki, əgər Ümid və ADP olmasa, sizinlə əməkdaşlıq edə bilərlər?
- İndi bir koordinasiya var. Siz də bilirsiniz ki, Milli Şuranın üzvləri ilə birgə yaradılan komitə Leyla Yunusun müdafiə komitəsidir. Düzdür, indi onlar kimlərinsə adını da buraya əlavə edirlər. Amma bu komitəyə dəstək verməyən "N” qədər insanlar, siyasi partiyalar var. Bu siyasi partiyaların da bir araya gəlməsi və məsələyə münasibət bildirməsi normal haldır. Amma bundan faciə düzəltmək də doğru deyil.


- Ancaq qarşı tərəf hesab edir ki, ADP və Ümid dəyirmi masa formatında təmsil olunmasa, əlaqələri daha yaxınlaşdırmaq mümkün ola bilər...
- Belə yanaşma səhvdir. Burada çeşidləmə aparmağa kimsə kiməsə ixtiyar verməyib. Bizim apardığımız müzakirəni sabah Milli Məclisdə səsləndirən olacaqsa, bunun nəyi pisdir? Bu məsələdə şəxsi mənafe, şəxsi eqo rol oynamamalıdır. Bu yanaşma doğru deyil. İndi kimsə bunu məqbul sayırsa, bu da onun öz işi, vicdanıdır və özü bilər. Ancaq həbsdə olanların müdafiəsi ilə bağlı bu cür halların yaşanması doğru deyil.


- Müxalifətin bu günə qədər uğur əldə etməməsində onun başında duran insanların eqosu rol oynayıbmı?
- "N” qədər.


- Sanki siyasi liderləri elə seçiblər ki, hamısında da qədərindən artıq eqoizm var...
- Bunu mən deyə bilmərəm. Fikrimcə, sizin sualınıza konkret cavab verdim. Nəzərə alın ki, mən tədqiqatçı deyiləm və bu işlərlə də maraqlanmamışam.


- Hazırda bizə yaxın regionda Rusiya-Qazaxıstan qarşıdurması müşahidə olunur. Açıq şəkildə prezident Nazarbayev Kremlə yönəlik sərt bəyanatlar verir. Bunu necə qiymətləndirirsiniz?
- Bu qarşıdurma deyil, prezident Putinin yeritdiyi siyasətin məntiqi nəticəsidir. Nəhayətdə Putin bu siyasətlə Rusiyanı təkləməyə doğru aparmalıdır. İndi sadəcə sürət bir qədər artıb. Ancaq nəzərə alın ki, məsələlər Putinin istəyi ilə həll edilmir. Eləcə də, Rusiyanın yüzillik tarixi ilə ölçülən araşdırma institutlarının təsirinin nəticəsi ilə də bağlı deyil. Həm də məsələyə bir qədər ciddilik və təbii axarı ilə baxılmalıdır. Rusiya özünün məntiqi sonluğuna yaxınlaşır. Bu məntiqi sonluqda da mütləq və mütləq tək qalmalıdır. 


teleqraf.com