Şriftin ölçüsü / 2120

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ MƏRAMNAMƏSİ

01 Oktyabr 2014 [16:56]
Azərbaycanda ilk yaranmış partiya olaraq Azərbaycan Milli İs-tiqlal Partiyasının (AMİP) ən ali məqsədi müstəqil, vahid, demokratik, qüdrətli Azərbaycan dövləti qurulmasına nail olmaq, bununla da Millətimizin tarix səhnəsindəki şərəfli yerini özünü qaytarmaqdadır.

Millətin mənafeyini hər şeydən üstün tutan Azərbaycan Milli İstiqlal Partiyası:

• Millətin özünü idarə etməsi zəminində hər hansı bir xarici dövlətə, yaxud dövlətlər birliyinə məxsus siyasi qüvvələrin milli mənafeyə zidd təsirindən azad olan və yalnız xalqın sərbəst iradəsi ilə formalaşan milli hakimiyyət sistemi qurmaq uğrunda;

• Millətçilik ideyasının millətin bütün fərdləri tərəfindən mənimsənilərək milli ideologiyanın əsasına çevrilməsinə, hər bir fərdin milli şüur ətrafında birləşərək ümummilli iradəni ifadə etməsinə nail olmaq uğrunda;

• Ümumbəşəri ideyaların səciyyəvi inikası kimi gerçək-ləşən ümummilli mənəvi dəyərləri ictimai həyatın bütün sahələrində bərqərar etmək, milli əxlaqımızı, adət və ənənələrimizi zərərli təsirlərdən qorumaq, mənəvi və mədəni zənginləşmə yolunu tutmaq uğrunda;

• Millətin ümumi iqtisadi müstəqilliyi ilə onun hər bir üz-vünün fərdi iqtisadi sərbəstliyini qırılmaz vəhdət kimi bağlamaq əsasında azad insana layiq azad iqtisadiyyat qurmaq və vüsətli iqtisadi tərəqqiyə yetişmək uğrunda;

• Millətin hər bir fərdinin ucalığını və təkrarsızlığını qəbul edərək insan hüquqlarının toxunulmazlığını milli siyasətin əsasına çevirmək, insan azadlıqlarının qorunmasına təminat verə bilən vətəndaş cəmiyyəti qurmaq uğrunda mübarizə aparan;

• Baxışlarının, hərəkət və düşüncələrinin sistemli şəkildə hədəfə çatması, cəmiyyətdəki dəyişikliklərin Millətin mənafeyinə uyğun şəkildə sona çatması üçün mübarizə aparan siyasi partiyadır.

Azərbaycan Milli İstiqlal Partiyası hakimiyyət uğrunda mübarizə aparan və hakimiyyətə gəlməyi təkcə fiziki mənada deyil, həm də düşüncə və ideyalarımızın hakimiyyətə gəlməsi kimi qəbul edən siyasi partiyadır.

Hakimiyyət AMİP üçün məqsəd deyil, yalnız və yalnız Milləti və Dövləti ağır ictimai-siyasi, sosial-iqtisadi və mənəvi böhrandan çıxarmaq, ölkəmizi dünya dövlətləri sırasında qüdrətli və demokratik dövlət kimi tanıtmaq, Millətimizin və ayrı-ayrılıqda hər bir Azərbaycan vətəndaşının maddi və mənəvi rifahını yüksəltmək üçün bir vasitədir.


PRİNSİPLƏR

Azərbaycan Milli İstiqlal Partiyasının öz fəaliyyətində ideoloji əsas kimi qəbul etdiyi prinsiplər bunlardır:

İstiqlalçılıq. Ulu Tanrının və təbiətin verdiyi ixtiyarla Millətimiz istiqlal və azadlıq haqqına sahibdir və biz bütün dünya xalqlarının onu öz istiqlalına mübarizə ilə qovuşmuş bir Millət kimi tanıyacağına və sayacağına inanırıq. İstiqlala malik olmadan Millət öz varlığını və mədəniyyətini qoruya və ucalda bilməz. Milli İstiqlal amalını ümummilli məfkurənin saf, ədalətli və möhtəşəm gələcəyimiz uğrunda hərəkatın ideoloji bünövrəsi kimi qavrayırıq.

Azərbaycançılıq. Millətimizin tarixi vətəni olan Azərbaycan onun ərazisində məskunlaşmış bütün xalqların ümumi vətəni olmaqla, milliyyətindən, az və ya çoxsaylılığından asılı olmayaraq Azərbaycanda yaşayan bütün toplumları, ürəyi vətənpərvərliklə döyünən bütün insanları öz müqəddəsliyi ətrafında birləşdirir. Hesab edirik ki, Azərbaycanda yaşayan bütün xalqlar, ölkənin qanunlarına və Konstitusiyamıza əməl edən bütün insanlar Azərbaycanın milli sərvətidirlər. Azərbaycanın dövlət mənafelərinə zidd fəaliyyət göstərməyən müxtəlif milli azlıqların nümayəndələrini Azərbaycanda əksəriyyət təşkil edən türk milləti ilə bərabərhüquqlu sayaraq, biz onların öz dillərini qorumaq və mədəniyyətini inkişaf etdirmək haqqını tanıyırıq. Azərbaycanda əksəriyyət təşkil edən türklərin Azərbaycanda Milli azlıqların varlığı və milli tərəqqisi üçün məsuliyyət daşıdığını qəbul edirik.

Milliyyətçilik. Hər bir millət digər millətlərin azadlığını, haqqını və hüquqlarını pozmamaq, dövlətin varlığına və tərəqqisinə fayda vermək şərtilə öz mənafeyini üstün tutmaq ixtiyarına mailkdir. Biz də Türk Millətinin mənafeyini hər şeydən uca sayaraq, bu mənafenin gerçəkləşməsi yolunu əqidə kimi qəbul edirik. Ümumi dilə, mədəniyyətə, tarixə, dinə, adət-ənənəyə, şifahi və yazılı ədəbiyyata malik toplumumuzun ən vacib səciyyələrindən biri ümummilli şüurdur. Azərbaycanda milli şüurun əsası olaraq türkçülüyü milliyyətçiliklə eyniləşdiririk. Millətimizə olan dərin bağlılığımızın və sevginin bizə verdiyi ilham və cəsarətlə, türk millətinin qüdrətli olmasını təməl prinsipi olaraq qəbul edir və bu istiqamətdə istənilən fəaliyyəti gərəkli hesab edirik.

Milli Dövlətçilik. Millətin dövlət üçün deyil, dövlətin millət üçün olduğunu qəbul edərək, biz dövləti Azərbaycanın bölünməzliyinin qorunması, ümummilli mənafenin gerçəkləşdirilməsi üçün zəruri bir institut, azadlıq, ədalət və bərabərliyin təminatçısı sayırıq. Müstəqil Azərbaycan dövləti Azərbaycanın milli dövlətçilik ənənələrinə əsaslanaraq ayrı-ayrı sinif, zümrə və təbəqələrin deyil, bütün Azərbaycan vətəndaşlarının siyasi, iqtisadi və mənəvi yüksəlişinə təminat yaratmalıdır.

Milli tərəqqi yolunda yalnız o halda uğur qazanmaq mümkündür ki, dövlət öz vətəndaşlarının siyasi, iqtisadi, mədəni inkişafı üçün zəruri şərait yaratsın və eyni zamanda hər bir vətəndaş dövlətçiliyi möhkəmləndirmək və inkişaf etdirmək yolunda bilavasitə çalışsın.

Hürriyyətçilik. Millətin və dövlətin normal halında insanın azad-lığı, digər insanların azadlıqlarını pozmamaq şərtilə heç nə ilə məhdudlaşmamalıdır. Bütünlüklə millətin azadlığı ilə onun hər bir fərdinin azadlığını qırılmaz vəhdət şəklində bərqərar etməyi məqsəd götürərək, hər bir insanı təkrarsız və toxunulmaz sayaraq, biz beynəlxalq sənədlərdə əksini tapmış bütün insan hüquqlarına və azadlıqlarına təminat verməyi müasir demokratik dövlət qurmağın ilkin şərtlərindən biri hesab edirik.

Öncüllük. Millətimizin dünya millətləri sırasında tarix səhnəsində layiqli yer tutmasından ötrü bəşəriyyətin yaratdığı mütərəqqi elmi biliklərdən, iqtisadi və hüquqi mexanizmlərdən, mənəvi dəyərlərdən yaradıcılıqla faydalanmaqla, milli mədəniyyətimizin, siyasi və iqtisadi quruculuğun sürətlənməsi və vüsətlənməsi, hər bir Azərbaycan vətəndaşının cəhalətdən və qaragüruhçuluqdan uzaqlığı, ən mütərəqqi dünyaduyumuna və təfəkkür tərzinə yiyələnməsi gərəkdir. Bu yolla irəliləməklə Azərbaycanın yaxın bir zamanda ən öncül ölkələr sırasına çıxacağına inanırıq.

Azərbaycan Milli İstiqlal Partiyası xalq partiyası olmaq etibarilə, sinfi, zümrəvi və sosial ayrı-seçkiliyi rədd edərək, Millət və Vətən birliyini təmin edə biləcək fikir, duyğu və məslək ümumiliyini məqsəd saydığı üçün onun sosial bazasını xalqın bütün təbəqələrindən olan istiqlalçı, milliyyətçi, hürriyyətçi, öncül vətənpərvərlər təşkil edir.






Digər Xəbərlər