"AMİP-in hazırki strukturlarının əsas gücü bələdiyyə seçkilərində partiyanın iştirakına yönəldilib”.Bu sözləri Teleqraf.com-a açıqlamasında AMİP-in baş katibi Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, oktyabrın 1-də Siyasi Şurasının bələdiyyə
seçkilərində iştirakla əlaqədar yekun qərarı olub və bu qərardan sonra
partiyanın yerli strukturlarının iştirak məsələsi ilə bağlı işlərə start
verilib: "Bakı və Sumqayıt şəhər təşkilatları, eyni zamanda Abşeron
rayon təşkilatının fəalları ilə görüşlər keçirilib, qarşıdan gələn
seçkilərdə partiya üzvlərinin iştirakı müzakirə olunub, regional
müşavirələrə start verilib. Şimal bölgəsi üzrə bir regional müşavirə
keçirilib, Siyəzən, Şabran, Xaçmaz, Xudat, Quba və Qusar təşkilatlarının
fəalları ilə görüşümüz olub, müzakirələr aparılıb. Gələn həftə Cənub
bölgəsində regional müşavirələrə start verəcəyik. Daha sonra isə Qərb və
şimal-qərb istiqamətində partiya rəhbərliyinin səfərləri olacaq.
Səfərdə regionda fəaliyyət göstərən partiya üzvlərimiz və yerli
təşkilatlarımızla müzakirə olunacaq. Qarşıdan gələn bələdiyyə seçkiləri
partiyanın gündəlik həyatında prioritet təşkil edir”.
Bələdiyyə seçkilərinə blok şəklində qatılmağın məqsədəmüvafiq olmadığını
deyən A.Əlizadə blokla bağlı əsas hədəfin parlament seçkilərinə
götürüldüyünü qeyd edib: "Bələdiyyə seçkilərində partiya və digər siyasi
təşkilatların iştirak dərəcəsi, seçkilərin keçirilməsi, ölkədə
seçkilərə münasibətdən asılı olaraq parlament seçkilərində siyasi
bloklarla yaxud təkbaşına iştirak forması sonra müzakirə olunacaq.
Gələcəkdə ölkə daxili və xarici məsələlər, o cümlədən bələdiyyə və
parlament seçkilərilə bağlı mövqeyi üst-üstə düşən siyasi təşkilatlarla
əməkdaşlığımız mümkündür. Siyasi partiyalar hər hansı məsələ ilə bağlı
vahid mövqedən çıxış edirlərsə, həmin təşkilatların birgə əməkdaşlıq
məsələləri də müzakirə olunur. O yerdəki bizim fərqli baxışımız var,
həmin siyasi təşkilatla birgə fəaliyyət göstərməyimiz mümkün deyil”.
"Milli Şura hansısa qurum qarşısında öhdəlik götürərək mitinq keçirib”
Mitinqlərə gəlincə, AMİP funksioneri hesab edir ki, mitinqlər siyasi
partiyanın qarşısına qoyduğu məqsəd üçün sadəcə bir vasitədir: "Biz
hazırki dönəmdə mitinqlərin keçirilməsini bir o qədər əhəmiyyətli hesab
etmirik. Ona görə də mitinqlər AMİP-in gündəmində deyil. Amma gələcəkdə
situasiyadan asılı olaraq hər hansı məsələ ilə AMİP-in kütləvi
tədbirlərin keçirilməsi ilə əlaqədar qərarı istisna olunmur”.
A.Əlizadə Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqə münasibət
də bildirib: "O mitinqin həm təşkili, həm də keçirilməsi zamanı bəzi
əcaibliklərlə rastlaşdıq. Çünki digər siyasi təşkilatların mitinqdə
iştirakı təəssüflər olsun ki, təşkilatçılar tərəfindən çox qısqanclıqla
qarşılanırdı. Bu da bir sıra versiyaların gündəmə gəlməsinə səbəb olub.
Bu yaxınlarda KİV-də belə versiya da oxudum ki, mitinq təşkilatçıları
hansısa qurum qarşısında öhdəlik götürərək həmin mitinqi keçiriblər. Bu
da xoşagələn məsələ deyil. Mitinq keçirilirsə, təşkilatçı tərəf digər
siyasi təşkilatların iştirakına qısqanclıqla yanaşmamalıdır”.