Şriftin ölçüsü / 599

Ukraynada seçkilərin ilkin nəticələri açıqlandı

27 Oktyabr 2014 [17:39]
Ukrayna Mərkəzi Seçki Komissiyası proporsional sistem üzrə səslərin yarısını – 50%-ni hesablayıb.

Ukrayna KİV-lərinin verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyukun liderlik etdiyi Xalq Cəbhəsi 21,61% səslə irəlidədir. Prezident Petro Poroşenkonun bloku 21,45% səs alıb.

"Özünəyardım” ("Samopomiç”) Birliyi 11,1%, "Müxalifətçi blok” 9,82%, Radikal Partiya 7,38% və "Batkivşina” 5,69% səslə parlamentə keçə biliblər. Millətçi "Svoboda” 4,69%-lə 5 faizlik baryeri keçməyə çox yaxınlaşıb. Ali Radanın 225 deputatı proporsional, 119-u isə majoritar sistem üzrə seçiləcək. Donbassdakı 26 dairədə seçki baş tutmayıb.

Xatırladaq ki, Ukraynada oktyabrın 26-da növbədənkənar parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 52 faizi iştirak edib. Seçkilərin ilkin nəticələri yeni Ali Radada avrointeqrasiyanın qatı tərəfdarı olan Qərbyönlü çoxluğun formalaşacağını göstərir.