Şriftin ölçüsü / 652

"Münaqişənin real həlli istiqamətində real iş görmürlər"

13 Noyabr 2014 [12:29]
AMİP sədri Yusif Bağırzadənin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Yusif bəy, son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yaranmış durumu necə dəyərləndirirsiniz?

- Düzdür, son dövrlərdə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müəyyən canlanma hiss olunsa da, əslində birada ATƏT həmsədr ölkələri tərəfindən bir yorğançəkmə əməliyyatı görünməkdədır. Yəni həmsdər ölkələrin hər biri münaqişənin nizamlanması istiqamətində təşəbbüsləri öz tərəfinə çəkməyə çalışır. Münaqişənin real həlli istiqamətində isə real iş görmürlər. Son dövrlədə baş verənləri bu cür dəyərləndirmək olar. Necə deyərlər, həmsədr ölkələr bu münaqişə ilə bağlı müəyyən dividentlər əldə etmək istəyir. Münaqişənin həllinə gəldikdə isə burada Rusiyanın səylərini görmək olar. Amma bu ölkənin də səmimiyyətinə inanmaq olmaz. Çünki elə bu münaqşiənin yaradıcısı bu ölkədir. Yoxsa, Ermənistanda harada idi bu cürət və güc ki, Azərbaycan torpaqlarını işğal etsin? Əgər məsələ Ermənistanlıq olsaydı Azərbaycan bu problemi çoxdan çözərdi və bu qədər də mənasız danışıqlar prosesini davam etdirməzdi.

-Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan heç bir rola malik deyil?

-Axı bu məsələdə Ermənistan kimdir ki? Ermənistan bu gün faktiki olaraq Rusiyanın bir əyaləti və regionda istifadə etdiyi bir forpost məkanıdır. Digər tərəfdən, bu ölkə iqtisadi cəhətdən zəif, sabahı bilinməyən bir ölkədir. Hakimiyyətdə isə iqtisadiyyatdan başı çıxmayan, xalqının maraqlarını və gələcəyini digərlərinin ayaqlarının alıtna atan bir hərbi rejim əyləşib. Onlardansa nəsə gözləməyə dəyməz. Onlardan fərqli olaraq Azərbaycan bütün parametrlərinə görə üstündür. Odur ki, Azərbaycan Avropaya inteqrasiya prosesini sürətləndirməlidir ki, biz yaxın gələcəkdə bu məkanın bir hissəsi ola bilək.

-Bəs indiki mürəkkəb geosiyasi durumda Azərbaycan Rusiya ilə münasibətlərini necə qurmalıdır?

-Rusiya bizim böyük şimal qonşumuzdur və biz qonşuluq münasibətlərini inkişaf etdirməliyik. Və bu əməkdaşlıq münasibətlərini biz strateji tərədaşlıq münasibətlərinədək qaldırmalıyıq. Düzdür, Azərbaycan Rusiya ilə münasibətləri yüksək səviyyə qaldırmaq istəsə də, qarşı tərəfdən buna uyğun adekvat reaksiya yoxdur. Əksinə, Azərbaycanın iqtisadi gücünün artmasından ciddi narahatçılıq keçirir və məqamı düşdükcə iqtisadi müstəqiliyinə maneçiliklər yaradır.

-Necə yəni iqtisadi müstəqiliyinə və yaxud iqtisadi inkişafına maneçelik törədir?

-Bildiyiniz kimi indiyədək Azərbaycanda reallaşan iqtisadi və enerji layihələrinə əsas təhlükə ancaq Rusiyadan olub və bu davam etməkdədir. Bu gün Cənub qaz dəhlizinin reallaşdırılması istiqamətində işlərin getdiyi bir vaxtda yenə də bu layihənin reallaşmasına maneçilik törədən və təhdid məhz bizim şimal qonşumuz tərəfindəndir. Məhz şimal qonşumuzun səyi nəticəsində uzun müddətdir ki, Transxəzər layihəsinin rellaşdırılması istiqamətində aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Çünki Rusiya burada reallaşan layihələri özünə rəqib sayır. Ona görə də hesab edirəm ki, Qərb dairələri Cənub Qaz Dəhlizinin reallaşdırılmasında aktivlik nümayiş etdirməli və NABUKKO layihəsinin reallaşmasını gündəmə gətirməlidirlər. Rusiya-Ukrayna qarşıdurmasından sonra bu layihənin aktullaığı yenidən gündəmə gəlib. Bir vaxtlar bu layihənin əleyhinə çıxan avropalı komissarlar bu gün o zamankı hərəkətlərinə görə peşmançılıq çəkirlər.

-Bəs Azərbaycan Rusiya ilə Qərb arasındakı münasibətlərini necə tənzimləməlidir ki, ölkənin maraqlarına ciddi ziyan dəyməsin?

-Azərbaycanın xarici siyasəti düzgün qurulub və balans siyasəti davam etdirilməlidir. Biz Rusiya ilə siyasi münasibətlərimizi qurmaqla və münasibətləri pozmadan əsas diqqətimizi Avrointeqrasiya proseslərinin sürətləndirilməsinə yönəltməliyik. Biz həm ölkə daxilində islahatlar aparıb Avropa dəyərlərini cəmiyyətimizə tətbiq etməliyik, həm də iqtisadi əlaqələrimizi gücləndirməli və bununla da öz təhlükəsizliyimizi, iqtisadi müstəqilliyimizi qoruyub saxlamalıyıq. Çünki bu gün Azərbaycan Rusiyanın irəli sürdüyü Avroasiya İqtisadi Birliyinə daxil ola bilməz, ən azından ona görə ki, bu birliyin gələcəyi görünmür, digər əsas məqam isə Ermənistanın bu qurumda olmasıdır. Digər tərəfdən isə Ukrayna-Rusiya qarşıdurması nəticəsində Rusiyaya tətbiq edilən sanksiyalar nəticə verir və bu ölkənin iqtisadiyyatı çökməkdədir. O baxımdan da Rusiya ilə hər hansı bir iqtisadi birlikdə olmaq yanlışlıq olardı. Hesab edirəm ki, artıq Azərbaycan hakimiyyəti bunları nəzərə alıb.