Şriftin ölçüsü / 732

"Ermənistan Paris görüşündə səslənən çağırışları birtərəfli qaydada pozur"

14 Noyabr 2014 [14:43]
"Məsələyə digər kontekstdən yanaşdıqda, hesab edirəm ki, Sarkisyan rejimi ölkədəki acınacaqlı iqtisadi vəziyyətdən..."

Məlum olduğu kimi, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar keçirilib.

Bu yay Dağlıq Qarabağda çoxsaylı itkilərə, o cümlədən mülki vətəndaşların itkisinə səbəb olan silahlı insidentlərin artması kontekstində Paris görüşü Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa dialoqun bərpasına imkan yaratdı. Olland hər iki dövlət başçısına çağırış edərək mövcud etimad mühitinin qorunub saxlanmasını, o cümlədən irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib. Azərbaycan tərəfindən bununla bağlı heç bir problem yoxdur. Çünki böyük sülh sazişinin imzalanmasında başlıca maraqlı tərəf Azərbaycandır. Ona görə ki, işğala məruz qalan və 20 ildən çoxdur bundan əziyyət çəkən tərəfdir. Ancaq gəlin görək Ermənistan tərəfi Ollandın çağırışında səsləndirdiyi sözügedən məqamlara əməl etməyə maraqlıdırmı?

Məsələ ondadır ki, Paris görüşündən sonra Ermənistan Ollandın çağırışında səslənən hər iki təklifi kobudcasına pozur. Birincisi, Paris görüşündən sonra Ermənistanın 40 minlik silahlı qüvvələri işğal olunmuş Dağlıq Qarabağda və məhz cəbhənin təmas xəttində genişmiqyaslı hərbi təlimlər keçirdi. İkincisi, ermənilərə məxsus hərbi helekopter Azərbaycan mövqelərinə qarşı hücum mövqeyi alarkən vurulub. Sadalananların hər ikisi Ermənistan tərəfindən Paris görüşündə Ollandın çağırışlarının birbaşa pozulması anlamına gəlir.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, hər iki fakt açıq şəkildə sübut edir ki, Ermənistan Paris görüşündə səslənən çağırışları birtərəfli qaydada pozur: "Paris görüşündən sonra baş verən hadisələr buna əyani sübutdur. Ancaq təəssüflər olsun ki, nədənsə, beynəlxalq təşkilatlar bunu görməzdən gəlir. Düzdür, həmsədr ölkələrlə yanaşı, beynəlxalq təşkilatlar müharibənin yenidən qızışmasında qəti maraqlı deyil. Ancaq Ermənistana məxsus helekopterin vurulmasından sonra Avropa İttifaqı, ATƏT və ABŞ hər iki tərəfə müraciət edərək müharibədən çəkinməyi məsləhət görür. Halbuki, cəbhədə vəziyyəti dramatikləşdirən tərəf Azərbaycan yox, Ermənistandır. Bu minvalla əsas tənqid hədəfi işğalçı Ermənistan tərəfi olmalı idi.
Təəssüf ki, biz bunu görmədik. Niyə? Ona görə ki, həmsədr ölkələr və digər aparıcı beynəlxalq təşkilatlar ənənəvi olaraq ikili standartlardan çıxış edərək baş verənlərə dişsiz münasibət bildirdilər. Bu da tamamilə ədalətsiz və qeyri-obyektiv yanaşmadır. Məsələyə digər kontekstdən yanaşdıqda, hesab edirəm ki, Sarkisyan rejimi ölkədəki acınacaqlı iqtisadi vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün məqsədli şəkildə cəbhə bölgəsində vəziyyəti gərginləşdirir. Bununla ictimai təzyiqlərdən sığortalanmağa çalışır"./Bakı Xəbər/
Vidadi ORDAHALLI