"Bələdiyyə sistemində ciddi islahatların aparılması qaçılmazdır"
17 Noyabr 2014 [13:45]
Azərbaycan özünün növbəti bələdiyyə
seçkilərinə gedir. Artıq namizədlərin irəli sürülməsi prosesinin bitməsinə az
vaxt qalıb. Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan siyasi partiyaların seçkilərdə
iştirakı böyük önəm daşıyır. Bu baxımdan ölkənin aparıcı müxalifət partiyalarından
olan Azərbaycan Milli İstiqlal Partiyasının seçki prosesi ilə bağlı vəziyyətin
nə yerdə olduğunu və seçkilərə münasibətini öyrənmək üçün partiyanın Baş Katibi
Arzuxan Əlizadəyə müraciət etdik.
-Arzuxan bəy, ölkədə bələdiyyə seçkilərinə
hazırlıq necə gedir, bu proses sizi qane edirmi?
-Dekabrın
23-də ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində bu
seçkilər
sayca
dördüncü bələdiyyə seçkiləridir. Lakin təəssüf
ki, bu yerli özünüidarəetmə orqanının yaranmasından 15 il ötsə də, bələdiyyələr
hələ də özünü tam təsdiq edə bilməyib. Bu baxımdan digər seçkilərlə müqayisədə
bələdiyyə seçkilərinə maraq azdır. O ki, qaldı seçkilərə hazırlıqla bağlı məsələyə,
Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər elan olunandan bu günə kimi
prosesin gedişinə heç bir iradımız yoxdur. Yerlərdə partiya üzvlərimizdən
aldığımız məlumatlara əsasən deyə bilərəm ki, namizədliklərin irəli sürülməsi,
imza vərəqələrinin alınması, imzaların toplanması ilə əlaqədar heç bir maneə ilə
rastlaşmamışıq. Seçki prosesinin digər mərhələlərinə isə prosesin sonunda qiymətimizi
verəcəyik. Amma bütün bunlara baxmayaraq əvvəldə dediyim kimi, bələdiyyə seçkilərinə
marağın azlığı ümumilikdə ölkədə seçki ab-havasının lazımı səviyyədə olmamasına
gətirib çıxarıb. Bu isə siyasi partiya olaraq əlbəttə ki, bizi qane etmir.
Təəssüf ki, Siyasi partiyalar da bələdiyyə seçkilərinə kifayət qədər ciddi əhəmiyyət
vermirlər. Halbuki, biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, siyasi
partiyalar bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşırlar. Hesab edirəm ki, ən
azından siyasi partiyalar bu seçkiyə lazımı diqqət yetirsə, bu özü-özlüyündə
seçici fəallığına səbəb ola bilər.
-Sizcə, bələdiyyələrə maraqğın belə
olması nədən qaynaqlanır?
-Konstitusiyada və bələdiyyələr haqqında
qanunda da göstərilir ki, bələdiyyələr hakimiyyətlə vətəndaşlar arasında yerli
özünüidarəetməni tənzimləməli, yəni təmsil etdiyi əhalinin problemləri ilə
maraqlanmalı, əhatə etdiyi ərazidə infrasturukturun qurulmasını, təhsil, səhiyyə,
rabitə müəssiəslərinin, park və yolların təmir-bərpasını vaxtlı-vaxtında təmin
etməlidir.Amma statistika da
göstərir ki, bələdiyyələr əllərində olan vəsaitləri yalnız öz işçilərinin
maaşlarını verməyə xərcləyir. Ötən il işçilərinin saxlanılmasına az qala büdcəsinin
yarısını xərcləyən bələdiyyələrin siyahısında kommunal və yolların salınması xərcləri
ən son sıralarda dayanıb. Vəziyyət heç bu il də dəyişməyib.Amma bu o demək deyil ki, bələdiyyələr gəlirsiz
sahədir. Çünki bələdiyyələr həm əhalidən əmlak və torpaq vergisi toplayır, həm
də əllərində olan torpaqları icarəyə vermək, satmaqla məşquldurlar. Bu rəsmi
statistikada da açıq-aydın görünür. Ötən il bələdiyyələrin gəlirlərinin yarıdan
çoxu torpaq satışından və torpaqlarının icarəyə verilməsindən əldət olunub. Üstəlik hər
il dövlət büdcəsindən bələdiyyələrə dotasiya da ayrılır. Amma reallıq budur ki,
bələdiyyələr hətta əllərində olan bu vəsaitləri də düzgun istifadə etmirlər.
Bütün bunlar da bələdiyyələrə marağın azalmasına gətirib çıxarır və bu qurumun əhəmiyyətsizliyi
barədə fikir formalaşmasına səbəb olur.
-Siz
özünüz də bələdiyyə üzvüsünüz, kifayət qədər təcrübəniz var. Sizcə bələdiyyələrdə
nələr çatmır, yaxud da nə maneçiliklər qabağınıza çıxır?
-İlk əvvəl onu deyim ki, bu gün mövcud
bələdiyyələrdə ixtisaslı kadrlara çox böyük ehtiyac vardır. Bunun da başlıca səbəblərindən
biri yaxşı mütəxəssislərin bələdiyyələrə marağının olmamasıdır. Əlbəttə ki, bu
məsələdə bir sıra obyektiv və subyektiv amillərin rolu vardır. Eyni zamanda
maliyyə azlığı ucbatından bələdiyyələr əhali ilə işləyə bilmirlər. Bu da əhalidə
bələdiyyələrin faydasız bir qurum olması fikrini formalaşdırır. Digər məqam isə,
bələdiyyələrlə icra qurumları arasında səlahiyyət bölgüsünü tənzimləyən qanunların
olmamasıdır. Belə qanunlar olarsa, bələdiyyələrin işinə müdaxilələr də az olar
və nəticədə onlar öz seçicilərinin problemlərini lazımı səviyyədə həll edə bilərlər.
Heç şübhəsiz ki, bələdiyyələri əhəmiyyətli strukturlara çevirmək istəyiriksə bələdiyyə sistemində ciddi islahatların aparılması
qaçılmazdır. Əgər bələdiyyə qanunvericiliyində
müəyyən dəyişikliklər qəbul edilərsə, onların maliyyə imkanlarının genişləndirilməsi
istiqamətində hansısa addımlar atılarsa, bu müəyyən qədər bələdiyyələrə marağı
dəyişə bilər. O cümlədən siyasi partiyalar da bu istiqamətdə fəallıqlarını
artırmalıdır.
-AMİP bələdiyyə
seçkilərinə qoşulub, bildiyimiz qədər də bir neçə rayonda regional müşavirələr
keçirmisiz. Bu müşavirələrdən sonra qənaətiniz necə oldu?
-Hələ mart ayında AMİP
Mərkəzi Şurası bələdiyyə seçkilərində iştirakla bağlı müsbət qərarını vermişdi.
Seçkilərə rəsmi start verilməsindən bir qədər əvvəl isə AMİP Siyasi Şurasında
partiyanın iştirakı məsələsi bir daha müzakirə olunaraq yekun qərar verildi.
Bundan sonra əvvəlcə Bakı və Sumqayıt şəhər, eləcə də Abşeron rayon təşkilatlarının
fəallarının iştirakı ilə toplantılar keçirilərək partiya üzvlərinin bələdiyyə
seçkilərində iştirakı ilə bağlı müzakirələr aparıldı. Növbəti mərhələdə Partiya
rəhbərliyinin iştirakı ilə Siyəzən,
Şabran, Xaçmaz, Xudat, Quba və Qusar rayon təşkilatlarının fəalları ilə şimal
bölgəsi üzrə, Salyan, Biləsuvar, Masallı, Lənkəran, Astara və Lerik təşkilatlarının
fəalları ilə cənub bölgəsi üzrə regional müşavirələr keçirilib.Ölkənin
digər bölgələrində də regional müşavirələr keçirilməkdədir. Bu müşavirələrdə
seçki öncəsi durum və partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakı
müzakirə obyekti olub. Müşavirə iştirakçıları bir qayda olaraq yerli idarəetmə
haqqında qanunvericiliyin yetərincə işləməməsi səbəbindən yerlərdə bələdiyyələrin
nüfuzunun aşağı olduğunu və bu baxımdan həmin sahədə vəziyyətin qənaətbəxş
olmadığını vurğulamaqla yanaşı seçkilərdə iştirakın vacibliyini də qeyd edirdilər.
Nəticə etibarı ilə ölkə üzrə bələdiyyələrə marağın az olması ümumi işimizə xələl
gətirsə də Partiya üzvlərimiz yerlərdə aktiv şəkildə seçki prosesinə
qoşulublar.
-İndiyədək
nə qədər AMİP-çi bələdiyyə üzvlüyünə iddiasını ortaya qoyub?
-Dəqiq rəqəm deyə bilməyəcəyəm, çünki
aparılan müzakirələrin sonucu olaraq AMİP üzvlərinin bələdiyyə seçkilərində
partiyalılıqlarını qeyd etmək şərti ilə fərdi qaydada namizədliklərinin irəli
sürülməsi qərarına gəlinib. Bu gün də proses davam edir. Onu deyə bilərəm ki,
biz ölkə üzrə əksər bələdiyyələrdə namizədlərimizin olacağını
proqnozlaşdırmışıq.
-Müxalifətin
bələdiyyə seçkilərinə birgə yaxud da müxtəlif əməkdaşlıq formatlarında getməsinə
nə mane olurdu? Axı bələdiyyələrdə irəli süsürləcək namizədlər bir-birinə maneə
yaratmırlar, əksinə dəstək ola bilərdilər?
-Bu bizim hər birimizin ağrılı
yerimizdir. Əlbəttə ki, müxalifət partiyaları ən azından bələdiyyə seçkilərində
vahid mövqedən çıxış edərək ölkə üzrə bütün bələdiyyələrə razılaşdırılmış namizədlərini
birgə dəstəkləməklə qoşula bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycan
müxalifəti yekcins deyil. Müxtəlif yanaşmalar, yersiz ambisiyalar, qarşılıqlı
inamın olmaması və burada sadalamaq istəmədiyim onlarla səbəb var ki, buna mane
olur. Bu çox dərin kökləri olan və ayrıca olaraq ciddi müzakirə olunmasına
ehtiyacın olduğu bir məsələdir.
-Sonda,
Partiya yetkilisi olaraq ümidləriniz necədir, AMİP bu seçkidən uğurla çıxa biləcəkmi?
-Hadisələri qabaqlamaq istəmirəm. Bunu
zaman göstərəcək. Hər halda gələcəyə nikbin baxmağın tərəfdarıyam.