Şriftin ölçüsü / 831

“Bu, sonda milli-azadlıq hərəkatına çevrilərək Azərbaycana müstəqillik qazandırdı”

17 Noyabr 2014 [15:51]
"Azərbaycan 1988-ci ilin 17 noyabrında keçirilən xalq etirazından sonra çox şeyə nail oldu. Bu, Azərbaycan tarixində SSRİ kommunist rejiminə qarşı ilk genişmiqyaslı hərəkat idi”.

Bunu Modern.az saytına milli-azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib. Onun fikrincə, 17 noyabr milli dirçəliş hərəkatı milli zəmində başlayıb, sonradan demokratik hərəkata çevrilib:

"Bu, sonda milli-azadlıq hərəkatına çevrilərək Azərbaycana müstəqillik qazandırdı”.

Etibar Məmmədov qeyd edib ki, 1988-ci il noyabr ayının soyuq günlərində ölkə rəhbərliyi ilə heç bir danışıqlar aparmayıb: "O vaxt mənim rəhbərliklə heç bir əlaqəm olmayıb. Azərbaycanın rəhbərliyi ilə o vaxtkı ilk tanışlığım və təmaslarım 1989-cu ildə AXC-nin təşəbbüs qrupu yaradılarkən başlayıb”.

AMİP lideri söyləyib ki, 1989-cu il iyulun 29-da Azərbaycanda yeni nümayiş dalğası başlayandan sonra rəhbərlik müraciət edərək onlarla görüş istəyib.

1988-ci il noyabrın 17-də yüz minlərlə azərbaycanlı Ermənistanın Dağlıq Qarabağdakı təxribatlarına və SSRİ-yə qarşı etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşıb, fasiləsiz aksiyalar keçirib. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı olub.

Lakin SSRİ qüvvələri həmin ilin dekabrın əvvəllərində mitinq iştirakçılarını dağıtmağa nail olub.