Şriftin ölçüsü / 844

"AMİP məsuliyyətli siyasi təşkilatlarla birlikdə addımlar atacaq"

28 Noyabr 2014 [13:50]
Arzuxan Əlizadə: "Parlament seçkiləri növbəti 5 il üçün ölkə həyatında çox ciddi dəyişikliklərə səbəb ola bilər”

Azərbaycan Milli İstiqlal Partiyası bələdiyyə seçkilərində partiya olaraq iştirak etmir, ancaq çoxlu sayda partiya üzvləri fərdi şəkildə namizədliklərini irəli sürüblər. Bu barədə AMİP baş katibi Arzuxan Əlizadə "Yeni Müsavat”a açıqlamasında bildirib. Bələdiyyə seçkilərində bütün müxalifət partiyalarının iştirakının zəif göründüyünü qeyd edən A.Əlizadə bunun da müxtəlif səbəblərinin olduğunu dedi:

"Azərbaycan cəmiyyətində bələdiyyələrin statusu, idarəçilikdə yeri çox aşağıdır. Ona görə də bələdiyyələrə etimadı çox aşağı salır. Siyasi partiyalar da təəssüflər olsun ki, bundan çıxış edərək bələdiyyə seçkilərinə maraq göstərmirlər.

AMİP də digər müxalifət partiyaları kimi 23 dekabr bələdiyyə seçkilərində partiya şəklində iştirak etməmək qərarı verdi və üzvlərinə sərbəstlik verdi. Partiya şəklində seçkiyə qatılmaq üçün çox mürəkkəb prosedurlar nəzərdə tutulur. Bu səbəbdən hesab etdik ki, seçkilərə partiya şəklində qatılmayaq, partiya üzvləri fərdi şəkildə seçkidə iştirak etsin. Açığını deyim ki, partiya üzvlərinin yerlərdə bələdiyyə seçkilərində iştirakla bağlı həvəsi yox idi. Bu həm də seçkilərin demokratik keçiriləcəyinə inamsızlıqla bağlıdır. Çox az sayda partiya üzvləri seçkilərdə iştirakda həvəsli görünürdülər.

Ancaq yekun olaraq əksər bələdiyyələrə AMİP üzvlərindən namizədliyini irəli sürənlər var. Yerlərdən aldığımız məlumatlar bunu deməyə əsas yardır. Noyabrın 22-də namizədliyin irəli sürülməsi rəsmən başa çatıb. Hazırda namizədlərin qeydiyyatı prosesi gedir. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra dəqiqləşdiriləcək ki, AMİP-in neçə üzvünün namizədliyi qeydə alınıb. Biz həmin rəqəmləri ictimaiyyətə açıqlayacağıq. İndiyə qədər qeydə alınan AMİP üzvləri var".

A.Əlizadə 2015-ci il parlament seçkilərinin məsuliyyətli müxalifət partiyalarının əməkdaşlığı üçün yaxşı imkan olduğundan danışdı və bildirdi ki, AMİP əməkdaşlıq istiqamətində addımlar atacaq: "2015-ci il parlament seçkiləri növbəti 5 il üçün ölkə həyatında çox ciddi dəyişikliklərə səbəb ola biləcək seçkilərdir. Bu səbəbdən də mən hesab edirəm ki, ölkədə siyasi həyata təsir etmək gücündə olan bütün siyasi təşkilatların vəzifə borcudur ki, seçkilər öncəsi ölkədə normal demokratik seçki mühitinin yaradılması üçün birgə fəaliyyət göstərsinlər.

İlk növbədə ölkədə normal demokratik seçki mühitinin yaradılması üçün siyasi partiyalar birlikdə hərəkət etməlidir, bu istiqamətdə birlik də yaradılması vacibdir. Ölkənin gələcəyi üçün məsuliyyət daşıyanlar bunu özlərinin borcu hesab etməlidirlər. Bu mənada AMİP də 2015-ci ildə ölkədə fəaliyyət göstərən və siyasi həyata təsir edə bilən bütün müxalifət təşkilatları ilə əməkdaşlıq qurmaq istiqamətində fəaliyyətə başlayacaq. Ümid edirəm ki, bu əməkdaşlıq yüksək səviyyədə reallaşacaq.

Belə bir əməkdaşlığın parlament seçkilərində vahid blok şəklində iştirakla nəticələnib-nəticələnməyəcəyi isə sonrakı mərhələnin məsələsidir. Şəxsən mən hesab edirəm ki, bu məsələdə də uğura imza atmaq mümkün olacaq. Parlament seçkilərində birgə iştirakla bağlı AMİP məsuliyyətli siyasi təşkilatlarla birlikdə addımlar atacaq və məndə bunun uğur qazanacağına inam var”.

A.Əlizadə onu da dedi ki, AMİP-in fəaliyyətinə ən ciddi problem mərkəzi qərargahın olmamasıdır: "2001-ci ildə Milli İstiqlal Partiyasının mərkəzi qərargahı əlindən alındı. Əvəzində bir neçə yararsız yerlər təklif olundu. Sonra isə heç bir yer təklif olunmayıb. Partiya bir neçə dəfə müvafiq dövlət orqanlarına qərargah ayrılması üçün müraciət edib. Ancaq nəticə yoxdur. Ona görə də artıq AMİP 2001-ci ildən Nəsimi rayon təşkilatımızın qərargahında yerləşir. Rəhbərlik, partiyanın aparatı orada oturur. Daha çox partiya üzvlərini əhatə eləməyən toplantılarımız burada keçirilir.

Ancaq partiyanın ayrıca mərkəzi qərargahının yoxluğu çox ciddi problemlər yaradır. Məsələn, Mərkəzi Şuranın 3 aydan bir keçirilməli olan iclaslarını Nəsimi rayon təşkilatının ofisində keçirmək mümkün deyil. Ona görə də biz hər dəfə müxtəlif ünvanlarda böyük zal kirayəyə götürməli oluruq. Kirayə götürülən yerlərdə vaxt məhdudiyyəti olur. Eyni zamanda partiya hər dəfə maliyyə itkisi ilə qarşılaşmalı olur. Bəzən isə KXCP-nin, ADP-nin, VHP-nin qərargahında toplantılarımızı keçirmişik. Belə bir durum partiyanın fəaliyyətinə ciddi təsir göstərir”.

Etibar SEYİDAĞA