Şriftin ölçüsü / 632

"Bu problemdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunur"

08 Dekabr 2014 [16:35]

Roma Papası və Rusiya prezidentinin Türkiyə səfərindən sonra Ermənistanla sərhədlərin açılması məsələsi yenidən aktuallaşıb. Hətta Türkiyədə fəaliyyət göstərən bir çox QHT-lər və KİV-lər də bu təşəbbüsə qoşulub. Bəs görəsən indiki halda Ermənistanla sərhədlərin açılması nə dərəcədə mümkündür və bu rəsmi Ankaraya hansı dividenti gətirər. Bu və ya digər məsələlərlə bağlı AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevə müraciət etdik.

-Elşən bəy, Roma papası və Kreml rəhbərinin Türkiyəyə səfərindən sonra Ermənistanla sərhədlərin açılması məsələsi yenidən aktuallaşdı. Sizcə, rəsmi Ankara sərhədlərin açılmasına maraqlı görünəcəkmi?

-Əvvəlcə 90-cı illərdə Türkiyənin Ermənistanla sərhədləri bağlaması səbəblərini xatırlayaq. Həmin vaxt Türkiyə sərhədlərin bağlanmasını bir neçə şərtlərlə əsaslandırmışdı ki, onlardan biri Ermənistanın qondarma soyqırım iddialarından əl çəkməsi, digəri isə Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsi idi. Orada digər şərtlər də var idi ki, mən daha əsaslarını qeyd etdim. İndi baxaq ki, o illərdən bu günə nə dəyişib? Soyqırım iddialarından əl çəkilibmı? Ya da Qarabağın işğal olunmuş torpaqları qaytarılıbmı? Yox. Belə olan halda sərhədlərin açılmasına təkan verəcək hər hansı başqa səbəb olmalıdır ki, mən onu görmürəm. Roma Papasının Türkiyəyə səfəri zamanı bu istiqamətdə fikirlərini bildirməsi də əsas vermir ki, Türkiyə hökuməti buna gedecək. Rusiya prezidenti Putinin səfəri isə konkret olaraq bir istiqamətə hədəflənib ki, bu hədəf də Rusiyanın indiki durumu çərçivəsindən kənara çıxmır. Yəni Putin bu gün elə vəziyyətdə deyil ki, Ermənistan Türkiyə münasibətlərində vasitəçiliyi üzərinə götürsün. Bizə məlum olan informasiyalardan da görünür ki, Putinin Türkiyə səfəri ona qarşı olan iqtisadi sanksyalardan dolayı yeni imkanlar axtarışı idi. Nəticə olaraq Türkiyə ilə yeni qaz xəttinin razılaşdırılması oldu ki, bunun da kimə daha çox xeyir verəcəyi bir ayrı mövzudur. Düşünürəm ki, dediyiniz hər iki səfərin gedişatında bu məsələ ilə bağlı müzakirələr olubsa da, rəsmi Ankaranın bunda nə dərəcədə maraqlı olduğunu da ölçmək çətindir.

-Sizcə, Qərbin ciddi cəhdlə sərhədləri açmaq istəyinin arxasında nə dayanır?

-Ümumiyyətlə bu günə kimi Qərb dövlətlərinin sərhədləri açmaq istəyinin arxasında bir neçə faktor dayanıb. Onlardan biri həmin ölkələrin bəzilərinin hakimiyyətlərinin erməni lobbisindən asılılığıdırsa, digəri isə əksər dövlətlərin bu faktordan istifadə edərək Türkiyəyə qarşı təzyiq etməsidir. Onlar gözəl bilirlər ki, Ermənistan ən azı rəsmi olaraq soyqırım iddiasından əl çəkməsə bu münasibətlərin normal məcraya yönəlməsi çətindir. Və buna görə də bu problemdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Bir növ regionun böyük bir dövlətinin erməni və kürd məsələsi ilə pressinq altında saxlanılmasına cəhdlər göstərilir.

-Türkiyə qondarma soyqırımın 100 illiyi ərəfəsində özünü beynəlxalq tənələrdən qurtarmaq üçün belə bir addım ata bilərmi?

-Bu gün bu barədə dəqiq bir söz demək çətindir. İnanmaq istəyirəm ki, Türkiyə hökuməti şərtlərindən imtina edərək sərhədləri açmayacaq. Soyqırımı tanımayan bir dövlət onun qondarma ildönümlərini də tanımamalıdır. Bu günə kimi onlarla dövlətin parlamenti qondarma erməni soyqırımını tanıyıb və bu qərarlar kağız üstündə qalıb. Ondan Türkiyəyə qarşı hər hansı təzyiq vasitəsi kimi istifadə də edə bilməyiblər. Amma bu gün sərhədləri açan dövlətə bir müddət sonra çox rahatlıqla soyqırımı da tanıtdıracaqlar. Nəzəri olaraq deyirəm ki, belə bir hadisə olarsa bu qərarı verən hakimiyyətin adı Türkiyə tarixinə burada demək istəmədiyim damğa ilə düşə bilər. Bunu da tarixinə, dövlətinə, millətinə və nəhayət özünə hörmət edən hakimiyyətlər etməz.

-Sərhədlərin açılması Türkiyə və Ermənistana hansı dividenti gətirəcək?

-Sərhədlərin acılmasının Türkiyəyə heç bir xeyri olmayacaq. Əgər beynəlxaq təşkilatların, dövlətlərin bu addıma görə sağ ol deyəcəklərini kimsə xeyir adlandıracaqsa yanılır. Söhbət gələcəkdə beynəlxaq basqıların olmayacağından gedərsə duşünurəm ki, hər hansı basqı etmək istəyən bir başqa səbəb də tapacaq. Eyni zamanda sərhədlər açılarsa türk vətəndaşlarının bu məsələyə verəcəyi kəskin reaksiyını da unutmaq olmaz. Hələ Azərbaycanın reaksiyasını demirəm. Qazanan isə Ermənistan olacaq. Çünki iqtisadi, demoqrafik böhran yaşayan Ermənistan qisa zamanda indiki durumunu düzəldə bilər və iddialarını daha da artıra bilər. Bir də ki açıq şəkildə prezident səviyyəsində Türkiyəyə qarşı ərazi iddiası irəli sürən bir dövləti gücləndirməkmi lazımdır yoxsa bu iddialarından əl çəkənə qədər sıxmaqmı?

-Bəs Azərbaycan bundan uduzduğu nə ola bilər?

-Mən bir daha təkrar edirəm ki, əsas şərtlər yerinə yetirilməsə sərhədlərin açılacağına inanmıram. Amma sözsüz ki, Azərbaycanın iradəsindən kənar, onunla razılaşmadan məsləhətləşmədən belə bir addımın atılması ilk növbədə iki qardaş dövlət arasında dərin bir çat yaradar. Türk xalqının bu məsələyə münasibəti məlumdur. Bu gün insanlarımızın bir-biri ilə qarışması bir yana iqtisadi cəhətdən Azərbaycan Türkiyə ilə böyük iqtisadi əlaqələrə malikdir. Kiçik bir ölkə olaraq böyük Türkiyəyə etdiyimiz jestlər, qoyduğumuz sərmayələr, eyni zamanda onların bizə indiyə qədər etdikləri müxtəlif yardımlar heçə ketməməlidir. Təbii ki, biz bir-birimizi itirə bilmərik, bu hər ikimizə ziyandır.

-Sərhədlərin açılması Qarabağ probleminə hansı mənfi və ya müsbət təsir göstərə bilər?

-Dağlıq Qarabağ problemi həll olmadan sərhədlərin açılması problemin həllini daha da geriyə ata biər. O zaman bu illər boyunca sərhədlərin bağlanması nəyə lazım idi? Bu gün nə qədər gizlətməyə çalışsalar da Ermənistanda Qarabağ probleminin tezliklə həll olmasını istəyən insanların sayı günü gündən artır. Onlar bunu ədalətin bərpa olunması üçün istəmirlər. Sadəcə iqisadi cəhətdən dilənçi halında yaşayırlar və başa düşürlər ki, bu hala düşmələrinin əsas səbəblərindən biri də bizimlə düşmənçilikləridir. Dağlıq Qarabağın, işğal olunmuş digər torpaqlarımızın onlarda olması həyatlarını nəinki yaxşılaşdırıb, əksinə dözülməz edib. Təsəvvür edin belə bir zamanda onlara əlavə nəfəs verəndə, iqtisadi güclərini artırmaq üçün şərait yaradanda kim uduzacaq? Tək bizmi? Düşünürəm bunda həm də Türkiyə uduzacaq. Bütün gəzən söhbətlərə, ayrı ayrı dövlətlərin bunu istəmələrinə baxmayaraq inanıram ki, bu məsələdə Azərbaycan və Türkiyə bir-biri ilə razılaşdırılmış addımlar atacaq və bu addımlar hər iki xalqın ürəyincə olacaq./Olaylar/




Millət