Şriftin ölçüsü / 872

Dövlətin idarə olunmasında və qərarların qəbulunda partiyalar iştirak etmir.

15 Dekabr 2014 [12:34]
Əli Orucov: "Seçkilərdən kənarda qalan partiyalar öz gücünü və nüfuzunu günbəgün itirir, sıraları seyrəkləşir”

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun "Millətim” qəzetinə müsahibəsi:

-Əli bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir, AMİP-in seçkiyə hazırlıq prosesi necə gedir?

-Bildiyiniz kimi bələdiyyə seçkilərinə artıq start verilib. Namizədlərin qeydiyyata alınması mərhələsi də başa çatmaq üzrədir. AMİP bu seçkiyə fəal başladı. Hələ ilin əvvəllərində keçirilən Mərkəzi Şuranın toplantısında bələdiyyə seçkilərinə xüsusi yer ayrılmış, bununla bağlı müvafiq qərarlar və tapşırıqlar verilmişdir. Seçkilərə rəsmən start verilməmişdən öncə isə partiyanın rayon təşkilatlarını əhatə edən regional müşavirələr keçirilmişdir. Həmin müşavirələrdə partiyanın sədri Yusif Bağırzadə olmaqla partiya yetkililəri də iştirak etmişlər. Burada məqsəd həm rəhbərliklə təmasların artırılması, həm vəziyyətlə yerində tanışlıq, həm də müvafiq təlimatların və tapşırıqların birbaşa çatdırılması idi. Eyni zamanda yerli təşkilatların, partiya üzvlərinin, həmçinin də əhalinin bələdiyyə seçkilərinə münasibətini, hazırlıq işlərinin vəziyyətini öyrənmək idi. Yerlərdəki vəziyyətlə tanışlıq atılacaq sonrakı addımların dərindən təhlil edilməsi baxımından çox vacib idi. Məhz bunu nəticəsi idi ki, seçkilər başlanandan partiya ilk mərhələni uğurla keçdi. Namizədlərin topladıqları imzalarda və onların qeydiyyatında hər hansı bir cidd problem yaşanmadı. Hakimiyyətin özü də belə bir problem yaratmadı. İlkin mərhələdə iqtidar verdiyi sözü tutaraq seçki prosesinə müdaxilə etmədi. Sərbəstlik və münbit şərait yaratdı. Əslində bu davranış iqtidara da sərf etdiyindən, hər hansı kobud qanun pozuntularına əl atılmadı.
Qabaqda isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası gəlir. Doğrudur, bələdiyyələrə və bələdiyyə seçkilərinə maraq az olduğundan həm namizədlərin irəli sürülməsi, həm də əhalinin prosesə fəal qoşulması xeyli enerji itkisi deməkdir. Təbliğat-təşviqat kampaniyasının da bu baxımdan asan keçməyəcəyi düşüncəsindəyəm.

-AMİP-dən fərqli olaraq bir çox müxalifət partiyaları seçki prosesindən kənarda qaldı. Sizcə, siyasi partiyanın ölkədə keçirilən bu və ya digər seçkidən kənarda qalması nə dərəcədə normaldır?


-Seçkilər demokratiyanın əlifbasıdır. Əlifbanı öyrənmədən və bunu diqqətə almadan hansısa demokratik uğura imza atılması inanılmazdır. Bütün problemin həlli də məhz seçkilərdən birbaşa asılıdır. Xalqın iradəsinə, seçicinin rəyinə əsaslanmadan uğur qazanmaq, qarşıya qoyulan hədəflərə çatmaq mümkün deyil. AMİP Azərbaycanda hakimiyyətə demokratik yolla gəlmək iradəsini ortaya qoyan ilk siyasi təşkilatdır. Bu partiya hesab edib ki, ölkədə köklü dəyişiklərə və demokratik dəyərlərin inkişafına gedən yol məhz seçkilərdən keçir. Ona görə də AMİP ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak edib və uğurlara da imza atıb. Azərbaycanda seçki təcrübəsi AMİP qədər zəngin olan ikinci partiya mən tanımıram.
Seçkilərdə iştirak etməyən siyasi təşkilatlar hər şeydən əvvəl özlərini tədric vəziyyətə salır. Müxalifətin təbliğat imkanlarının və xüsusən elektron KİV-lərə çıxışının məhdudluğunu, eləcə də əhali ilə birbaşa təmasların yaranmasının çətinliyini nəzərə alaraq seçki kampaniyası ən əlverişli fürsətdir. Ən vacibi isə, bələdiyyə seçkiləri partiyaların həmişə formada olması üçün məşq və mübarizə meydanıdır. Ancaq seçkilər vasitəsi ilə partiyanın gücünü, nüfuzunu, onun cəmiyyətdəki mövqeyini, stabil elektoratını müəyyənləşdirmək mümkündür. Eyni zamanda buraxılan səhvlərin, yanlışlıqların zəif tərəflərin aşkarlanması da məhz seçkilər vasitəsi ilə ortaya çıxarılır. Bunlar isə həm cəmiyyətin, həm də partiyanın dinamik inkişafına müstəsna xidmət göstərən amillərdir.

Doğrudur, Azərbaycanda keçirilən seçkilərdə yuxarda sadaladığım məsələləri həyata keçirmək alınmır. Çünki seçkilərə hakimiyyətin kobud müdaxiləsi, saxtalaşdırma, seçicilərin inamsızlığı real nəticələrə öz mənfi təsirini göstərir. Amma nəzərə almaq lazımdır ki, ölkədə demokratik mühitin yaradılması həm də müxalifətin üzərinə düşür. Gözləmək lazım deyil ki, kimsə gəlib bizim yerimizə demokratik və şəffaf seçki keçirəcək. Yaxud da, bunu hakimiyyətin ümidinə buraxmaq da sadəlövhlük olardı. Seçkilərə nə qədər seçicinin cəlb edilməsi bir o qədər də saxtakarlıq hallarının qarşısını alınmasını asanlaşdırar. Seçkidən kənarda qalmaq, yaxud da baykot çıxış yolu deyil, əksinə hakimiyyətə geniş imkan yaratmaqdır. Təcrübə də sübut edib ki, seçkilərdən kənarda qalan partiyalar öz gücünü və nüfuzunu günbəgün itirir, sıraları seyrəkləşir.

-Bələdiyyə seçkiləri gələn il keçiriləcək parlament seçkilərinə daha təkmil hazırlaşmaq baxımından AMİP üçün nə dərəcədə önəmli olacaq?

-İnkişaf etmiş cəmiyyətlərdə bələdiyyə seçkiləri daha üstün mövqeyə malikdir. Hətta bu seçkilərin önəmi parlament və prezident seçkilərindən artıqdır. Siyasi partiyalar yerlərdə möhkəmlənməyi həm də ona görə üstün tütürlar ki, bələdiyyələrdə əhalinin bütün təbəqələri ilə ilə birbaşa təmas və işləmək imkanları asanlaşır. Məhz bələdiyyələrin vasitəsi ilə yerlərdəki problemləri, spessifik xüsusiyyətləri, əhalinin istək və təlabatlarını öyrənmək və bunun həllinə nail olmaq bir qədər asanlaşır. Yerlərdə hakimiyyətə gəlmək partiyaların ali siyasi hakimiyyətin ələ alınmasına gedən yolu açır. Partiyalar həm də tramplin rolu oynayan bələdiyyə seçkilərində özlərinin gücünü və imkanlarını yoxlayır. Gələcək seçkilərə hazırlıq işlərində bu amillər nəzərdən yenidən keçirilir və təhlillər aparılır ki, buraxılan səhvlər təkarar olunmasın. Təsadüfi deyil ki, demokratik ölkələrdə hər bələdiyyə uğrunda ölüm-dirim mücadiləsi verilir. Uzağa getməyək, bu ilin martın 30-da qonşu Türkiyədə keçirilən bələdiyyə seçkilərində siyasi partiyaların bələdiyyəri qazanmaq üçün apardıqları mübarizəni xatırlayaq. Hər bir səs, hər bir seçici seçkinin bilavasitə sonluğunu tamam dəyişirdi. Türkiyədə Ərdoğanın rəhbərliyi ilə 2002-ci ildən iqtidarda olan Ədalət və İnkişaf Partiyasının da hakimiyyətə gəlməsi məhz bələdiyyələrdən başlayıb. Ona görə də mən bələdiyyə seçkilərinin əhəmiyyətini kiçildənlərın və onun dəyərini azaldanların tam əleyhinəyəm. Bunu isbatlamaq üçün bu kimi kifayət qədər arqumentlər gətirə bilərəm. Ancaq onu da deməliyəm ki, Azərbaycanda bələdiyylərin özünü doğrultmasına bilərəkdən imkan verilmədi. Demokratiyanın vacib institutlarından biri olan bələdiyyələr cəmiyyətdə əks imic qazandı. Bu institutun dayaqlanması və möhkəmlənməsi, yerli idarəetməyə çevrilməsinə maneçilik törədildi. Nəticədə, bələdiyyələr "torpaqsatan”, "tullantı pulu” yığan və s. bu kimi neqativ qurum kimi tanındı. Bu gün bələdiyyələrin nüfuzu və səlahiyyətləri "JEK”-lər və icra nümayəndəlikləri qədər də yoxdur. Bu qurumun nə maliyyəsi var, nə də maliyyə mənbələri. Halbuki bələdiyyələrin mülkiyyətində və nəzrətində müxtəlf mülkiyyət və yardımçı qurumlar olmalıdır ki, seçildiyi ərazinin təsərrüfatı ilə, sosial-iqtisadi problemlərinin həlli və infrasrtukturun inkişafı ilə məşğul ola bilsin. Maliyyə və iqtisadi mexanizmlər, eləcə də müəyyən səlahiyyətlər olmadan bələdiyyələrin inkişafından və fəaliyyət qabiliyyətindən danışmaq yersiz olardı.

Görünən odur ki, hakimiyyət seçkili qurumların inkişafına və cəmiyyətdə mövqe tutmasına maraqlı deyil. Çünki sərt şaquli tabeçilik və mərkəzləşdirilmiş idarəetmə forması daha rahat və idarəediləndir. Hesabatlılıq olmayanda şəfaflıq da olmur. Xalqa hesabatlılıq olmayanda da özbaşınalıq, anarxiya, qanusuzluqlar, qorxu, talançılıq höküm sürür. AMİP bu kimi təhlükəli halların qarşısını almaq üçün seçkili qurumların fəliyyətinin gücləndirilməsi, onlara şərait yaradılmasını vacib sayıb. Bütün bunlar partiyanın Məramnaməsində, proqramında və platformasında öz əksini tapıb. Biz inkişaf etmiş dövlətlərin, o cümlədən qardaş Türkiyənin təcrübəsini nəzərə alaraq dəfələrlə təklif etmişik ki, böyük bələdiyyələr yaradılsın. Təkliflərimizdə həmçinin irəli sürmüşük ki, Bakıda Böyük Şəhər Bələdiyyəsi yaradılsın və hakimiyyət və şəhər təsərrüfatının idarəçiliyi həmin bələdiyyəyə verilsin. Təəssüflər olsun ki, hakimiyyət bu təklif və tələbimizə hələ də məhəl qoymayaraq bu boyda çoxmilyonlu şəhəri, şəhər təsərrüfatını bir nəfərə həvalə edib. Həmin o bir nəfər-Hacıbala Abutalıbov da şəhər sakinlərinə hesabat vermədən, onların təklif və rəylərinə məhəl qoymadan, etirazlarını və şikayətlərini dinləmədən ağlının kəsdiyini edir.

AMİP-in diğər müxalif partiyalardan fərqli özəlliyi ondan ibarətdir ki, illər ərzində hakimiyyətlərin davamlı basqılarına və repressiyalarına baxmayaraq, cəmiyyətə və ictimai rəyə təsirini saxlayır. Partiyanın yerli strukrurları dağılmayıb. Stabil elektorata sahibdir. Yetişmiş və təcrübəli kadrları var və ən çətin sınaqlardan çıxaraq uzun siyasi bir yol keçib. Bu partiyanın üstünlüklərindən biri də odur ki, güclü beynəlxalq əlaqələri var. Bütün bunların hamısına Etibar Məmmədovun rəhbərliyi ilə nail olunubdur. Sadaladığım və sadalaya bilmədiyim digər amillər imkan verir ki, AMİP 2015-ci ildə keçiriləcək Parlament seçkilərində daha bir uğura imza atsın.
Şübhəsiz ki, bələdiyyə seçkiləri partiyanın parlament seçkilərdində hazırlıqlı olmasında və nəticələr əldə etməsində mühüm rol oynayacaq. Fikrimcə, bələdiyyə seçkilərindən dərhal sonra partiya parlament seçkilərinə star verməli, əsas məsələlər seçkilərə start verilənə qədər öz həllini tapmalıdır ki, həm də vaxt iktisinə yol verilməsin və görülən işlər, çəkilən zəhmət hədər getməsin.

-Partiya olaraq bələdiyyə seçkilərində hədəfiniz nədir?

-Mən və əqidədaşlarım reallıqları nəzrə almadan, pafoslu çıxışlar etməyi xoşlamırıq. Bizim üçün bu seçkilərdə hansısa yer tutmaq deyil, ölkədə demokratiya və fundamental azadlıqlar uğrunda və bu azadlıqların əsas tərkib hissəsi olan seçkilərə tövhəmizi vermək, öncül mövqeyimizi daha da möhkəmləndirməkdir. Məqsədimiz seçkilərə gücümüz, imkanlarımız və səlahiyyətlərimiz çərçivəsində mane olanların qarşısını almaq, insanlarda inam yaratmaq, seçkilərə və seçkili qurumlara pozitiv yanaşmaya nail olmaqdır. Bu gün Azərbaycan cəmiyyətində çatışmayan başlıca hal, seçkiyə əks düşərgələr də daxil olmaqla münasibətin sivil normalara çatdırılmasıdır. Elə bir səviyyəyə çatdırmaq lazımdır ki, heç kəsin seçkiyə şübhəsi və inamsızlığı qalmasın, demokratik dəyərlər öz hörmətli yerini tapmış olsun. Bunlarla bahəm təbii ki, bələdiyyələrdə daha çox yer qazanmaq, partiyanın növbəti seçkilərə hazırlığına stimul vermək də hədəflərimiz daxilindədir. Ümid edirəm ki, bu hədəflərə çata biləcəyik.

-Hazırkı situasiyada müxalifət düşərgəsinin durumunu necə qiymətləndirirsiniz?

-Nə yazıqlar ki, illərlə müxalifətə qarşı sistemli və davamlı təzyiqlər, sıxışdırmalar, maddi və iqtisadi blokada, hətta mən buna sanksiya da deyərdim, Azərbaycanda yenicə formalaşmaqda olan çoxpartiyalı siyasi sistemin sütunlarını ciddi surətdə zədələdi. Bu gün Azərbaycanda siyasi partiyaların rolu demək olar ki, sıfra yaxındır. Dövlətin idarə olunmasında və qərarların qəbulunda partiyalar iştirak etmir. Vəziyyət o qədər tündləşib ki, hakim partiya adlnadırılan YAP da kənarda qalıb. Siyasi sitemin partiyasızlaşdırılması çox dərin problemlərə və ciddi təhlükələrə rəvac verir. Formal olaraq Azərbaycanda siyasi təşkilatlar və çox qütblü siyasi sistem var. Amma mərkəzləşdirilmiş idarəçilik və şişirdilmiş bürokratik icra strukturu imkan vermir ki, partiyalar, eləcə də, demokratik cəmiyyətin digər institutları öz funksiyalarını yerinə yetirə bilsinlər. Ona görə də bu gün siyasi sistemimizdə partiların mövqeyi arxa plana keçirilib. Acınacalı durum təkcə müxalifət düşərgəsinə aid deyil. Lakin etiraf olunmalıdır ki, qeyri-iqtidar düşərgəsi daha zəif, dağınıq, pərakəndə, lüteranlaşmış duruma salınıb. Vaxtilə hakimiyyətə iddialı və hakimiyyətdə olan partiyalar indi 1-2 deputat mandatından ötrü hansı oyunlardan çıxırlar, bir Allah bilir.

İqtidar yetkililəri "Azərbaycanda müxalifət yoxdur" fikirlərini iftixarla tez-tez səsləndirirlər. Bu bunəvalar daha anlamırlar ki, əvvəla, Azərbaycanda müxalifət var, ikicisi də müxalifətin olmaması o anlamı verir ki, ölkədə avtokratik rejim var. Belə rejimlər isə bəşəriyyətə təhlükə sayılır.

Fikrimcə, hakimiyyət əslində güclü müxalifətin olmasına maraqlı olmalıdır. Çünki güclü müxalifətin olması güclü iqtidar deməkdir. Əsil idmançı zəif rəqiblə mübarizəni özünə rəva bilmədiyi kimi güclü iqtidar da zəiflədilmiş, varlığını zorla saxlayan müxalifətlə baş-başa verməyi uyğun görməz. Belə mübarizə və "qəhrəmanlıq” La Mançalı Don Kixotun yel dəyirmanları ilə vuruşmağına bənzəyərdi.

Siyasi müxalifətin zəif duruma salınması həm də vətəndaşların hakimiyyətə nəzarət və dövlətin dolayısı ilə idarəcilik imkanlarından mərhum edir. Soial təbəqlər arasında rabitə itirilir, cəmiyyətdə radikallaşma meylləri artır. Bu təhlükə nə yazıqlar ki, Azərbaycanda getdikcə daha qorxunc olur. Hesab edirəm ki, bələdiyyə və qarşıdan gələn parlament seçkiləri bu gərginliyin yumşaldılmasına bir vəsilə ola bilər.

-Müsavatda baş verənlər sizcə, bu partiyanı hara aparır?


-Müsavatda baş verənləri bu partiyanın daxili işi hesab edirəm. Müsavatçılardan fərqli olaraq biz diğər partiyanın daxilində gedən proseslərə müdaxiləni etik hesab etmirik. Halbuki Müasavat əlinə düşən fürsəti nəinki qaçırmayıb, hətta, açıq-aşıkar körükləyib də. Amma bir vətəndaş olaraq kənardan seyr edəndə bu partiyanın daxilində heç hər şeyin öz axarında getmədiyini görmək mümkündür. Düşünürəm ki, Müsavat partiyası xüsusən də seçki məsələsində və seçkidədən sonra daxili narazılıqların yatırılmasında mövcud iqtidar kimi davranmamlıydı. Bütün bu olanlardan sonra onlar kimə və necə sübut edəcəklər ki, onların iqtidardan müsbət mənada fəqri var? Mən Azərbaycan müxalifət düşərgəsinin daha da zəifləməsini istəməzdim. Ancaq mənim istəyimdən asılı olmayaraq Müsavat Partiyasına narazılğın və tamam çökmənin, bu partiyanın tamam sıradan çıxmasının qarşısının alınması artqı bu partiyanın imkanları xaricindədir. Amma hakimiyyət müəyyən məsələləri, o cümlədən müxalifətdaxili məsələləri nəzərə alaraq Müsavat Partiyasının bütünlükdə iflasına və dağılmasına imkan verməyəcək.

Söhbətləşdi: Nizami


Millət