Şriftin ölçüsü / 601

"Separatçının yaxşısı, pisi olmur"

17 Dekabr 2014 [14:25]
ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə Bakı ilə razılaşdırmadan birbaşa yardım ayırır. Həmçinin, Birləşmiş Ştatlar Ukraynada, Moldovada, Gürcüstanda separatçıları cinayətkar adlandıraraq onlara viza vermir. Ancaq bundan fərqli olaraq erməni separatçılarına ABŞ-a viza verərək onlara marafon təşkil etməyə imkan yaradır.

Artıq neçə ildir bu cür marafonlar təşkil edilməsi bir ənənə halını alıb. Halbuki, Ukraynanın şərqindəki separatçıların liderini Vaşinqtona dəvət etmək heç bir amerikalı rəsminin, diplomatın və ya konqresmenin ağlına gəlməz. Ancaq Dağlıq Qarabağ separatçılarının liderinə Vaşinqtonda xüsusi qəbul təşkil olunur və buna müxtəlif ad verilir. Donetsk separatçıları, erməni separatçılarından fərqli olaraq öz yaşadıqları ərazilərdən başqa rayonları işğal etməyiblər, etnik təmizləmə həyata keçirməyiblər. Görünən odur ki, Qərb açıq şəkildə separatçılar arasında fərq qoyur. Dəfələrlə Azərbaycan tərəfi rəsmi Vaşinqtonun bu hərəkətinə mane olmağa çalışsa da, bunun bir effekti olmayıb. Baxmayaraq ki, Dövlət Departamenti istəsəydi, Dağlıq Qarabağ separatçılarının Vaşinqtona dəvətinə mane ola bilərdi.

Digər tərəfdən, Obama administrasiyası ötən il Azərbaycan üçün 16,3 milyon dollar, Ermənistan üçün isə 36,6 milyon dollar ayrılması xahişi ilə Konqresə müraciət etmişdi. Öz növbəsində, Erməni Milli Komitəsinin nümayəndəsi Alt Komitəyə ötən il Dağlıq Qarabağ separatçılarına ayrılmış 5 milyon dollar həcmində yardıma görə təşəkkür edib və Ermənistana ən azı 50 milyon dollar ayırmağı xahiş edib.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu cür yanaşma Azərbaycana qarşı ədalətsiz münasibətin göstəricisidir: "Təəssüfülər olsun ki, ABŞ, Fransa kimi dövlətlərin timsalında erməni separatçılarına münasibətdə bu cür xoşagəlməz yanaşmaların tez-tez şahidi oluruq. Düzdür, ABŞ dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağdakı separatçı quruma göstərilən maliyyə yardımı humanitar xarakterlidir. Yəni bu digər məna daşımır. Ancaq görünən odur ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı separatçılara postsovet ölkələrindəki digər separatçılarla müqayisədə daha yumşaq yanaşır. Nəzərə alsaq ki, Azərbaycan mühüm geosiyasi məkanda yerləşir və Qərbin enerji layihələrinin həyata keçirilməsini dəstəkləyir, o baxımdan sərgilənən belə mövqe təəssüf doğurmaya bilməz. Hesab edirəm ki, bütün çətinliklərə rəğmən, bu istiqamətdə fəal diplomatik siyasət yeridilməlidir. İstər dövlət, istərsə də diaspor qurumları səviyyəsində səyləri birləşdirərək bunun qarşısını almaq lazımdır. Separatçının yaxşısı, pisi olmur. Erməni separatçılarına bu cür şəraitin yaradılması onları daha da şirnikləndirə bilər".//Bakı Xəbər/

Vidadi ORDAHALLI


Millət