Şriftin ölçüsü / 652

Yola salacağımız il AMİP üçün uğurlu il olub

19 Dekabr 2014 [18:58]
2014-cü ilin başa çatmasına sayılı günlər qalıb. Tarixə qovuşmaq üzrə olan bu ilin Azərbaycanda siyasi baxımdan sakit keçdiyi məlumdur. Müxalifət partiyalarının ili necə yekunlaşdırdığını öyrənmək üçün onların bir neçəsi ilə əlaqə saxladıq.

AMİP katibi Elşən Mustafayev təmsil etdiyi partiyanın 2014-cü ildə əsasən beynəlxalq əlaqələrdə uğurlarının olduğunu bildirdi: "2014-cü il AMİP-in beynəlxalq əlaqələrində uğurlar olan ildir. AMİP Avropa Xalq Partiyasına uzun müddətdir üzv olmaq istəyir və üzvlüyün rəsmiləşməsi üçün bu il mühüm addımlar atılıb. 2015-ci ildə üzvlük rəsmiləşəcək. Belə bir mötəbər tribunada Azərbaycandan hələ heç bir partiya təmsil olunmur. İlk təmsil olunan partiya AMİP olacaq. Partiyamızın lideri Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqında növbəti müddətə müavin seçildi. Bu da 2014-cü ildə uğurlarımızdan biridir.

Daxili siyasətdə isə 2014-cü ili 2013-cü ildən daha zəif, daha durğunluq dövrü kimi xarakterizə edə bilərik. Hesab edirəm ki, bunu bütün siyasi partiyalara aid etmək olar. 2014-cü il ərzində ölkə əhəmiyyətli heç bir böyük siyasi tədbirlər, proseslər olmayıb. Ölkədə siyasi aktivliyin, prosesin olmaması AMİP-in və digər partiyaların da siyasi fəaliyyətinə təsirini göstərib. Adətən həmişə prezident seçkilərindən sonra il siyasi baxımdan çox süst olur. Süstlük isə partiyaların da fəaliyyətində istər-istəməz özünü göstərir. 2013-cü il prezident seçkilərindən sonrakı ilin partiyaların fəaliyyətində süstlüklə keçəcəyi gözlənilən idi. Süstlük bizə də təsir elədi. Ümumilikdə isə 2014-cü il fəaliyyətimizə ortadan bir qədər aşağı qiymət verə bilərəm. Bütün partiyalar üçün əslində bu qiymət verilə bilər"./Yeni Müsavat/


Millət