Şriftin ölçüsü / 765

Qətiyyəti, ötkəmi, cəsarəti və bütövlüyü çatmayan Azərbaycan siyasəti

26 Dekabr 2014 [14:29]
"İnsanlar bir çox məsələ ilə - məhrumiyyətlərlə, yoxsulluqla barışa bilərlər. Amma ədalətsizliklə barışmaq mümkün deyil, özü də bu ədalətsizlik hamının gözü qarşısında baş verəndə”.

İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti
17 dekabr 2014

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkilərinin son mərhələsinə, seçicilərin sandıq başına gedərək öz seçimlərini etməsi mərhələsinə start verildi. Onsuz da hamı bu seçkilərin də əvvəlkilərdən fərqlənməyəcəyini və total saxtakarlıqla keçiriləcəyinin fəqrində olduğundan nə özlərinə əziyyət verməyi, nə də vaxtlarını itirməyi lüzum görməyərək, bir növ seçkiləri boykot etdi. Elə MSK seçkiləri elan etdiyi andan proses sönük, haysız-küysüz, seçki fəallığı olmadan başladı. Bundan əndişələnən hakimiyyətin çox cəhd etməsinə, əl-ayağa düşməsinə rəğmən namizəd tapmaq belə müşkülə çevrildi. Cıxış yolu kimi yenə inzibati üsullara, zorakı metodlara əl atıldı. Büdcədə çalışanlara məcbur edildi ki, heç bir səlahiyyəti olmayan və pis imic qazanmış bələdiyyələrə namizədliklərini irəli sürsünlər. Hətta bölgələrdə bir çoxunun xəbəri belə olmadı ki, o, bələdiyyə üzvlüyünə namizəddir.

Seçkilərin təbliğat-təşviqat dövründə də namzidədlərin təbliğat materialları gözə dəymədi. Bu məsələnin də həllinə yenə inzibatı üsullarla nail olmaq istədilər. Yerli icra qurumları məcbur qalaraq bəzi namizədlərin əvəzinə plakat çıxarıb bir-iki yerə yapışdırdılar. Amma nə illah edilidi edilsin seçki prosesinə rəng qatmaq, onu ölü nöqtədən tərpətmək mümkün olmadı. Hakimiyyət sınaqdan uğurla çıxartdığı seçki texnalogiyası səsvermə günündə işə salındı. Aidiyyatı bələdiyyə üzvü olacaq şəxslərin əvvəlcədən hazırlanmış siyahısı, "karusel”, seçicinin yerinə komissiya üzvlərinin səs verməsi, seçicilərə müxtəlif üsullarla seçkiyə gəlmələri üçün təsir göstərilməsi (bu hal xüsusən büdcədə oturanlar və onalrın vasitəsi ilə digərləri), şantaj, qapalılıq və s. kimi yaramaz metodlar işə salındı.

Bu seçki də ssenarisi və qurluşu çox bəsit olan tamaşaya bənzədi. Müxalifətin bir qismi bu seçkidə dekorasiya kimi, bir qismi ssenarinin içində epzotik rolda iştirak etməklə, sonunda da hərə öz maraqlarına uyğun bəyanat verməklə prosesə yekun vurdu. Maraqlıdır ki, bu bəyanatlarda da kəsərlilik, konkretlik, "emosiya” yox idi. Sanki belə seçki, belə vəziyyət orda iştirak edənləri də, iştirak etməyənləri də tam qane etdi. İtidarın yemlədiyi və yedəklədiyi partiyaların mövqelərini başa düşdüm. Heç bir resursla getmədən, "adı var, özü yox” "papka”lara verilən paydan feyziyab olaraq Fazil Ağamalıkimlərin "zuyçuluğu” başadüşüləndir. Zatən bu partiyalar yaradılarkən iqtidarın məqsədi "zuytutanlar” dəstəsi kimi bir peşəni çiçəkləndirmək idi. İnsafən, Gədəbəy kartofu kimi əkilən toxumun hamısı cücrərib. İstər seçki, istər qeri-seçki "sezon”larında hakimiyyət bundan bəhrələnir. Buna sözüm yox.

Sözüm ölkənin ciddi, aparıcı və nüfuzlu partiyalarının seçkinin nəticələrinə yanaşamlarından gedir. Həmin partiyaların verdiyi bir neçə cümləlik bəyanatlarında mücərrədlik, çəkincəklik, söz yığınından ibarət anlaşılmazlıq heyrət doğurur. Sanki bu partiyalar hakimiyyətlə aralarının dəyməsindən, yaxud da, ümid edəcəkləri nəyinsə üzərindən xətt çəkiləcəyindən, kimlərinsə gözündən-könlüdən düşəcəklərindən ehtiyat edirlər. Təəssüflə qeyd etməliyəm ki, bu partiyaların nəticələr barədə gəldikləri nəticə müxtəlif vəd və inandırmalarla həvəsləndirərək seçkiyə qoşduqları yüzlərlə üzvlərinin, tərəfkeşlərinin, yüz minlərlə eloktoratının haqsız yerə məğlub duruma salınaraq, haqqı tapdalanaraq və buna görə də keçirdikləri gərginliklərinə, əsəblərinə adekvat deyil. Onların hirsdən quruyan dil-dodaqlarına bir damcı su səpmir. Nə yazıqlar ki, bu gün Azərbaycan siyasətində qətiyyətlik, ötkəmlik, cəsarərlik və bütövlük çatmır.

Doğrudur, bu hakimiyyətə hansısa bəyanatla, hansısa sözlə təsir etməklə onu pis əməllərdən, qanunsuzluqlardan, ədalətsizliklərdən çəkindirmək mümkün deyil. Lakin hakimiyyətin inzibati və zorakılıq resurslarına qarşı çarəsiz, əliyalın duruma düşürülərək, haqqını ala bilməyən insanların daxili yanğısına su çiləmək də çətindirmi?! Belə ehtiyatlı, "bəlkə də...” gümanı üzərində siyasət qurmaq siasi perspektiv vəd etmir. On illiklərdir ki, bu "bəlkə”lər heç cücərmir. Cücərməyəcək də.

İllər uzunu gözlərini və qulaqlarını ABŞ-a Qərbə, Rusiyaya, İrana, Türkiyəyə dikən siyasətçilərimiz, nəhayətdə, nicat yolunu və problemlərin həllini daxildə axtarsaydılar bəlkə də çox şeylərə nail olmaq olardı. Kənarlara deyil, kəndardan içəri diqqət yetirmək, hər bir fərdlə fərdiyyəçilik etmək lazımdır. Bunun üçün vundirkin olmaq lazım deyil. Adi ev tapşırıqlarıdır.

Bir sıra müxalif partiya sədrləri ümidlidirlər ki, belə ədalətsizliklərə və haqsızlıqlara susmaqla, yaxud da, hansısa rollar oynamaqla hakimiyyətlə aralarında körpü qurub şəxsi maraqlarını təmin edə biləcəklər. Bu seçkilər bir daha göstərdi ki,

Əliyev iqtidarı üçün körpünü Ziya Məmmədov tikir,

özü də şişirdilmiş büdcəyə, onun təhlükəsizliyinə Ramil Usubov cabadehlik daşıyır, yanğından mühafizəsinə Kəmaləddin Heydərov məsuldur, yaşıllıq işlərinə Hüseynqulu Bağırov və s. baxır. Hər nazirin, hakimiyyətdaxili hər bir klanın öz "polyaları” var. Xalqa isə bu körpüdə intihara cəhd və intihar etmək qalır. Tıxaclar da təkcə yollarımızda deyil, cəmiyyətin özündə də bir basa-bas yaranıb.

Bizim bəzi siyasətçilərimizin ən böyük qəbahətlərindən biri də odur ki, özlərinin inanmadıqlarına xalqı inandırmağa çalışmalarıdır. Elə hesab edirlər ki, xalq sadəlövhcəsinə bunların hər sözünü doqma kimi qəbul edir. Elə deyil əzizlərim. Bir mandat üçün, şəxsi və qrup maraqları xatir göstərilən şoular, oynanılanlar kənardan "Kos-kos” tamaşasına oxşayır. Özünüzə belə əl qatmaqdansa xalqla, kütlə ilə əl-ələ verib hamılıqla mövcud ağır və acınacaqlı vəziyyətdən xilas olmaq lazımdır. Bu daha optimal və doğrusu olanıdır.

Daha nəyi gözləyək? Ölkənin prezidenti, bir halda açıq şəkildə bəyan edir ki, "İnsanlar bir çox məsələ ilə - məhrumiyyətlərlə, yoxsulluqla barışa bilərlər. Amma ədalətsizliklə barışmaq mümkün deyil, özü də bu ədalətsizlik hamının gözü qarşısında baş verəndə”.

Hər yedə ədalətsizlik, haqsızlıq, zorbalıq xirtdəkdən. Hətta, dövlət başçısı, Ali Baş Komandanın özü belə hamının gözü qarşısında baş verən haqsızlığa üsyan edirsə, buna qarşı mübarizəyə səsləyirsə, o zaman biz niyə bu çağrışa bu səsə səs verməyib, ölkəni saxtakarlardan, yaltaqlardan rüşvətxor və korrupsionerlərdən, haramzadalardan və haramdan xilas etmək üçün səfərbər olmuruq. Bu həm də səfərbərlik çağrışıdır. Səfərbərlik təkcə cəbhə və təmas xətti boyu deyil, cəbhə hər məktəbdən, hər dövlət idarəsindən, hər seçki məntəqəsindən, hər bir talançı, şişman məmurun yaxasından başlayır.

Hamının gözləri qarşısında hər gün əzilən, təhqir olunan, zorakılıqla üzləşən, cibimizə girilən, son tikəmizı boğazımızdan çıxarılan, namusumuza, vicdanımıza, hər şeymizə təcavüz edilən bizlərik-sadə xalqıq. Fəqri yoxdur bunu sərhəddin o tayındakılar etsin, istər bu tayındakılar.

Bu məqamda prezident İlham Əliyevdən daha bir iqtibas yerinə düşərdi: "Məişətdə, həyatda, siyasətdə, idmanda ləyaqət hər bir insan üçün başucalığı gətirir. Bu isə insanın daxilində olmalıdır və eyni zamanda, bu, tərbiyə olunmalıdır”. Bu kəlamlardan sonra deməyə nəsə yazmaq artıq olardı.


Əli Orucov