Şriftin ölçüsü / 576

Siyasi partiyaların yeni il gözləntiləri

30 Dekabr 2014 [12:48]
Artıq 2014-cü təqvim ilini yola salmaq üzrəyik. Yola salacağımız bu ili ictimai-siyasi baxımdan dəyərləndirmək üçün bir sıra siyasətçilərə müraciət etdik. Həmsöhbətlərimiz 2015-ci ildən gözləntilərini də açıqladılar.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu isə hesab edir ki, 2014-cü il bütövlükdə itirilmiş il deyil. "Yəni burda bütün problemlərin həll olunmaması kimi də yadda qalan il olmadı. Amma bir çox məsələlərdə fürsət əldən verildi. Məsələn, iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsi istiqamətində, demokratik seçkilərin keçirilməsi məsələlərində, bir sıra problemlərin həlli məsələsində hesab edirəm ki, bu ildən yararlanmaq mümkün idi. Ən böyük arzumuz olan Dağlıq Qarabağ probleminin həlli yenə də növbəti illərə qaldı və təbii ki, bu da üzücü hadisədir. Eyni zamanda, sərhəd bölgələrində, cəbhə xəttində atəşkəsin mütəmadi pozulması, itkilər verməyimiz ağrılı məqamdır. Eyni zamanda, bu il üçün yadda qalan hadisələrimizdən biri Ermənistan hərbi qüvvələrinə məxsus helikopterin əsgərlərimiz tərəfindən vurulması və ermənilərə daha bir dərsin verilməsi oldu. Biz gələn ildən belə bir addımları gözləyirik",-deyən Ə.Oruclu 2015-ci ildən Dağlıq Qarabağ probleminin həllini, ölkədə barışın və demokratik dəyərlərin inkişafını gözlədiklərini də qeyd etdi: "Təbii ki, insanların sosial problemlərinin həllini, məvaciblərinin artımını gözləyirik. Gələn il ölkəmiz üçün iki önəmli hadisə var. Onlardan biri Bakıda ilk Avropa Olimpiya oyunlarının keçirilməsidir. Bu, həqiqətən əlamətdar hadisədir. Çünki bu, Azərbaycan idmanına, Azərbaycanın özünə verilən bir dəyər idi. Eyni zamanda, Azərbaycanın demokratik inkişafı üçün addım atmaq üçün bir şans da var ki, bu da parlament seçkiləridir. Bu iki mühüm hadisə çox şeyi dəyişə bilər. Hər halda gələn ilə ümidlərimiz böyükdür. Yəni, gələn il Azərbaycan üçün gərgin il olacaq"

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı hesab edir ki, yola salacağımız bu il 2013-cü ildən başlamış böyük layihələrin, proqramların uğurla başa çatması ilidir. "Bizi qarşıda bir tərəfdən çətin, bir tərəfdən şərəfli illər gözləyir. Amma hesab edirəm ki, 2003-cü ildən bu günə qədər Azərbaycan inkişaf edib, böyük uğurlar əldə olunub, Azərbaycan başdan-başa dəyişib, gözəlləşib. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri içərisindədir. Hazırda dünyanın çox sürətlə inkişaf edən beş ölkəsi varsa, onlardan biri Azərbaycandır. Bakı, Azərbaycanın bölgələri gündən-günə gözəlləşir. Azərbaycan bu illər ərzində BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir təşkilata rəhbərlik edib, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2014-cü ildə də Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib" deyən M.İbrahimqızının fikrincə, ölkəmiz tarixində görünmədiyi nailiyyətlər əldə edib. Deputat hesab edir ki, Azərbaycanın bu uğurları qarşıdakı illərdə Qarabağ probleminin həlli üçün bir açar olacaq: "Həm Azərbaycan dövlətinin güclənməsi, həm beynəlxalq aləmdə nüfuzlanması, iqtisadiyyatımızın, Silahlı Qüvvələrimizin güclənməsi, bütün bunlar hamısı Qarabağ probleminin həllində həlledici məsələlərdir. İnşallah, biz 2015-ci ildə Qarabağ probleminin həllində ciddi bir mərhələyə qədəm qoyacağıq, ciddi bir uğur əldə edəcəyik. Fürsətdən istifadə edərək qarşıdan gələn 2015-ci il münasibətilə sizin redaksiya əməkdaşlarına, oxucularınıza təbriklərimi çatdırıram. Allah ölkəmizə, xalqımıza hər zaman əmin-amanlıq qismət eləsin".

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da 2014-cü ili bütövlükdə Azərbaycan xalqının həyatında uğurlu il kimi qiymətləndirir. Deputat dünyada və regionda baş verən kataklizmlərin Azərbaycandan yan keçdiyini deyərək bunu Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirdi: "Həmin kataklizmlər Azərbaycana bu və ya digər şəkildə təsir etmədi. Biz Ukrayna ilə bağlı Rusiya və Avropa, ABŞ arasında gərginləşən münasibətlərdən kənarda qala bildik. Baxmayaraq ki, rublun düşməsinin regiona və Rusiya ətrafında olan ölkələrə bu və ya digər şəkildə təsir göstərmək imkanları var. Lakin Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində - yəqin ki, bu tədbirlər bundan sonra da göstəriləcək - bu çətin vəziyyətin Azərbaycana təsiri görünmür və ümidvaram ki, görünməyəcək. 2014-ci ildə qarşıya qoyulan hədəflərə çatıldı, Ermənistanın Azərbaycan torpaqlarına yeni hücumlarının qarşısı çox müvəffəqiyyətlə alındı və Azərbaycan bir daha özünün hərbi gücünü və iradəsini ortalığa qoydu. Düşünürəm ki, bu, Ermənistana və onu dəstəkləyən qüvvələrə ciddi mesaj oldu. Bu il beynəlxalq nüfuzumuz daha da gücləndi. Azərbaycanın Avropa Şurası Nazirlər Şurasına rəhbərlik etməsi də ölkəmizin dünyaya tanıdılmasında, həqiqətlərimizin çatdırılmasında öz rolunu oynadı".

AVP sədri daxili siyasətdə də inkişaf olduğunu qeyd edərək bildirdi ki, bir sözlə 2014-cü il Azərbaycanın həyatına mühüm illərdən biri kimi daxil oldu.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da 2014-cü ili sabit il kimi dəyərləndirir. Sözügedən partiyanın sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, azərbaycanlıların bütün illərdən yeganə gözləntisi Dağlıq Qarabağ probleminin həlli olsa da, problem öz həllini tapa bilməyib: "Şübhəsiz ki, beynəlxalq miqyasda baş verən hadisələr də proseslərə kifayət qədər ciddi təsir göstərdi. Ukraynada baş verən hadisələrlə bağlı dünyada yeni bir mənzərə yarandı. Əslində 2014-cü il dünyanın siyasi xəritəsində tamamilə yeni mənzərələrin yaranma ili kimi də düşə bilər. Daha öncə mövcud olan reallıqlar, geosiyasi maraqlar dəyişdi. Bir çox halda daha qabarıq şəkildə üzə çıxdı. 2014-cü il Azərbaycan üçün nisbətən sabit keçdi. Təbii ki, baş verənlərin içərisində ən əsas məqam kimi Paris görüşündən sonra ermənilərin cəbhədəki təxribatı və bu təxribata qarşı Azərbaycanın atdığı addımları önə çəkmək lazımdır. Çünki bu situasiyanın özü bütün atəşkəs dövründə ən qabarıq şəkildə ortaya çıxan hərbi bir fakt idi. Bu baxımdan həm uğurlarımız olub, həm uğursuzluqlarımız. Bütövlükdə 2014-cü ili normal keçdi".

Mirzəbəyli 2015-ci ildən gözləntilərin çox olduğunu deyərək, gələn il ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirin Azərbaycanın imici baxımından vacib olduğunu qeyd etdi.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər isə 2014-cü ili Azərbaycan tarixində uğurlu il hesab etmir. Onun sözlərinə görə, bu il Azərbaycanda insan haqları və demokratiya sahəsində ağır il oldu. "Təəssüf ki, bütün bunlar Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyimiz bir vaxta təsadüf etdi. Yəni Azərbaycan bu fürsətdən istifadə edib həm ölkə daxilində siyasi-demokratik bir açılım edə bilərdi, eyni zamanda, beynəlxalq nüfuzunu artıra bilərdi. Həmçinin də Dağlıq Qarabağ konfliktinin ətrafında əlverişli şəraitin yaradılmasına səy göstərə bilərdi. Bu, təəssüf ki, itirilmiş şans oldu. Eyni zamanda ilin sonunda keçirilən bələdiyyə seçkiləri də Azərbaycan tarixində xoşagəlməz bir seçki kimi qalacaq. Təəssüf ki, hakimiyyət dünyada və regionda gedən başlıca prosesləri nəzərə almır. Əgər tezliklə bu istiqamətdə köklü dəyişikliklər olmasa, Azərbaycan 2015-ci ildə yeritdiyi yanlış siyasətin acı meyvələrini dadmağa başlayacaq".

S.Əkbər 2015-ci ilin Azərbaycan üçün gərgin il olacağını düşünür: "2015 həm dünya, həm region üçün gərgin il olacaq. Dünyada neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatı neft ixracatına dayanan ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir göstərəcək. Təbii ki, Rusiyada gedən proseslər post-sovet ölkələrində gedən proseslərə təsir göstərəcək. Neftin qiymətinin düşməsi, Rusiyaya qoyulan sanksiyalar artıq öz ağır nəticələrini verməyə başlayıb və şübhəsiz ki, Azərbaycan bundan nəticə çıxartmalıdır. Ona görə də Azərbaycan batan gəmidə yer tutmamalıdır. 2015-ci ilin Rusiya üçün çox ağır il olacağını düşünürəm və Azərbaycanın Rusiyaya yaxınlaşma siyasəti yürütməyini yanlış hesab edirəm. Azərbaycanda gələn ili Avropa Olimpiya Oyunlarının və parlament seçkilərinin keçirilməsi kimi iki böyük kampaniya durur və Azərbaycana diqqətin artacağı bir vaxtda ölkəmizin də ictimai-siyasi gərginlik zolağına girəcəyini düşünürəm".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da hesab edir ki, yola salacağımız ildə dövlətin heç bir sferasında ciddi dəyişikliklər ili olmayıb. Partiya sədri bunun səbəbini bütün dünyada gedən tənəzzül və böhranla əlaqələndirir: "Xüsusən bu məhəlli münaqişələr həddən çox dünyanın diqqətini cəlb edir və dünyada ciddi proseslərə təkan verib. Amma eyni zamanda iqtidarın da idarəetmədəki müəyyən qüsurlarından dolayı bir çox problemlərimiz meydana çıxıb. Xüsusən sosial cəhətdən ehtiyacı olan təbəqənin qorunması baxımından, iqtisadiyyatda, siyasətdə islahatlar aparmaq baxımından uğursuz il oldu. Yəni Azərbaycanda pozitiv meyllər müşahidə olunmayıb. Əksinə, neqativ meyllər olub. Bu da obyektiv səbəblərdəndir, iqtidarın fəaliyyəti ilə bağlı deyil, dünyada yaranmış vəziyyətlə bağlıdır. Amma bir çox məsələlər də var ki, iqtidar özü addım atıb. Məsələn, həbslərin keçirilməsi, "Mətbuat haqqında" qanunun sərtləşdirilməsi, QHT-lərin fəaliyyəti ilə bağlı total nəzarətin həyata keçirilməsi neqativ hadisə kimi dəyərləndirilməlidir".

2015-ci ildən gözləntilərə gəlincə, ADP sədri bildirdi ki, seçki ilində Azərbaycan demokratiyanın inkişafı baxımından ciddi nəticələr əldə edə bilər. "Azərbaycan indiki vəziyyətdən çıxa bilər. çünki qonşu xalqlar hamısı inkişaf edib, Azərbaycan nə qədər bu ümumi siyasi inkişafdan geri qalırsa, bir o qədər də bu sahədə uduzur. Biz tez-tez deyirik ki, nəyə görə Dağlıq Qarabağ probleminin həllində hamı bizim tərəfimizdə durmur, hamı bizi müdafiə eləmir? Ancaq unuduruq ki, dünyanın bizi müdafiə eləməsi üçün biz də dünyanın bölüşdüyü dəyərləri müdafiə etməliyik. Əgər biz dünya ilə fərqli dəyərlər sferasında yaşamağa üstünlük isəyiriksə, dünyanın o proqressiv hissəsi biz heç vaxt müdafiə etməyəcək. Bunu nəzərə alıb yeni ildə siyasi inkişafda müəyyən nəticələr əldə etmək olar", - deyə S.Cəlaloğlu bildirdi./Ekspress/

Aqil ASLAN


Millət