Şriftin ölçüsü / 871

AMİP Lideri Etibar Məmmədov Azərbaycan xalqını təbrik etdi

30 Dekabr 2014 [15:49]
AMİP Lideri Etibar Məmmədovun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramları münasibəti ilə Azərbaycan xalqına
Təbriki

Əziz həmvətənlərim!
Sizləri qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramları münasibətli ilə təbrik edir, Sizlərə möhkəm can sağlığı, firəvanlıq, xoş günlər və aydın səma arzulayıram.

Ötən əsrin 80-ci illərindən etibarən başlanan Milli Oyanış və Milli Azadlıq Hərakatları xalqımızın tarixində şərəfli və silinməz iz buraxdı. Bu mücadilə müstəqilliyimizə yenidən qovuşmağımızla bahəm, həm də milli birliyimizin, bütövlüyümüzün və həmrəyliyimizin rəmzinə çevrilən 31 Dekabr bayramının yaddaşlara həkk edilməsinə də səbəb oldu. Bu müqəddəs gün dünyada yaşayan milyonlarla soydaşımızın böyük ruh yüksəkliyi və təntənə ilə qeyd etdiyi gündür.

Güneyi Qüzeylə ayıran tikanlı məftilləri sökməklə xalqımız beynəlxalq aləmə bir daha göstərdi ki, heç bir imperiyalar və rejimlər onun azadlıq, birlik və bütövlük idealarını buxovlaya bilməz. Və bu ideya və istəklərin qarşısında heç bir sərhəd, heç bir sədd duruş gətirə bilməz.

Ümid edirəm ki, üzümüzə gələn il Azərbaycan xalqının və dövlətinin taleyində əlamətdar hadisələrlə zəngin bir il olacaq. Ona da inanıram ki, illərdir işğal altında qalan torpaqlarımız tezliklə işğaldan təmizlənəcək, təkcə Qarabağımızda deyil, İrəvanımızda, Təbrizimizdə ücrəngli ay-ulduzlu bayrağımız üfiqlərdə dalğalanacaq. Ulu millətimiz sayğı duyduğu və sadiq qaldığı ali dəyərlərin məmləkətimizdə və cəmiyyətimizdə özünə daha möhkəm yer tutması istiqamətində yeni uğurlara imza atacağına, eyni zamanda köklü problemlərin həll ediləcəyinə də inam bəsləyirəm.

Əziz soydaşlarım!

Sizi qarşıdan gələn bayrmalar münasibəti ilə bir daha təbrik edir, Sizə bol-bol sevinc, fərəh, ölkəmizə və millətimizə uca Allahdan sülh, əmin-amanlıq, tərəqqi və inkişaf arzulayıram.
Bayramlarınız bir daha mübarək olsun!

30 dekabr 2014-cü il . Bakı şəhəri