Şriftin ölçüsü / 896

"Bu il keçiriləcək parlament seçkilərində yeni projelər ortaya çıxarılacaq"

09 Yanvar 2015 [17:01]
Əli Orucov: "Rüstəm İbrahimbəyov siyasətə zorən gətirilən bir insan idi. Rusiya Azərbaycan iqtidarına qarşı həmin faktordan təzyiq vasitəsi kimi istifadə edərək, öz məqsədlərinə çatdıqdan sonra istifadəsiz buraxdı"

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bu qurumla yollarını ayırmaq niyyətindədir.İbrahimbəyov məsələ ilə bağlı Milli Şura sədri Cəmil Həsənli ilə telefon danışığında müzakirə aparıb.

"Unikal"ın məlumatına görə, bu barədə yerli mətbuatda xəbərlər yayılmaqdadır. Belə ki, İbrahimbəyovun gedişinin bir neçə səbəbi olduğunu bildirib. "O, əvvəldən siyasətə qoşulduğu, Milli Şuranın sədri olduğu üçün peşman idi. Özü də müsahibələrində bunu dəfələrlə dilə gətirib. Yəni 2014-cü ilin başlanğıcından qurumdan getmək istəyirdi. Faktiki olaraq, fəxri sədr olsa da, Milli Şuranın heç bir işinə qarışmır. Məlumatlar var ki, o, hökumətlə münasibətlərini yenidən yoluna qoymaq niyyətindədir. Qardaşı Maqsud İbrahimbəyov də bu məsələdə təkid edir. Lakin Rüstəm müəllim vaxtilə birgə olduğu insanları yarı yolda qoymaq istəmir. Buna görə də indiyə qədər fəxri sədr olaraq qalıb. Son vaxtlar isə Milli Şuranın fəaliyyətindən narazılığını açıq şəkildə bildirir. Əsas narazılığı AXCP ilə bağlıdır. Çünki Əli Kərimli qurumdakı hər kəsi yola saldı və faktiki olaraq, Milli Şura AXCP-dən ibarətdir. KXCP ilə problemin yaranmasından sonra Rüstəm müəllim açıq etirazını bildirdi. Söhbət hansısa partiyanın getməsindən yox, Əli Kərimlinin apardığı siyasət nəticəsində Milli Şuranın təklənməsindən gedir. Buna görə də Rüstəm müəllim ümumiyyətlə Milli Şura ilə yollarını ayırmaq niyyətindədir", - deyə adının açıqlanmasını istəməyən Milli Şura üzvü bildirib.

Qeyd edək ki, ötən ilin əvvəlində R. İbrahimbəyov fəxri sədrlikdən istefa verməklə bağlı Milli Şuraya rəsmi müraciət etmişdi. Lakin bu, müəyyən müddətə təxirə düşdü.

Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən AMİP Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucov deyib ki, artıq Rüstəm İbrahimbəyov bir siyasi fiqur kimi əhəmiyyətini itirib. Onun sözlərinə görə, Milli Şura üçün Rüstəm İbrahimbəyov lazım deyil, Rüstəm İbrahimbəyova da Milli Şura lazım deyil: "Rüstəm İbrahimbəyov siyasətə zorən gətirilən bir insan idi. Rusiya Azərbaycan iqtidarına qarşı həmin faktordan təzyiq vasitəsi kimi istifadə edərək, öz məqsədlərinə çatdıqdan sonra istifadəsiz buraxdı. R.İbrahimbəyov ziyalıdır, dünya şöhrətli sənətkardır, amma siyasətçi deyil. O, harizmatik lider də ola bilmədi. Ona görə də mən R.İbrahimbəyov mövzusunu bitmiş mövzu hesab edirəm".

Əli Orucov onu da nəzərə çatdırıb ki, qarşıdakı dövrdə yeni layihələr gündəmə gələ bilər "Bu il keçiriləcək parlament seçkilərində isə düşünürəm ki, yeni projelər ortaya çıxarılacaq. Hər şey dünyada və regoinda gedən proseslərdən, xüsusən də, Qərbin və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi "iqtisadi müharibənin, əsasən də neft-qaz müharibəsinin davamından asılı olacaq".



Millət