Şriftin ölçüsü / 702

"Son bir ildə Ermənistan bütün sahələr üzrə özünün sürətli eniş dövrünü yaşayır"

22 Yanvar 2015 [14:52]
Son günlər Erməni Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini müntəzəm olaraq pozmaqdadır. Xüsusilə, Gümrüdə baş verən məlum olaydan sonra artan erməni təxribatları onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti daxili gərginliyi ört-basdır etmək və cəmiyyətin diqqətini daxildən yayındırmaq üçün belə təxribatlara əl atır. Bəs görəsən bu Ermənistan üçün hansı mənfi fəsadlara yol aça bilər. Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətimizdə Ermənistanda baş verən hadisələr və onun mümkün nəticələrindən danışdıq.

-Elşən bəy, son günlər cəbhədə erməni təxribatının artması müşahidə edilir. Sizcə, bu nəyə hesablanıb?

-Son bir ildə Ermənistan bütün sahələr üzrə özünün sürətli eniş dövrünü yaşayır. Buraya iqtisadi tənəzzüldən başlamış hərbi sahəyə qədər, beynəxalq dəstəkdən tutmuş qonşuları ilə münasibətə qədər olan məsələləri aid etmək olar və onların hər biri haqda geniş danışmaq mümkündür. Amma açıq görünən odur ki, bu problemlərdən çıxmağın yollarını fikirləşə bilmirlər.Yalnız klassik və ənənəvi erməni metodları ilə diqqəti özlərinə cəlb etmək istəyirlər ki, bu yollardan biri də məhz Azərbaycanla sərhəddə tez-tez təxribatlar yaratmaqdır. Yəni özlərinin daim təzyiq altında olduqlarını beynəlxalq aləmə göstərmək, Türkiyə ilə müttəfiq olan Azərbaycanın onları daim təhdid altında saxladığını bəyan etməkdir. Nəticədə məqsəd həm beynəlxaq aləmdə yazıq millət obrazı yaratmaq, həm də daxildə olan müxalifəti belə gərgin zamanlarda sabitliyi pozmaqda ittiham etməkdir.

-Sizə elə gəlmirmi ki, bu təxribat Gümrü hadisələrindən sonra yaranmış daxili gərginliyi ört-basdır etmək məqsədi daşıyır?

-Böyük ehtimalla elədir. Gümrü hadisəsi Sərkisyanı çox pis vəziyyətdə qoyub. Bu cinayəti törədən rus əsgərinin erməni məhkəməsi tərəfindən mühakimə olunmasına nail ola bilmir. Daha doğrusu bu məsələdə Rusiyanın üzərinə getməyə cəsarəti çatmır. Rusiya üçün indiki durumda günahı olub-olmamasından asılı olmayaraq əsgərinin başqa ölkədə mühakimə edilməsinə imkan verməmək prinsipial məsələdir. O ki qaldı bu ölkə Ermənistan ola. Hansı ki, ruslar açıq şəkildə etiraf edirlər ki, Ermənistanın dövlət olaraq yaranmasına və bu gün mövcud olmasına görə bizə borcludur və bu asılılıq gələcəkdə də olacaq. Bütün bundan sonra Sərkisyanın hansı vəziyyətdə olmasını təsəvvür etmək çətin deyil. Erməni müxalifəti də bundan istifadə edərək xalqı hakimiyyət əleyhinə qaldırmağa cəhdlər edir. Belə bir vəziyyətdə Azərbaycanla sərhəddə vəziyyətin gərginləşdirilməsi diqqəti cəbhə xəttinə yönəltməyə xidmət edir. Ümumiyyətlə Ermənistanda daxili gərginlik artdiqca biz sərhəddə belə təxribatların olmasını tez-tez görə bilərik.

-Gümrü hadisələri Ermənistanda hakimiyyət çevrilişi ilə nəticələnə bilərmi?

-Hər şey ola bilər. Amma hakimiyyət dəyişikliyinə qərar qeyri-rəsmi olaraq Kremldən verilməlidir. Bayaq dediyim kimi daxili gərginlik zamanı sərhəddə təxribatlar üsulundan illərdir ki, istifadə olunur. Bu cür üsulların təsirini itirməsi də mümkündür. Əhali arasında narazılıq o həddə çata bilər ki, "obyektin” sahibi sakitlik yaratmaq naminə "işçisini” işdən çıxarıb digəri ilə əvəzləyə bilər. Amma imkan daxilində Sərkisyanin qalmasını istəyəcək. Çünki erməni seçicisinin böyük əksəriyyəti Sərkisyanı istəmir və ondan narazıdırlar. Məhz bu narazılığın olması Sərkisyanı rahat idarəetməyə, istənilən qərarı qəbul elətdirməyə imkan verir. Bir sözlə səni hakimiyyətdə kim saxlayirsa ona da xidmət etməlisən.

-Bu arada 24 aprel tarixinin Çanaqqala savaşının 100-cü ildönümü elan edilməsi barədə Türkiyənin ortaya qoymuş olduğu mövqeyi necə dəyərləndirirsiniz?

-Türkiyənin bu qərarı bəlkə də son illərdə verdiyi ən uğurlu qərarlardan biridir. Bu həm də o deməkdir ki, bundan sonra Türkiyə qondarma erməni soyqırımı məsələsində müdafiə yox, hucum mövqeyində olacaq. Həmin illərdə təkcə bir Çanaqqala savaşında 200 mindən artıq şəhid verən bir dövlətin bütün mənalarda haqqı var ki, bu həqiqətləri dünyaya çatdırsın. Özünə qarşı olan ittihamların üstünə gedib onları darmadağın etsin. Düşünürəm artıq elə bir zaman çatıb ki, məhz belə addımlar atılması ilə uğurlar əldə etmək olacaq.

Süleyman