Şriftin ölçüsü / 624

"Seçkilərdə hansı formatda getmək önəmli deyil"

30 Yanvar 2015 [12:41]
Müxalifət düşərgəsi indi də parlament seçkilərinə qədər toparlanıb seçkiyə birgə getməyi qarşıya məqsəd qoyub. Hələlik hansısa bir nəticə olmasa da, lakin ayrı-ayrı partiya liderlərinin verdiyi açıqlamalar onu deməyə əsas verir ki, müxalif düşərgə bu dəfə seçkiyə vahid komandada getməyə israrlıdır. Bəs görəsən müxalifət buna nail ola biləcəkmi? Müxalifətin mümkün birliyi, onun perspektivləri, eləcə də təmsil etdiyi partiyanın parlament seçkilərində hansı formada iştirakına dair suallarımızı Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu cavablandırıb.

-Əli bəy, parlament seçkiləri ilində müxalifətin birliyinin yaradılması təşəbbüsü irəli sürülür. Bir müddət əvvəl Demokratiya və İnsan Haqları Mərkəzi də belə təşəbbüslə çıxış edib. Sizcə, belə bir birlik nə dərəcədə real görünür?

-Müxalifət cari ildə keçiriləcək parlament seçkinlərinin hazırlıq işlərinə artıq gecikib. Vaxt daralmaq üzrədir. 10-11 aya belə ağır prosesə hazırlaşmaq və uğur qazanmaq müşkül məslədəir. Onu da nəzərə alsaq ki, qeyri-iqtidar düşərgəsinin bütün resursları tükənməkdədir, olan-qalan imkanları da səfərbər etmək, toparlanmaq və mövcud əngəlləri aradan qaldırmaq heç də asan deyil. Təəssüflər olsun siyasilərimiz vaxt amilinə diqqət yetirmirlər. Halbuki qalib gəlməyin ən vacib şərtlərindən biri də vaxtdan düzgün istifadədir. Siz özünüz də şahidi olacaqsız ki, seçkilərə start verilməsi ərəfəsində müxalifət düşərgəsində bir hərəkətlilik müşahidə olunacaq, tələm-tələsik nəsə yaradacaqlar. Tələm-tələsik yaradılan qurumlarda da o qədər səhvlər, qüsurlar buraxılır ki, bunları da aradan qaldırmaq faktiki alınmır. Ona görə də mən birlik istiqamətində irəli sürülən təşəbbüsləri gecikmiş təşəbbüslər hesab edirəm. Amma bu təşəbbüslər, cəhdlər uzandıqca cəmiyyətin daxilində də inamsızlıq daha dərinlərə kök salır. Mənim düşüncəmə görə, parlament seçkilərində müxalifət əvvəlki illərdən fərqli olmayacaq. Yenə də bu düşərgə seçkiyə dağınıq və pərakəndə gedəcək ki, bu da itiriləcək daha bir şans olacaq. Bu heç də o demək deyil ki, mən pessimist əhvaldayam. Qətiyyən. Birlik üçün imkanlar hələ də tükənməyib. Ona görə də ilk növbədə ləngimələr aradan qaldırılmalı, xırda məsələlərın gündəmi zəbt etməsinə imkan verilməməli, real güclər və siyasi qüvvələrin ortaq və fərdi maraqları cızılmalıdır. Hər kəs qabaqcadan bilməlidir ki, sonradan narazılıqlar, incikliklər və umu-küsülər olmasın.

-Ümumiyyətlə, partiyalar səmimi şəkildə əməkdaşlığa hazırdırmı?

-Səmimiyyət elə bir anlayışdır ki, hər kəs buna öz prizmasından yanaşa bilər. Biri üçün səmimi hesab edilən şey, digərinə qeyri-səmimi görünər. Lakin razılaşmaların bütün detalları bilinəndə, qaranlıq sayıla bilinəcək məsələlərə aydınlıq gətiriləndə, yaxud da, qarşıdakının sadəlövhcəsinə aldadılması cəhdlərinə yol verilməyəndə qeyri-səmimiliyə şübhə yeri qalmır. Başqa partiyaları deyə bilmərəm, Azərbaycan Milli İstiqlal Partiyası həmişə səmimi olub. Baxmayaraq ki, bizim bu səmimiliyimizdən sui-istifadə edənlər də çox olub, ancaq bu partiyanın yanaşmasına təsir göstərməyib. Çünki biz ya birliklərdə olmuşuq, ya da olmamışıq, biz dost dediklərimizdən öz maraqlarımız üçün yararlanmağı ən azından etik saymamışıq.

-Hazırkı vəziyyətdə müxalif partiyaların fəaliyyəti, onların seçki hazırlıqlarını necə qiymətləndirirsiniz?

-Mən müxalifət partiyalarının parlament seçkilərinə hazırlaşdıqlarını sezmirəm. Ola bilsin hansısa partiya hazırlaşır, amma bunu cəmiyyətin özü də hiss etmir. Bu baxımdan da təkcə müxalifətin deyil, hakim partiyanın da, imumilikdə Azərbaycanın özünün də seçki hazırlıqlarına qiymət verməkdə çətinlik çəkirəm.

-Müxalifət bu seçkiyə də parçalanmış vəziyyətdə getsə bu düşərgənin aqibəti necə olacaq?


-Müxalifətin də, partiyalı sistemin də aqibəti göz qabağındadır. Bu boyda qarşılıqlı ittihamlardan, daxili münaqişələrdən sonra müxalifətin yenidən bir araya gəlməsi, bloklaşması baş tutan deyil. Xüsusən də, son 3-4 ay ərzində aparıcı hesab olunan siyasi partiyalar arasında bütün normaları aşan, söyüş səviyyəsinə çıxan atışmalar müxalifət arasındakı ziddiyyətləri və qarşıdurmaları daha da dərinləşdirib. Üstəlik də, hakimiyyətin körüklədiyi bölücülük halları olan-qalan əlaqələrin üzərindən xətt çəkdi. Məncə, müxlifət düşdüyü acınacaqlı durumun fərqinə varmasa və əvvəlki hikkəsini, ambisiyasını, mübarizə və yanaşma metodunu saxlasa bu onun sonu demək olacaq. Lakin dünyada , regionda və ölkədə gedən proseslərdən, eləcə də müxalifətin sponsorlarından da çox şeylər asılı olacaq.

-Azərbaycan Milli İstiqlal Partiyası seçkilərdə hansı formada iştiraka üstünlük verir, müstəqil, yoxsa birlik və ya blok tərkibində?

-Seçkilərdə hansı formatda getmək önəmli deyil. Önəmli odur ki, seçki prosesinədək seçki qanunvericiliyinə və seçkilərin nəticələrinə birbaşa təsir edəcək halların dəyişdirilməsinə nail olunsun. Bu gün siyasi partiyaların qarşısında duran əsas məsələ bloklaşmalar deyil, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarında iştiraka nail olmaq durmalıdır. Seçkilərdə iştirak deyil, səsvermənin nəticələrinin hesablanmasında və sayılmasında iştirak daha vacibdir. Çünki seçki komissiyaları hakimiyyətin tam nəzarətində olduğundan seçkiləri və nəticələri istədiyi kimi idarə edə bilir. Bu baxımdan Azərbaycan Milli İstiqlal Partiyasının də qarşısında duran vəzifə məhz dediyim problemlərin həllinə nail olmaqdır. Partiyanın yerli strukturları fəaliyyət göstərdiyindən partiya çevik və mobil hərəkət edə bilir. Ona görə də AMİP digər partiyalardan fərqli olaraq seçkiyə həmişə hazır olur və prosesə uğurla başlaya bilir. Bloklaşma və birlik məsələsinə gəldikdə isə onu deməliyəm ki, bu kimi vacib məsələlərin həlli müzakirələrdən və partiyanın yuxarı qurumlarının qərarlarında keçir. Uzun illərin təcrübəsi göstərib ki, partiya bloklaşmaya çox həssas və fəqrli yanaşır. Məncə partiya əgər blok halında seçkiyə gedəcəksə, o zaman müttəfiqlərini seçərkən bir sıra kriteriyaları diqqətə almalıdır. Kimlərinsə şələsini çəkməyin nə faydası var ki? Bildiyiniz kimi Azərbaycan Milli İstiqlal Partiyası sağ-mərkəzçi və millətçi partiyadır. Bu partiyanın beynəlxalq əlaqələri də müqayisəolunmayacaq dərəcə genişdir. Ona görə də hesab edirəm ki, partiyanın müttəfiqləri də sağ-mərkəz təmayyülü və millətçilik ideologiyasının daşıyıcıları olan siyasi qüvvələr olmalıdır. Həmin siyasi qüvvələr də cəmiyyətə təsir edə biləcək, müəyyən elektorota malik, təmiz reputasiyalı siyasi qüvvələr olmalıdır. Eyni zamanda qarşılıqlı öhdəliklər götürülməlidir. 2005-ci il parlament seçkilərində "Yeni Siyasət” seçki blokunu yaradan və əsas ağırlığı üzərinə götürən AMİP parlamentdən kənar saxlanıldı. Həmçinin seçki komissiyalarında iştirakdan da mərhum olduq. Halbuki "Yeni Siyasət” seçki blokundan Milli Məclisə mandat qazanmış Əli Məsimov və Vahid Əhmədovun deputatlığa namizədliyi AMİP Mərkəzi Şurası tərəfindən irəli sürülsə də, həmin şəxslər partiyanı tanımadılar. Partiya üzvləri istər Əli Məsimov istərsə də Vahid Əhmədovun qalib gəlməsi üçün təmannasız şəkildə fədakarlıqlar göstərdilər. Ancaq mandatı qazandıqdan sonra onların heç biri AMİP tərəfindən namizədliklərinin irəli sürülməsini parlamentdə təsdiq etmədilər. Beləliklə də haqlı ikən haqsız duruma salınaraq komissiyalardan kənarda qaldıq. Bu cür səhvlərin və sui-istifadə hallarının bir daha təkrarlanmaması üçün müttəfiqlərin həm öz vicdanları, həm də yazılı olaraq öhdəlik götürmələrini çox vacib hesab edirəm.

-AMİP-in kadr potensialı kifayət edirmi ki, partiya bütün seçki dairələrindən namizəd irəli sürsün?

-Əgər AMİP seçkilərə blok şəkilində deyil, fərdi qaydada qatılsa o zaman şərt deyil ki, 125 seçki dairəsinin hamısında namizəd irəli sürülsün. Maksimum 40-50 seçki dairəsində namizədlə iştirak kifayət edər. Əsas məsələ kəmiyyətdə deyil, keyfiyyətdə olmalıdır. Az sayda namizədin müdafiəsi də asan olar və bu müdafiəni daha güclü təşkil etməklə qələbə şanslarını 5-10 qat artırmaq mümkündür. Əsas hədəf partiyanı 2015-ci ildə parlament partiyası etməkdir. Və buna da inamım tamdır ki, AMİP bu ildən parlament partiyası olacaq. Seçkiöncəsi digər variantlar da ortaya çıxa bilər, yaxud da müxtəlif situasiyalar yarana bilər. Bütün hallara hazır olmaq ziyanlı deyil. /"Olaylar/


Millət