Şriftin ölçüsü / 646

Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Rusiyadır

03 Fevral 2015 [12:00]
Arzuxan Əlizadə: «ATƏT-in Minsk Qrupundan imtina etməyə birmənalı yanaşmaq çətindir»

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında yaranmış mürəkkəb vəziyyət yalnız o halda dəyişə bilər ki, ABŞ, Avropa İttifaqı ölkələri, o cümlədən Fransa bu məsələdə böyük fəallıq göstərsinlər. Bu barədə mətbuata müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir sıra məqama toxunan M.Brayza hesab edir ki, ümumilikdə, Minsk Qrupunun danışıqlar prosesindən kənarlaşdırılması və prezidentlərə vasitəçilərsiz danışmaq imkanı vermək daha effektiv olardı: «Daha vasitəçilərə ehtiyac yoxdur, tərəflər görüşlərin təşkili məsələləri ilə məşğul olacaq xüsusi nümayəndələr təyin edə bilər. Münaqişələri əbədiləşdirməyə çalışan Rusiyanın üzv olduğu ATƏT-in Minsk Qrupunun mövcudluğu qeyri-məntiqi görünür. Əsas odur ki, prezidentlər birbaşa danışsın. İndi beynəlxalq vasitəçiləri günahlandırmaq asandır, lakin vasitəçilər heç nəyi həll etmir, onlar həll yollarını müəyyən edir».
Münaqişənin həlli məsələsinin irəliləyişində Ermənistanın hərəkətlərini şərh edən diplomat deyib ki, ərazilərlə bağlı Ermənistana status-kvonu saxlamaq sərfəlidir, ancaq bu, davam edən təhlükəsizliyin təhdidi, həmçinin iqtisadi itkilər baxımından Ermənistan üçün əlverişli deyil.
Bütövlükdə, siyasi ekspertlər prezidentlərin birbaşa danışıqlar keçirməsini necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, prinsipcə, Brayzanın dediklərində müəyyən həqiqət var: «Həqiqət ondan ibarətdir ki, Rusiyanın ATƏT-in Minsk Qrupunda həmsədr olaraq fəaliyyət göstərməsi münaqişənin sülh yolu ilə həllini əngəlləyir. Bu danılmaz faktdır və bunu heç kəs inkar edə bilməz. Ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Rusiyadır. Rusiyanın dəstəyi olmasaydı, münaqişə heç vaxt bu dərəcədə ağır nəticələrə gətirib çıxarmazdı. O cümlədən, Ermənistan torpaqları işğal altında saxlaya bilməzdi. Düzdür, bu o demək deyil ki, Ermənistanın digər havadarları olmayıb. Olmağına olub, amma torpaqların işğalında birbaşa olaraq Rusiya rol oynayıb. Necə ki, Gürcüstanda Abxaziyanı, Cənubi Osetiyanı, Moldovada Dnestryanı bölgəni işğal edib. Ukraynanın şərqində baş verən hadisələr də göz qabağındadır... Prezidentlərin birbaşa görüşlərinə gəldikdə isə, bunun münaqişənin həllinə gətirib çıxaracağını düşünmürəm. Ona görə ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın vassalıdır. Hazırkı şəraitdə Rusiya imkan verməz ki, Ermənistan münaqişənin həllində konstruktiv mövqe tutsun. O baxımdan ATƏT-in Minsk Qrupundan imtina etməyə birmənalı yanaşmaq çətindir». /Bakı Xəbər/

Vidadi ORDAHALLI