Şriftin ölçüsü / 648

Biz vəziyyəti qiymətləndirib qərarımızı verəcəyik

05 Fevral 2015 [16:36]
Yusif Bağırzadə: "Seçki öncəsi hər bir siyasi partiya ilə əməkdaşlığa hazırdır"

"AMİP qarşıdan gələn parlament seçkilərində iştirak edəcək və bu birmənalıdır. Hələ 2013-cü il prezident seçkiləri ərəfəsində mən bəyanat vermişdim ki, partiyamız prezident seçkilərində deyil, bələdiyyə və parlament seçkisində iştirak edəcək. Artıq biz bələdiyyə seçkilərində iştirak etdik. İndi isə qarşıdan parlament seçkiləri gəlir. Biz də bu prosesdə aktiv şəkildə iştirak etmək niyyətindəyik”. Bunu AMİP sədri Yusif Bağırzadə bildirib. O, həmçinin deyib ki, hazırda siyasi partiyaların seçki öncəsi atdığı addımları müşahidə edirlər: "İlk dəfə AMİP təklif irəli sürüb ki, Seçki Məcəlləsində dəyişikliklərə gedilsin və proporsional seçki sistemi bərpa olunsun. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı baş verən dəyişikliklər birbaşa proporsional seçki sistemi ilə əlaqəlidir. Bir müddət əvvəl hakimiyyət nümayəndəsi ilə siyasi partiya rəhbərləri arasında baş tutan görüş zamanı da mən bu fikrimi səsləndirdim. Partiyaların da çoxu mənim təklifimə dəstək verdi. Hörmətli Əli Həsənovda bunu pozitiv qarşıladı. Mən hesab edirəm ki, proporsional seçki sisteminin tətbiqi bərpa olunsa, ölkəmizdəki siyasi partiyalar aktivləşəcək. Bildiyiniz 2010-cu illə indiki dövrü müqayisə edəndə açıq görünür ki, siyasi partiyalarda açıq-aydın passivlik mövcuddur”.

Yusif Bağırzadə əlavə edib ki, əslində onlar 2015-ci il parlament seçkilərinə seçki bloku formatında getməyi də məqbul hesab edirlər. Onun sözlərinə görə, AMİP bəyan edir ki, seçki öncəsi hər bir siyasi partiya ilə əməkdaşlığa hazırdır: "Hansı dairələrdə başqa siyasi təşkilatların güclü namizədi, namizədin seçici arasında nüfuzu varsa, həmin şəxslərlə də əməkdaşlığa hazırdırlar. Biz bu məsələdə problem görümürük. İkincisi, biz çox istərdik ki, ciddi əsaslı seçki bloku yaradılsın. Konkret olaraq AMİP-in seçkilərə təkbaşına və ya blok formasında gedəcəyi daha çox seçkili orqanların verəcəyi qərardan asılı olacaq. Biz vəziyyəti qiymətləndirib qərarımızı verəcəyik. Əslində biz seçkilərə təkdə gedə bilərik.

2010-cu ildə AMİP təkbaşına seçkiyə gedib və kifayət qədər namizədlə çıxış etdik. Mən özüm Gəncədə kifayət qədər səs toplaya bildim. İndilikdə deyə bilərik ki, AMİP 2015-ci ilə seçkilərində iştirak edəcək. Amma seçkidə iştirakın formatı yaxın iki ay ərzində müəyyən olunacaq. Biz AMİP olaraq digər siyasi qüvvələrlə təmaslar saxlayarıq, fikir mübadiləmiz olur. Seçkilərlə bağlı hər hansı bir hərəkətlik olsa, bunu da cəmiyyətə açıqlayacağıq”. /Gündəlik Teleqraf/


Millət