Şriftin ölçüsü / 1501

Beynəlxaql Muğam Festivalına hazırlıq gedir

05 Fevral 2015 [16:44]
"Muğam aləmi” Beynəlxal Muğam Festivalının keçirilməsi ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biridir. Bu il ənənəvi olaraq, IV Beynəlxalq Muğam Festivalına hazırlıq gedir.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən Muğam festivalının çərçivəsində müxtəlif səciyyəli konsertlərlə yanaşı, Beynəlxalq Elmi Simpozium da xüsusi əhəmiyyətə malikdir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən "Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Simpoziumun keçirilməsinə xüsusi diqqətlə yanaşılır. Festival ərəfəsində Simpoziuma hazırlıq məqsədilə konfransların keçirilməsi də ənənəvi hal almışdır.
Bu məqsədlə 2015-ci il fevral ayının 9-da və 10-da Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında "Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı və Elmi Simpoziumu ərəfəsində konfrans keçiriləcəkdir.
Simpoziumun ümumi mövzusu və müzakirə ediləcək problemlər belədir: "Muğam/maqam və müasir musiqi yaradıcılığı” -
1.Ənənə və novatorluq: a)Muğam sənənti: ənənə və yeni yozumlar; b)Muğam müasir bəstəkarların yaradıcılığında;
2.Muğam dəstgahlarının notlaşdırılması problemi;
3.Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda, Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan respublikanın görkəmli musiqişünas-alimləri və eləcə də gənc alimlər konfransa öz məruzələrini təqdim edərək, simpoziuma hazırlıq ərəfəsində muğamın aktual problemlərinin müzakirəsinə toplaşacaqlar.


Nisə Rəhimova