Şriftin ölçüsü / 1319

Etibar Məmmədov "Lefortovo gündəliyi"

10 Fevral 2015 [15:55]

1990-ci ilin Qanlı 20 Yanvar hadisələrini ört-basdır etmək, əzilən və qırğına məruz qalan bir xalqın haqq səsini boğmaq, batırmaq üçün Sovet İmperiyası və onun Azərbaycandakı nökərləri hər cür tədbirlərə əl atırdılar. Azərbaycan faktiki olaraq hərtərəfli, xüsusən də, informasiya blokadasında saxlanılırdı. Belə bir ağır, çətin və qorxulu dönəmdə Milli Azadlıq Hərakatının lideri Etibar Məmmədov bütün təhlükələri və çətinlikləri gözə alaraq gizli yollarla Moskvaya gedib, orada Azərbaycan nümayəndəliyində bütün dünya mediasının iştirakı ilə mətbuat konfransı keçirərək, SSRİ rəhbərliyinin iç üzünü açdı. İmperiyanın Bakıda və digər regionlarımızda törətdikləri cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Həmin mətbuat konfransı bitər-bitməz Etibar bəy SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dərhal nümayəndəliyin binasında həbs edildi. O, 9 ayını dünyanın ən qorxunc və ən ciddi qorunan Moskva şəhərində yerləşən Lefertovo zindanında keçirmək məcburiyyətində qaldı. Xalq öz qəhrəmanının arxasında inadkarcasına dayanaraq Etibar bəyi zindandan çıxarmağa nail oldu. Etibar Məmmədov "Lefortovo gündəliyi" kitabını da məhz həbsxana divarları arasında qələmə alıb. Bu kitabın həm tariximizə, həm gənclərimizin təlim-tərbiyəsinə işiq tutacağını nəzərə alıb həmin kitabı hissə-hissə dərc etməyimək qərarına gəldik. Hamı tərəfindən sevilə-sevilə və böyük maraqla oxunan "Lefortovo Gündəliyi" kitabını oxucularımızın ixtiyarına veririk.

Başl.-26 fevral 1990 saat 4-30

26.01.90

Saat 02.-Axtarış.

1 müstəntiq-Zolotaryov Aleksandr Anatolyeviç , b.l.

Saat 5.00.

2 müstəntiq –Poxil Fyodor Gerasimoviç –polk, ist.şöbəsinin rəisi .Otaq üç yüz iyirmi bir.

İttiham -67 ci maddə, 3-cü bənd əsassızdır.

Protest verildi və prokrorun izahı tələb olundu.

Əks təqdirdə ifadə verməkdən imtina edəcəyəm.

8.00-da yorğun olduğum üçün ifadə verməyi dayandırdım və mənə saat 12-yədək istirahət verdilər.Lakin istirahət edə bilmədim, çünki səhər açıldığı üçün yatmağa icazə verilmədiyini bildirdilər.

10.30-da həbsxana rəisinin yanına apardılar.Həbsxana rejimi haqqında məlumat verildi.Xəstə olduğum üçün isti paltar tələb etdim.Göstəriş verdi ki, verilsin.Sonra həkimlər müayinə etdilər və kordiaqramma çıxardılar.

11.15-də 14 N-li təkadamlı kameradan 25 N-li iki nəfərlik kameraya köçürdülər.Kamera yoldaşım Saşa-Şövkət tatardır.Külli-miqdarda rüşvət və yeyintiyə görə tutulub.Moskvada mebel mağazasının direktoru olub.Altı aydır ki, yatır.

Axşama qədər istintaqa çağırmadılar.Yeməkləri yemirəm.Ancaq çörək və çaydan istifadə edirəm.Saatı müəyyən etmək çətindir.

27.01.90

Səhər 6-da yuxudan durğuzdular.1 saatlıq gəzintiyə çıxardılar.Yağış yağırdı, hava darıxdırcı idi.Gəzinti zamanı verilmiş gödəkcə geri alındı.Rəisin göstərişi olması haqqında məlumat qulaqardına vuruldu.

10.30-da istintaqa çağırdılar.Başqalarından fərqli olaraq müstəntiqin otağınadək məni iki əli dəyənəkli praporşik müşayiət edir.

Müstəntiq bildirdi ki, prokurorluğa xəbər verib ki, mən prokuror tələb edirəm və prokuror bazar ertəsi olacaq.Mənim həbs olunmağım haqqında qərarı Baş prokurorun müavini Abramov İvan Pavloviç imzalayıb.Təqdimatı isə DTK-nın polkovniki, müstəntiq Selin yazıb.Bildirdim ki, matəm əlaməti olaraq saxladığım saqqalı qırxmaq istəsələr aclıq elan edəcəyəm.

Söhbət ancaq Milli Müdafiə Şurasının yaranması zərurəti ətrafında getdi.Sonra bildirdim ki, AXC-nin liderlərini həbs etməklə Qorbaçov yeni səhvə yol verir.Çünki hal-hazırda yaranmış böhrandan yalnız yüksək səviyyədə danışıqlar və saziş yolu ilə çıxmaq olar.Liderlərin həbs olunması və AXC-nin strukturunu dağıtmaq cəhdi böhranı daha da dərinləşdirəcək və nəticədə orduda qulluq edən əsgərlərin və onların valideynlərinin itaətsizliyinə gətirib çıxara bilər.

14.30-dan başlayaraq ancaq yatmaq və qəzet oxumaqla məşğulam.”İzvestiya” qəzetində Yazovun bəyanatı hərbçilərin dayaz düşüncəsinə və avamlığına daha bir nümunədir.Mənim həbs olunmağım haqqında məlumat "Pravda” qəzetində çox müəmmalı şəkildə verilmişdir.Guya ki, mən Moskvaya gəlib buradakı azərbaycanlılardan dəstə toplayıb nə isə qorxulu bir fəaliyyət göstərmək istəmişəm.Qəzetçilərin və rəsmi mətbuat orqanlarının belə fəaliyyəti vəziyyəti daha da qızışdırır.

28.01.90 Bazar günü.

Darıxdırıcı gündür.Səhər gəzintiyə çıxardılar.Ayaqqabılarımı və paltarlarımı alıb geri qaytarmadıqları üçün ayaqlarım dondu və bədənimi üşütmə tutdu.Gəzintidən sonra həkimin yanına apardılar.Dedi ki, hər şey qaydasındadır.İsti paltar almaq üçün rəisə ərizə ilə müraciət etmək lazımdır.X-nın son zəngi yadıma düşür.Belə ağır bir vəziyyətdə onun və ona bənzərlərin bu cür xəyanətinə dözmək çox ağırdır.Lakin zaman hər şeyi və hər kəsi öz yerinə qoyacaq.İndi əsas vəzifə ətraf dünyadan təcrid olunmuş vəziyyətdə olsam da, mənəvi düşkünlüyə yol verməmək, mübarizəni canavar yuvasının içində davam etdirməkdir.Məni nümayəndəliyin binasından apararkən qadınlarımızın ümidsiz ağlaşması bir tərəfdən xalqımızın hazırki vəziyyətdə çox sıx mənəvi birliyini, digər tərəfdən isə hələ də milli şüurunun siyasi şüur səviyyəsindən yüksək olduğunu göstərir.Bu biçarə ana və bacılarımız başa düşə bilmirdilər ki, bir nəfər adam üçün Azərbaycanın daimi nümayəndəliyinin yüzə yaxın silahlı adam tərəfindən mühasirəyə alınması , nümayəndəliyin hücumla tutulub dağıdılması və sonra həmin adamın həbs olunması imperiyanın böyük qorxu içərisində olduğunu , zəifliyini göstərir.Və bu zəifliyə nail olmaq bizim böyük qələbəmizdir.

29.01.90.Bazar ertəsi.

Səhər gəzintiyə çıxmağı tələb etdilər.Ayaqqabılarımı qaytarmadıqları üçün ayaqlarıma soyuq oldurduğumu bildirdim.Ərizə yazdım ki, paltarlarımı qaytarsınlar.Sonra bildirdilər ki, üzümü qırxmalıyam.Azərbaycanda milli matəm elan olduğu üçün üzümü qırxmayacağımı bildirdim.Rəisin müavini kameraya gəldi.Bildirdi ki, məcburi olaraq üzümü qırxacaqlar.Əgər aclıq elan etsən məcburi yedirəcəklər.Bir saat sonra rəisin otağına çağırdılar.Nəzarət üzrə prokuror Titov bildirdi ki, mənim həbs olunmağım haqqında qərar əsaslandırılmış qərardır.Lakin sözdən o yana keçmədi.İstintaqa vəkilin buraxılması məsələsi haqqında ərizə yazmaq lazımdır.Saqqal məsələsini isə müstəntiq həll edəcək.Həkimin yanına aparıb venadan iki şüşə qan aldılar.

Ərizə

Suxarevə

Считаю выдвинутое против меня подозрение необоснованным, а меру пресечения незаконной.Обьяснение прокурора Титова – недостаточным.Поэтому требую закрепления за мной допущения к предварительному следствию адвоката.Выбор адвоката доверяю н.д.СССР Р.Ибрагимбекову.

Ərizəni qaytardılar ki, vaxtı keçib, səhər tezdən vermək lazımdır.

Bu gün də müstəntiq çağırmadı.

30.01.90.Çərşənbə axşamı.

Səhər yenə gəzintiyə çıxardılar.Qar yağırdı, hava yaxşı idi.Lakin ayaqlarıma soyuq olduğu üçün yarımçıq qayıtdım.

Saat 11-də aparıb şəklimi çəkdilər, anket doldurdular və barmaq izlərimi götürdülər.Nömrə iyiyrmi iki otuz üç.Rəftarları olduqca mədənidir.Hər bir işdən minnətdarlıq bildirirdilər.Müraciət ancaq "siz”lədir.

Saat 12-də yeni müstəntiqin yanına apardılar.İki yüz otuz bir nömrəli otaq.Jmyaçkin Vladimir Mixayloviç, ədliyyə podpolkovnikidir.Xüsusi əhəmiyyətli işlər üzrə baş müstəntiq.Dedi ki, işə o, davam etdirəcək.

Dediyinə görə Bakıdan yeni gəlib, orada həbs olunanları gətiriblər.Oradakı hadisələri öz gözü ilə görüb.Onun da dediyindən belə çıxır ki, dövlət çevrilişi cəhdi sırımaq istəyirlər.

"İzvestiya” N-28-də yazılıb ki, Azərbaycanın daimi nümayəndəliyi qarşısında ermənilərlə azərbaycanlılar arasında atışma olub, təhqiqat gedir.

29 yanvar 30 N-li qəzetdə "Еще раз об инциденте в центре Москвы” məqaləsində yazılıb ki, heç bir atışma olmayıb.Maşın isə özü əzilmiş olduğu üçün və qaydanı pozduğu üçün saxlanılıb.Sürücü Sabir Şabanov müqavimət göstərib nümayəndəlikdə gizlənib.

Mətbuat konfransında isə mən demişəm:”Əgər iki-üç gün ərzində qoşunlar Azərbaycandan çıxarılmazsa , XC partizan müharibəsinə başlayacaq və ruslar üçün ikinci Əfqanıstan yaradacaq”.

Saat 3-də yenidən müstəntiqin yanına apardılar.Çay verdi.Nəyə ehtiyacım olduğunu soruşdu.Bildirdi ki, ərzağı ancaq bilavasitə qohumlarım gətirməlidirlər, çünki zəhərlənmə cəhdi ola bilər.Qalan məsələlər üzrə isə kimi istəsəm vəkil edə bilərəm.Rüstəmin telefonunu verdim.Saqqal məsələsi də həll olunub.Matəm qurtarana qədər saqqalımı qırxmaya bilərəm.Lakin əgər üzləşdirmə və tanıtma olsa qırxmalıyam.Razılaşdım.

İstintaqın çox hissəsi siyasi mübahisələr şəraitində keçdi.Elmira xanımın bəyanatını xəyanət adlandırıb dedi ki, o, qiyamçıların tərəfinə keçib.Əlbəttə, imperiyaya xəyanət adlandırmaq olar.Lakin o qadın bütün vəzifədə olan kişilərdən çox kişi kimi hərəkət etdi.Qorbaçovun qeyru-qanuni qərarına isə bəraət qazandırmağa çalışıb bildirdi ki, əgər o qərar olmasaydı, daha çox qan tökülərdi.Nə isə.Düşdükləri vəziyyətdən indi başqalarını ləkələməklə çıxmaq istəyirlər.

Can atdığı odur ki, şuranın dövlət çevrilişi məqsədilə yaradıldığını sübuta yetirsin.Cəmi 3 səhifəlik protokol yazıldı.Əvvəlki də bu qədər idi.Məqsədləri 10 gün bitənədək dəlil əldə etməkdir.Onsuz da istəsələr dəlilsiz-sübutsuz istədikləri qədər saxlayacaqlar.Ancaq çətin olacaq.

31.01.90.Çərşənbə.

Bu gün müstəntiq çağırmadı.

Paltarlarımı və ayaqqabılarımı qaytardılar.

01.02.90.Cümə axşamı.

Saat 11-də müstəntiqin yanında oldum.Axşam altıyadək davam etdi.Yenə də günün çox hissəsi diskusiya şəraitində keçdi.Cəmi səhifə yarımlıq protokol yazıldı.Dedi ki, sabah prokuror ittiham təqdim edəcək.

Təklif etdi ki, Bakıda və başqa yerlərdə müqavimət davam etdiyi və hər gün qan töküldüyü üçün televiziya ilə çıxış edib atəşi dayandırmağa çağırım.Bildirdim ki, yalnız o şərtlə çıxış etmək olar ki, fövqaladə vəziyyətin ləğv edilməsi haqqında fərman verilsin və qoşunların çıxarılması müddəti dəqiq göstərilsin.

Söhbətdən belə başa düşdüm ki, mənim öz günahlarımı etiraf etməyimi və qanunu pozduğumu boynuma almağımı gözləyirlər.Əks təqdirdə onlar bunu mənə sübut edəcəklər və nəticəsi pis olacaq.Qorxuludur ki, sübutu mənim silahdaşlarımın ifadələri vasitəsi ilə edə bilərlər.Doğrudan da hiss olunur ki, kiminsə zəiflik göstərməsini və özünü xilas etmək xatirinə başqalarını ləkələməsini gözləyirlər.Ancaq nə etsələr də rəftarları qanun çərçivəsindən kənara çıxmır və çox nəzakətlidir.

02.02.90.Cümə.

Bu gün səhər hamama apardılar.Təzə paltar və təzə döşəküzü , balışüzü verdilər.Qaydaya görə həftədə bir dəfə dəyişirlər.

Saat 3.30-da müstəntiqin yanına çağırdılar.Yenə əvvəl söhbət oldu.Bildirdi ki, yoldaşlarımızdan bəziləri günahlarını etiraf ediblər və buna görə də cinayət məsuliyyətindən azad olunacaqlar.Xəlil Rza tutulandan sonra televiziya ilə çıxış edib və günahkar olduğunu bildirərək rus ordusuna müqaviməti dayandırmağı çağırıb.Dediyinə görə, Hatəmi də bu günlərdə çıxış edəcək və mən də yaxşı-yaxşı fikirləşim.

Sonra prokuror gəldi-Titov İqor Konstantinoviç .

Hələ prokuror gəlməmişdən müstəntiq deyirdi ki, taleyin ittihama münasibətindən asılıdır, onun yanında günahkar olduğunu etiraf etməlisən.Prokuror da eyni sözləri təkrar etdi və hətta təəccübləndi ki, mən hələ də bu qədər "sübut” olduğu halda milli düşmənçiliyə çağırdığımı etiraf etmirəm.Vəkil məsələsinı aid olaraq isə bildirdi ki, müzakirə olunur.Prokuror getdikdən sonra müstəntiq yenə də vəziyyətimin ağır olduğunu inandırmağa çalışdı və mənim ailəm haqqında düşündüyünü bildirdi.Ən təəccüblüsü odur.Azərbaycanda ailəm və qohumlarımdan başqa hamının məndən üz döndərdiyinə və lənətləndirdiyinə inandırmağa çalışır.İnandıra bilməz! Heç kim !!!

Yenə protokol yazma mərasimi başladı.Cəmi bir sual var idi.İttihama əsasən yanvar ayında Bakıda şüurlu olaraq milli düşmənçiliyə , ermənilərin milli ləyaqətini ,mənliyini alçaldan hərəkətlərə və çağırışlara yol verdiyimi etira edirəmmi? Cavab, yox!

Sonra yenə də sual 13 yanvar mitinqindəki çıxışım haqqında oldu.Sessiyada Ermənistanla əlaqələrin kəsilməsi, Dağlıq Qarabağın muxtariyyətinin ləğvi və Azərbaycan qanunlarına tabe olmaq istəməyən və vətəndaşlığımızı qəbul etməyən ermənilərin oradan köçürülməsi məsələlərinin müzakirəsi tələblərini 67-ci maddə ilə qiymətləndirmək istəyirlər.

İttiham qərarına da qol çəkərkən yazılı olaraq qəti etiraz etdiyimi bildirdim.

03.02.90.Şənbə.

Bütün günümü kitab , qəzet oxumaqla və yatmaqla keçirdim.

04.02.90.Bazar.

Bu gün də dünənki kimi darıxdırıcı və bekar keçdi.

05.02.90.Bazar ertəsi.

Səhər gəzintisinə həbsxananın damına çıxardılar.Birinci mərtəbədəki gəzinti meydançasından fərqi odur ki, yuxarıya baxanda daha dəmir qəfəslikləri yox, aydın səmanı görürsən.

Saat 11-də müstəntiqin yanına apardılar.Cəmi 15 dəqiqə söhbət etdik, çünki dediyinə görə iclasa getməli idi.Söhbət yenə də mənim etiraf etməyimin zəruriliyi ətrafında getdi.Yenə deyirdi ki, yaxşı fikirləş , sonra gec olacaq və tək qalacaqsan.

Nahardan sonra saat dördün yarısında yenidən istintaqa çağırdılar.Cəmi bir sual var idi.Mitinqdə mənim çıxışımdan sonra baş verən hadisələr və Şuranın fəaliyyəti haqqında danışım.

Mitinqdən sonrakı hadisələri şərh edərkən əsas diqqəti şəhərdəki kütləvi pozğunluq və qırğının xüsusi hazırlanmış dəstələr tərəfindən həyata keçirildiyinə yetirdim.Yenə də əvvəl olduğu kimi sözləri qulaqardına vurmağa çalışdı.Lakin Nəsimi rayonunda özüm şahidi olduğum hadisələri danışdıqda və gecələr nədənsə şəhərdə milis patrullarının olmadığına diqqət yetirdikdə bildirdi ki, bunlar çox ciddi faktlardır və ayrıca , yazılı şəkildə şərh etməliyəm.Söhbətim yanvarın 15-i hadisələrində yarımçıq qaldı.Yenə bildirdi ki, orduya çox güclü silahlı müqavimət davam edir və sən öz nüfuzundan istifadə edib atəşi dayandırmağa nail olmalısan.Əvvəlki şərtimi təkrar etdim.Atəş dayandırıldıqdan sonra bir həftə ərzində qoşunlar Bakıdan çıxarılmalı və fövqaladə vəziyyət ləğv edilməlidir.Bildirdi ki, belə bir variant nəzərdən keçirilir və rəhbərliklə danışıb cavabını deyər.


Millət