Şriftin ölçüsü / 689

Mən görüşdən razı qaldım

13 Fevral 2015 [17:19]

Yusif Bağırzadə: "Siyasi partiyalar məsələsi gündəmə gəldikdən sonra başqa mərkəzlərə bağlı başıpozuq qüvvələr gündəmdən çıxacaq”

Fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutan sayca ikinci iqtidar-müxalifət görüşünün nəticələrini AMİP sədri Yusif Bağırzadə teleqraf.com-a şərh edib. Partiya sədri deyib ki, bu görüşün keçirilməsini müsbət qiymətləndirir.

Onun fikrincə, bu, ölkədə milli həmrəyliyə nail olunması istiqamətində ciddi hadisədir: "Bildiyiniz kimi görüşün təşşəbüsü Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən gəlib. Hesab edirəm ki, buna pozitiv siqnal kimi baxmaq lazımdır. Birincisi, bu o deməkdir ki, dövlətin siyasi partiyalara marağı artacaq. Yəni siyasi partiyalar artıq gündəmə gəlir. İkincsi, bu görüşdən sonra ictimaiyyətdə siyasi partiyalara olan münasibət kökündən dəyişəcək.

Nəzərə almalıyıq ki, indiyə qədər siyasi partiyalara münasibət birmənalı deyildi. Üçüncüsü, hesab edirəm ki, siyasi partiyalar məsələsi gündəmə gəldikdən sonra başqa dövlətlər və mərkəzlər tərəfindən idarə olunan başıpozuq qüvvələr siyasi gündəmdən çıxacaq. Mən qeyd etməliyəm ki, bəzi QHT-lər var ki, onlar bu gün də Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər və həm də xarici dövlətlərdən, təşkilatlardan maliyyə dəstəyi alırlar. Fikrimcə, ölkə daxilində siyasi qüvvələr arasında sivil münasibətlərin yaranması bu cür qüvvələrin qarşısını alacaq.

Ən əsası odur ki, bu dialoq səmərəli olaraq davam etsə gələcəkdə keçiriləcək parlament seçkilərində şəffaflığın təmin olunmasına, seçkidə iştirak edən qüvvələrin məğlub və ya qalib gəlməsindən asılı olmayaraq tərəflər bir-birini qəbul etməsini şərtləndirəcək. Ən əsası odur ki, bu institutların təkmilləşdirilməsi prosesi gedəcək. Bu gün Azərbaycanda siyasi partiya institutlarının təkmilləşdirilməsinə ehtiyac var.

Bundan başqa da, Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara diqqət olmalıdır. Mən ölkənin müstəqilliyindən bu yana fəaliyyət göstərən partiyalara da diqqətin göstərilməsini, onlara maddi yardımın edilməsini nəzərdə tuturam. Yəni maliyyələşmə məsələsinə də baxılmalıdır”.


AMİP sədri deyib ki, dialoq zamanı bir neçə təklif irəli sürüb: "Görüş zamanı proporsional seçki sisteminin bərpa olunması haqda danışdım. Mən hesab edirəm ki, Seçki Məcəlləsinə dəyişiklik edərək bu institutun bərpa olunmasına çalışmaq lazımdır. Çünki Siyasi Partiyalar Haqqında Qanuna edilən son dəyişikliklər birbaşa proporsional seçki sisteminə hesablanan dəyişikliklərdir.


Həm də dövlətin siyasi partiyaların iş fəaliyyəti ilə dövlət tanış olmasını önə çəkdim. Təklif etdim ki, cənab Əli Həsənovun rəbərliyi ilə imkan daxilində partiyaların ofisləri ziyarət olunsun, iş rejimi ilə tanışlıq olunsun. Hər halda bir daha qeyd edirəm ki, görüş uğurlu və səmərəli keçdir. Daha sonra təklif etdim ki, imkan daxilində belə görüşlərin biri də, cənab prezidentin iştirakı ilə keçirilsin”.

AMİP sədri vurğulayıb ki, görüşdə iştirak edən partiyalar bundan sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə təkliflər verəcək: " Şöbədə təkliflər ümumiləşdirildikdən sonra konkret müzakirə ediləcək məsələlər siyasi partiyalara göndəriləcək. Mən görüşdən razı qaldım. Hesab edirəm ki, format normal idi və mən bunu yüksək qiymətləndirirəm”./Teleqraf.com/



Millət