Şriftin ölçüsü / 833

Etibar Məmmədov "Lefortovo gündəliyi" (DAVAMI)

17 Fevral 2015 [13:13]

1990-ci ilin Qanlı 20 Yanvar hadisələrini ört-basdır etmək, əzilən və qırğına məruz qalan bir xalqın haqq səsini boğmaq, batırmaq üçün Sovet İmperiyası və onun Azərbaycandakı nökərləri hər cür tədbirlərə əl atırdılar. Azərbaycan faktiki olaraq hərtərəfli, xüsusən də, informasiya blokadasında saxlanılırdı. Belə bir ağır, çətin və qorxulu dönəmdə Milli Azadlıq Hərakatının lideri Etibar Məmmədov bütün təhlükələri və çətinlikləri gözə alaraq gizli yollarla Moskvaya gedib, orada Azərbaycan nümayəndəliyində bütün dünya mediasının iştirakı ilə mətbuat konfransı keçirərək, SSRİ rəhbərliyinin iç üzünü açdı. İmperiyanın Bakıda və digər regionlarımızda törətdikləri cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Həmin mətbuat konfransı bitər-bitməz Etibar bəy SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dərhal nümayəndəliyin binasında həbs edildi. O, 9 ayını dünyanın ən qorxunc və ən ciddi qorunan Moskva şəhərində yerləşən Lefertovo zindanında keçirmək məcburiyyətində qaldı. Xalq öz qəhrəmanının arxasında inadkarcasına dayanaraq Etibar bəyi zindandan çıxarmağa nail oldu. Etibar Məmmədov "Lefortovo gündəliyi" kitabını da məhz həbsxana divarları arasında qələmə alıb. Bu kitabın həm tariximizə, həm gənclərimizin təlim-tərbiyəsinə işiq tutacağını nəzərə alıb həmin kitabı hissə-hissə dərc etməyimək qərarına gəldik. Hamı tərəfindən sevilə-sevilə və böyük maraqla oxunan "Lefortovo Gündəliyi" kitabını oxucularımızın ixtiyarına veririk.

(DAVAMI)

06.02.90. Çərşənbə axşamı.

Bu gün istintaq zamanı söhbət yenə yanvarın 15-də baş verən hadisələr ətrafında getdi.Həmin günün şahidi olduğum hadisələrini şərh etdikdən sonra axşam MK-dakı görüş haqqında ətraflı danışdım.Primakov və Girenkonun tutduğu açıq-aşkar fitnəkar mövqeni ifşa etməyə başladım.Müstəntiqin davranışından hiss olunurdu ki, bu söhbəti protokola salarkən yumşaltmağa və ümumiləşdirməyə çalışır.

Televiziya məsələsi haqqında söhbət salaraq bildirdi ki, sənin vəziyyətində həbsxanada oturub şərt qoymaq ağılsızlıqdır.Bu çıxışın sənin taleyində böyük rolu ola bilər.Heç kəs səni Qorbaçovla görüşdürüb fövqaladə vəziyyətin ləğv olunması haqqında məsələni müzakirəyə qoymayacaq.Hal-hazırda isə sənin tərsliyin üzündən hər gün insan qanı axır, cavan oğlanlar həlak olurlar.

Bildirdim ki, bizim həlak olan cavanlarımız Vətən uğrunda könüllü olaraq ölümə gedirlər.Sizin cavanlarınız isə işğalçı ordu sıralarında qəsbkar kimi ölürlər.Vaxt gələcək ki, həmin rus cavanlarının valideynləri özləri üsyan edib uşaqlarının bu cinayətdə iştirak etməsinin əleyhinə çıxacaqlar.

Mən isə öz canımı qurtarmaq və imperiya qarşısında " yaxşı” görünmək xatirinə prinsiplərimdən dönə və xalqımın işğal vəziyyəti ilə barışmağa çağıra bilmərəm.

Dedi ki, çox təəssüf, mən bunların hamısını qurultay zamanı deputatlara deyəcəyəm və vəziyyətin pis olacaq.

07.02.90.Çərşənbə.

Bugünki söhbət yanvarın 16-sı hadisələri ətrafında getdi.Həmin gün baş vermiş hadisələr haqqında izahat verdikdən sonra bildirdim ki, əgər belə surətlə getsək , məni uzun müddət saxlamaq fikriniz var.Çünki bir günün hadisələri haqqında 2-3 gün söhbət gedir və nəticədə cəmi 3-4 səhifəlik protokol yazılır.

Dedi ki, iş sistemimiz belədir.Dediklərinin hamısı komputerin yaddaşına salınır və sonra analitik mərkəzdə təhlil olunub başqalarının izahatları ilə tutuşdurulur.Nəticədə biz sənin doğru və ya yalan danışdığını müəyyən edəcək və bütün cinayətlərini sübuta yetirəcəyik.

Sonra "Oqonyok” jurnalının son nömrəsində çıxmış məqaləni verdi ki, oxuyum.Məqalədə qeyd olunurdu ki, indi ilk növbəli vəzifə qırğını dayandırmaq və sonra günahkarları müəyyən etməkdir.Bir neçə şəkil , o cümlədən yanvarın 20-də Bakı küçələrində şəhid olanlarımızın da şəkli var idi.Məqalə yenə də ermənipərəst mövqeden yazılmış məqalələrdən idi və bizimkilərin "vəhşilikləri” təsvir edirdi.Məqaləni verməkdən məqsədini əvvəl başa düşmədim.Lakin sonra bildirdi ki, televiziya ilə çıxış təklifi qüvvədədir, yaxşı fikirləş, sonra gec olacaq.

İstintaqın sonunda bildirdi ki, qardaşın gəlmişdi, çox yaxşı adama oxşayır.

Axşam kameraya qayıtdıqda Eldarın göndərdiyi sovqatları gördüm.Ən çoxu isə onun xətti ilə yazılmış qəbzi gördükdə sevindim.Nə isə onun xəttini görənədək ürəyimdə bir narahatlıq var idi, keçib getdi.Yazısından hiss edirəm ki, evdə salamatlıqdır.

08.02.90.Cümə axşamı.

Bu gün müstəntiq çağırmadı.Gün çox darıxdırıcı keçəcəkdi, yaxşı ki, Quranı özümə qaytardılar.Oxumağa başlamışam.Çox diqqətlə oxumaq lazımdır ki, dərindən dərk edə biləsən.Bir qədər xırda hərflərlə yazıldığı üçün gözlərim ağrıyır.

09.02.90.Cümə

Səhər "həftə hamamına” apardılar.Eldarın gətirdiyi paltarları vermədikləri üçün çirkli paltarları geyməyə məcbur oldum.Günortadan sonra müstəntiq çağırdı.Söhbət yanvarın 17-də baş vermiş hadisələr haqqında getdi.Daha televiziya ilə çıxış haqqında söhbəti yada salmır.Deyəsən başa düşüb ki, bir şey çıxmayacaq.Ayrılanda dedi ki, narahat olma , söhbəti sabah davam etdirərik.

10.02.90.Şənbə.

Axşama qədər bekarçılıqdan darıxmışam.İndi başa düşmək olur ki, buradakı sistem dustaqların əsəblərini pozmağa yönəldilib.

11.02.90.Bazar.

Bütün " istirahət” günlərinə xas olan tərzdə bu günümü də bekarçılıqla keçirmək məcburiyyətindəyəm.Kitabxanadan 50-ci illərin kifsəmiş kitablarından başqa bir şey almaq mümkün deyil.

12.02.90.Bazar ertəsi.

Müstəntiq deyəsən bu gün də "istirahət” etməyi qərara alıb.Gözləməkdən ağır bir şey yoxdur.Günortadan sonra paltarlarımı verdilər.Hər şey yaxşıdır.

13.02.90.Çərşənbə axşamı.

Bu artıq nə istirahət , nə yalandır.Buna vaxtı bilərəkdən uzatmaqdan başqa bir ad vermək olmaz.Beləliklə, həm mənim əsəblərimi pozmaq , həm də iki aylıq ilkin həbs dövrünü tamamlamaq istəirlər ki, bəlkə o vaxtadək məni "ifşa” edə biləcək dəlil-sübut əldə etsinlər.

14.02.90.Çərşənbə

Nəhayət ki, istintaqa çağırılmaq "şərəfinə” nail oldum.Kəskin surətdə narazılığımı və etirazımı bildirdim.Məni sakitləşdirməyə cəhd edərək bildirdi ki, iş çoxdur, adam çatışmır, həm də bütün faktları yoxlamaq lazımdır.

Bu gün axşam 9-dək işlədik.Yanvarın 18-dəki hadisələrlə də qurtardıq.Dedi ki, oğlunun 12 yaşı tamam olur, yoxsa saat 10-dək işləyərdi.”Nedelya” qəzetini göstərdi. Sərxoş "rezervistlərin” şəkilləri, Rusiyadakı etiraz mitinqlərinin şəkilləri var idi.Dedi ki, xüsusi təhqiqat gedir və hər kəs öz cəzasını alacaq.

Bu gün sessiya öz işinə başlayır.Cavan müstəntiqdən öyrəndim ki, bizim deputatlar Bakıdakı faciəni sessiyanın gündəliyinə salmağı tələb ediblər.

15.02.90.Cümə axşamı.

Saat 11-də müstəntiqin yanına getdim.Dedi ki, rəhbərliyin tapşırığı ilə mənim həbs olunmağımın təfsilatı haqqında xüsusi protokol yazmalıdır.Tələsik iki səhifəlik protokol yazdı və bildirdi ki, nümayəndəliyin dağıdılmasında təqsirkar olan adamlar cəzalarını alacaqlar.Dedi ki, nahardan sonra görüşərik, lakin yenə də yalançı çıxdı.

16.02.90.Cümə.

Yenə də hamam mərasimi və istintaqa çağırışı gözləmə prosesi.Çağırmadı.Açıq-aydın görünürk ki, "əsəb müharibəsi” gedir.Allaha şükür, əsəb sarıdan şikayətim yoxdur.Belə gərginlik və sarsıntıları çox keçirdiyim üçün öyrəncəliyəm.

17.02.90.Şənbə.

Bu gün Orxanın 10 ayı tamam olur.Heç özümə bağışlaya bilmirəm ki, indiyədək şəklini çəkdirməmişəm.Ancaq onsuzda kamerada şəkil saxlamağa icazə vermirlər.

18.02.90.Bazar.

Bu gün də həmişəki kimi boş keçdi.Ancaq Bakı prokurorunun adına ikinci ərizə yazdım və sabah göndərməliyəm.

(Ardı var)


Millət