Şriftin ölçüsü / 540

AMİP-dən sərt bəyanat

24 Fevral 2015 [14:25]

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə, 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsini Azərbaycan xalqının həyat səviyyəsinə və insanların maddi təminatına ciddi zərbə kimi qiymətləndirir.

AMİP bəyan edir ki, Milli Bankın Sədri Elman Rüstəmovun bir gün əvvəl KİV vasitəsilə manatın yumşaq devolvasiya ediləcəyi ilə bağlı verdiyi bəyanatın ertəsi günü rəhbərlik etdiyi qurum tərəfindən verilmiş bu qərar kəskin inflyasiyaya səbəb olmaqla yanaşı əhalinin maddi rifahının zəifləməsi fonunda insanların hökumətə güvənikliyinə sarsıdıcı zərbədir.

Verilmiş qərarın güya "milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib” tezisi ilə əsaslandırılması heç bir məntiqə sığmır.

Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, verilmiş qərar bütün maliyyə sferalarını, ipoteka fondlarını, maliyyə təşkilatlarını böyük ziyana salmış, orta və kiçik sahibkarlığın məhvinə, ən əsası isə ərzaq və digər zəruri tələbat mallarının bahalaşmasına səbəb olmaqla, Azərbaycan əhalisinə, xüsusilə də onun aztəminatlı hissəsinə ciddi zərbə vurmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan manatının ABŞ dollarına nisbətdə qəfil olaraq təqribən 34 faiz dəyərsizləşdirilməsi haqqında Mərkəzi Bankın qərarını hökümətin yürütdüyü yanlış siyasətin nəticəsi hesab edir və ölkə Prezidentini bu sahəyə cavabdeh olan və bu cür məsuliyyətsiz maliyyə siyasəti yürüdən şəxsləri cəzalandırmaqla yanaşı verilmiş qərarın ləğv edilməsinə çağırır.


Millət