Şriftin ölçüsü / 447

Normal halda partiyalar ideya ətrafında yaranmalıdır

06 Mart 2015 [14:32]
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

- Arzuxan bəy, qarşıdan gələn parlament seçkilərində deputatlığa namizədliyinizi irəli sürəcəyinizi açıqlamısız. Hansı dairədən namizəd olmaq fikrindəsiniz?

- Öncə qeyd edim ki, martın 15-də AMİP Mərkəzi Şuranın iclası keçiriləcək. Həmin iclasda seçkilərə hazırlıq, namizədlərin müəyyənləşməsi məsələsi müzakirə olunacaq. AMİP-in seçkilərdə iştirakı ilə bağlı qərarı həmin iclasda təsdiqlənəcək. Biz ölkədə keçirilən bütün parlament seçkilərində fəal iştirak etmişik. 2010-cu ildə keçirilən seçkilərdə təkbaşına iştirak etdim. Həmin seçkilərdə 70 dairə üzrə namizədimiz olmuşdu ki, bu da Yeni Azərbaycan Partiyası istisna olmaqla, digər siyasi partiyalardan çox idi. Parlament hakimiyyətin qollarından biridir və seçkili qurumdur. Mən də AMİP-in funksionerlərindən biri olaraq seçkilərdə iştirak etmək niyyətindəyəm. Mənim seçkilərdə iştirak etməyim və indidən istəyimi ifadə etməyim çox normaldır.

Hansı dairədən namizəd olmağıma gəlincə, hələlik bu barədə hələ qərar qəbul etməmişəm. Mərkəzi Şuranın iclasında məsələ müzakirə olunacaq, dairələr müəyyənləşəcək, ondan sonra mətbuata daha geniş açıqlama verəcəyik.

- Yenə də 30 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olmaq istərdinizmi?

- Yəqin ki, yox. Fərqli dairədən namizədliyimi irəli sürəcəm.

- Niyə?

- Səbəblər müxtəlifdir. Bunu açıqlamaq istəmirəm.

- Yeni dairəni hansı prinsiplərlə seçəcəksiz?

- Yeni dairəni seçərkən bir çox prinsipləri əsas götürəcəm. İlk növbədə AMİP-in elektoratının gücü nəzərə alınacaq. Şübhəsiz ki, burada digər amillər də var. Digər amilləri partiyada müzakirə edəndən sonra qərarımızı açıqlayacağıq.

- AMİP-in seçkilərdə blok halında iştirak etməsi mümkündürmü?

- Siyasətdə bütün variantlar mümkündür. Bu günə olan qərarımız belədir ki, AMİP seçkilərdə təkbaşına iştirak etsin. Bu, partiyanın ali orqanlarında bir daha müzakirə olunacaq. Biz ötən seçkilərdə də təkbaşına iştirak etdik. Təcrübə göstərir ki, AMİP təkbaşına iştirak etdiyi seçkilərdə daha çox uğur qazanır, nəinki blok halında iştirak etdiyi seçkilərdə. Qarşıda vaxt var.

- Qeyd etdiniz ki, AMİP seçkilərdə təkbaşına iştirak edəndə daha çox səs qazanır. Bunun səbəbi nədədir?


- Bunun bir neçə səbəbi var. Çox təəssüf olsun ki, müxalifətdə olan siyasi partiyalar seçkiöncəsi daxili qarşıdurmaya üstünlük verirlər. Bu da seçkilərin nəticəsinə pis təsir göstərir. Bizim seçkilərdə birgə əməkdaşlıq edə biləcəyimiz siyasi partiyalar var. Seçkiqabağı həmin partiyalarla ikitərəfli saziş imzalamağımız mümkündür. Mən AMİP-in baş katibi olaraq seçkilərdə təkbaşına iştirakı daha məqbul hesab edirəm. Seçkilərə blok halına qatılan partiyalar seçki prosesdində bir-birinə mane olurlar.

- AMİP digər siyasi partiyalarla centlmen anlaşma əldə edəcəkmi? Yəni partiya sədrlərinin namizəd olduğu dairələr boş buraxılacaqmı?

- Əlbəttə ki, belə anlaşmalar olacaq. Biz bu məsələni müzakirə etmişik. Müxalifətin nüfuzlu şəxslərinin namizəd olduğu dairələrdən namizəd irəli sürməyəcəyik. Həmçinin bizə yaxın olan partiyalarla əməkdaşlıq edəcəyik. Məsələn, hansısa dairədə birgə iş aparmaq, seçkilərə birgə nəzarət və s.

- Ölkədə ilk yaranan partiyalardan biri olmasına baxmayaraq, AXCP və Müsavat Partiyasından fərqli olaraq, AMİP uzun müddətdir parlamentdə təmsil oluna bilmir. Bunun səbəbi nə ilə bağlıdır?

- Biz ölkədə keçirilən bütün parlament seçkilərində fəal iştirak etmişik. Seçkilərdə də kifayət qədər səs toplamışıq. 2000-ci ilə qədər parlamentdə təmsil olunmuşuq. 2000-ci ildə AMİP-in iki üzvü seçkilərdə qalib gələrək parlamentə getdi. Amma AMİP-in qərarı var idi deyə, onları partiyadan uzaqlaşdırdıq. Qeyd edtdiyim kimi, AMİP ötən seçkilərdə 70 namizədlə çıxış etmək niyyətində idi. Amma onlardan 25-nin namizədliyi qeydə alındı. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində AMİP kifayət qədər uğur qazana biləcək.

- Hazırda digər müxalifət partiyaları - Müsavat Partiyası və AXCP-də parçalanmalar, böhran yaşanır. Bu mənada AMİP-də vəziyyət necədir?

- Mən başqa partiyaların daxilində baş verənlərə münasibət bildirmək istəmirəm. Baş verənlərə təəssüflənirəm. Partiyaların parçalanması ölkədəki demokratik mühitə mənfi təsir göstərir. AMİP-də də vaxtilə çaxnaşmalar, qopmalar, eyni zamanda digər partiyalardan bizə keçmələr, nüfuzlu şəxslərin AMİP-ə qoşulması halları olub. Hazırda AMİP-də yekdil komanda var. Gözləyirəm ki, bu yekdillik seçkilərdə də özünü göstərəcək.

- Nə üçün nüfuzlu liderlər partiya rəhbərliyindən gedəndən sonra parçalanmalar olur? Bu hal AMİP-də də olmuşdu.

- Azərbaycan müstəqillik əldə edəndən sonra siyasi şəxsiyyətlərin ətrafında bir neçə partiya yarandı. Bu partiyalar ideyalardan daha çox, konkret şəxsiyyətlərə söykənmişdi. Bu siyasi partiyaların sonrakı fəaliyyətində və ölkədəki mühitdə özünü göstərib. Siyasi liderlər öz postlarından çəkiləndən sonra təşkilatlarda çaxnaşma əmələ gəlir. Partiyada yeni sədrləri qəbul etməyən qüvvələr olur. Bu da müəyyən problemlər yaradır. Şübhəsiz ki, liderlərin siyasətdə rolu danılmazdır. Normal halda partiyalar ideya ətrafında yaranmalı və insanlar da həmin ideya ətrafında birləşməlidilər. Bu halda siyasi təşkilatlar daha ciddi uğur əldə edirlər, nəinki şəxslərdən asılı olanda.

- Hakimiyyətlə aparılan siyasi dialoq seçkiqabağı mühitə necə təsir göstərəcək?


- Bütün hallarda siyasi partiyalar arasında siyasi dialoqun olması təqdirəlayiqdir və hesab edirəm ki, cənab Əli Həsənovun rəhbərliyi ilə keçirilən dialoq seçkiqabağı mühitə müsbət təsir göstərəcək. Ölkənin yükünü bir siyasi partiya çəkə bilməz. Bu müxtəlif problemlərə gətirib çıxarar. Amma dialoq olan yerdə inkişaf, tərəqqi yaranır, cəmiyyət irəli gedir. Əgər hazırda keçirilən dialoq formal olmayacaqsa, bu, müsbət nəticə verəcək.

Ayxan