Şriftin ölçüsü / 841

"Demokratik prinsiplər Azərbaycanda bərqərar olmasa..."

10 Mart 2015 [14:21]
Son dövrlərdə həm cəmiyyətdə, həm də siyasi dairələrdə siyasi aktivlik tamamilə zəifləyib. Xüsusilə də müxalifət düşərgəsində bu zəiflik özünü daha qabarıq göstərib. Əgər bu ilin parlament seçkiləri ili olmasını nəzərə alsaq, onda siyasi dairələrin aktivliyi daha qabarıq şəkildə özünü büruza verməliydi. Ancaq bu il ölkədə bir sönüklük müşahidə olunur.

Bunu Xəzərİnfo-nun müsahibi olan Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov da təsdiq edib. O, bizimlə söhbətində, siyasi sönüklüklə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdı:

- Siyasi aktivliyin təmin olunması üçün nə etmək lazımdır?

- Siyasi aktiviliyi təmin olunması üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Cəmiyyətin aktiv təbəqəsinin siyasi proseslərdə iştirakına imkan verilməli və məhduddiyyətlər aradan qaldırılmalıdır. Doğrudur, bu məhduddiyyətlər birbaşa olmasa da, insanları çəkindirir. Siyasi aktivliyi yaratmaq üçün siyasi və vətəndaş institutlarının inkişafına sərbəstlik və dəstək verilməlidir. Maliyyə dəstəyi heç də hər şeyi həll etmir. İdeoloji çalarların da rəngarəngliyi önəm daşıyır. Hər kəs eyni baxışa, eyni düşüncəyə və yanaşamaya sahib ola bilməz. İnsanları növlərə, təbəqələrə, ögey-doğmalığa və yaxınlığa-uzaqlığa görə bölmək, fərqləndirmək olmaz. Konstitusiyamızda açıq-aydın göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyət öz mənbəyini xalqdan almalıdır. Bunun üçün hakimiyyət qollarının formalaşdırılmasında və idarəçiliyində xalqa imkan tanınmalıdır. Seçicilərə heç bir halda təsir etmək yolverilməzdir və bunun qanunvericliklə hüquqi məsuliyyəti var. Digər sahələrdə olduğu kimi siyasi sahədə də rəqabət mühiti yaradılmalıdır. Çoxpartiyalı siyasi sistemlər ona görə inkişaf edir ki, orada rəqabət var. Rəqabət olan yerdə də dinamiklik, çeviklik, siyasi qüvvələrin rotasiyası baş verir ki, bu da dayanıqlı stabillik və inkişaf yaradır. Azərbaycanda çoxpartiyalı siyasi sistem yox, partiyaların sadəcə kəmiyyət çoxluğu var. Bu partiyaların da yaradılması cəmiyyətin sifarişi ilə deyil, hansısa qrup və fərdin istəyi ilə, hakimiyyətin demokratik imitasiyasının gerçəkləşdrilməsinə xatir yaradılıb. İnkişaf etmiş ölkələrdə bir partiyanın, bir siyasi qüvvənin illərlə hakimiyyətdə qaldığını görmüsünüzmü?

Yaxud da, hansısa nazirin, eyni vəzifədə qocalıb əldən düşməsini eşitmisinizmi? Metal metaldır ki, onun da istismar müddəti olur. 80 yaşlı baş nazir Artur Rasizadənin faydalı iş əmsalı nə ola birər? Hökumətdə istismar müddəti, potensialı bitən yüksək rütbəli məmurlar az deyil. Onları əvəzləmək üçün kadrlar məncə, kifayət qədərdir. Belə hallardır inkişafın qarşısına sipər çəkən. Eyni hal qeyri-iqtidar düşərgəsi üçün də xarakterikdir. Görürsən ki, bir partiya sədri illərlə öz postunu heç kimə vermir. Postundan gedəndə isə etibar etdiyi və təsirində saxladığı varisinə ötürsə də nominal olaraq öz hakimiyyətini həmin partiyada saxlayır. Demokratik prinsiplər Azərbaycanda bərqərar olmasa, mütərəqqi yanaşmalar və idarəçilik tətbiq edilməsə, sivil dəyərlərə hörmət qoyulmasa tərəqqidən, davamlı sabitlikdən və siyasi aktivlikdən danışmaq sadəlövhlüküdür.

Bu sadaladıqlarım qısaca olaraq daxili faktorlardır. Sizin də bildiyiniz kimi dünya qloballaşdığınadan bir ölkədə, bir regionda gedən proseslər istər-istəməz başqalarından, o cümlədən, beynəlxalq aləmin subyekti olaraq Azərbaycandan da yan keçmir. Siyasi aktivliyə xarici faktorların bu və ya digər şəkildə təsiri də nəzərə alınmalıdır. Bu gün zahirən sizə elə gələ bilər ki, ölkədə hər şey qaydasındadır, hər şey nəzarətdədir, sabitlik var və s. Lakin unutmamalıyıq ki, Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir və müxtəlif mədəniyyətlərin və inancaların vətəni olmaqla bahəm, maraqların toqquşduğu bölgədir. Məhz bu baxımdan da hər hansı təhlükələri önləmək üçün demokratik dəyərlərə söykənən siyasi aktivliyə nail olmaq hər kəsdən çox bizə lazımdır.

- Bu gün siyasətdə qadınların aktivliyi qaneedicidirmi?

- Ta qədimdən Türk xalqlarının qadına baxışları tamam fərqli olub. Bəzi xalqlardakı kimi, qadın ailə-məişət, nəsil artırmaq kimi funksiyaların icrasıçısından üstün tutulublar. Türk qadını döyüşçü, arxa-dayaq, məsləhətçi, sərkərdə, alim, tərbiyəçi və yol göstərən olublar. Təsadüfi deyil ki, Şərqdə ilk səvermə hüququ qadınlara 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin vaxtında verilib. Halbuki Avropanın bəzi ölkələrində ötən əsrin ortalarınadək qadınlarda belə hüquqlar tanınmayıb. Azərbaycan qadınında kişiyə böyük etimad və hörmət hissi, həmçinin təvəzökarlıq olduğundan çox vaxt özünün müəyyən hüquqlarından könüllü imtina edir. Bəzən elə düşünür ki, güya kişi görəcəyi işi daha keyfiyyətli, daha yaxşı edəcək, yaxud da kişilər fövqəladə gücə sahibdirlər. Bu yanlış təsəvvürdür. Təcrübə göstərir ki, qadınlar kişilərə nisbətən daha məsuliyyətli və daha işgüzar olurlar. Eyni zamanda zərif cins hesab etdiyimiz qadınlar inkişafa, yeniliyə inadkarcasına səy göstərir, ən çətin işlərin öhdısindən bacarıqla gələ bilirlər. Ona görə də hesab edirəm ki, qadınların siyasətə qoşulması, içtimai həyatımızın bütün sahələrinə nüfuz etmələri faydalı olardı. Qadın fəaliyyəti stumullaşdıra bilər. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, inkişaf etmiş ölkələrdə ictimai və siyasi həyatda qadınların xüsusi çəkisi bəzi sahələrdə kişiləri qabaqlayır. Azərbaycan qadını da fəaldır. Lakin bunu qaneedici səviyyə saymaq olmaz. Hesab edirəm ki, qadının ağlından, potensialından dövlətimizin və cəmiyyətimizın inkişafı, gələcəyi üçün daha çox istifadə etmək olar. Şəxsən mən, hökümətdə əsas postlardan bir və bir neçəsinin qadına həvalə edilməsinin tərəfdarıyam. Xüsusən, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə rəhbərlik qadınlara daha çox yaraşır.

Yeri gəlmişkən, onu da deyim ki, qadınların siyasi və ictimai aktivliyinə qısqanc yanaşmalar hələ də qalmaqdadır. Xüsusən də, bölgələrimizdə qadınlar öz hüquqlarından istifadə etməyə çətinlik çəkirlər. Gender bərabərliyi tam qorunmur. Müxalifət partiyalarına qadınların meyillənməsində ciddi problemlər var. Çünki Azərbaycanda müxalifətçi olmaq repressiya, təzyiq, qınaq, təqib kimi təhlükələrlə hər an üzləşmək deməkdir. Həm də sosial-məişət, iqtisadi problemlər qadınların nəinki siyasi həyatda görünməsinə, eyni zamanda onun asudə vaxtını mənalı keçirməsinə, istirahət etməsinə imkan vermir.

Qadınları siyasi və ictimai həyada məşğulluğunu araşdırma aparsaq görəririk ki, ölkənin Cənub, Mil-Muğan və Şirvan bölgəsi ilə müqayisədə Şimal və Qərb bölgəsində yaşayan qadınlar daha fəal, daha kütləvidir. Bu fərqlilik isə şəhər mühiti, dinin təsirinin yüksək olması və coğrafi məkanla bağlı yaranan fərqlilikdir. Lakin ümid edirəm ki, qadınlar Azərbaycanda nəyə qadir olduqlarını bir daha sübut edəcəklər. Onlar üçün də geniş imkanlar və fürsət yaranacaq.

- Siyasi aktivliyin artması üçün partiyalar nə etməlidir?

- Yuxarıda da vurğuladığım ki, ölkədə siyasi aktivliyin yaranmasında siyasi partiyaların, vətəndaş cəmiyyətinin və medianın müstəsna rolu var. Bu üç müstəqil institutlar zəiflədiləndən və sıradan çıxarılandan sonra cəmiyyətdə süstülk və ətalət yaranır. İdeyalar və təşəbbüslərin, habelə dəyərlər uğrunda mübarizəinin yerini icraçılıq, yaltaqlıq, məddahlıq, ikiüzlülük və bu kimi neqativ hallar tutur ki, bu da təklükəli sosial-psixoloji bəlaya çevrilir.

Hamı əmr və göstəriş gözləyir. Məhz bu bəlaların olmaması üçün siyasi partiyalar və bu partiyalar arasında rəqbət lazımdır. Uzun illər aparılan siyasət ona gətirib çıxardı ki, çoxpartiyalı siyasi sistemin stünları dağıdıldı. Cəmiyyətin müəyyən hissələrinin inandığı və arxasınca getdiyi liderlər siyastədən və siyasi proseslərdən uzaqlaşmaq məcburiyyətində qoyuldular, partiyalara və partiyalılığa gəlir, qazanc və vəzifə-mənsəb vasitəsi kimi baxıldı. Dövləti idarə edənlərin pencəkləri, istifadələrindəki xarici avtomobillərini tez-tez dəyişsələr də təfəkkürləri, dünyagörüşləri və fəlsəfi yanaşmaları heç dəyişmədi. Onlar fərqli düşünənlərə, tənqid deyənlərə, müstəqil fikir bildirənlərə düşmən kimi baxdılar.

Bu gün siyasi partiyaların cəmiyyətə və siyasi proseslərə təsir etməsi üçün imkanları əllərindən alınıb. Hər hansı bir subyektin iş görməsi və fəaliyyət göstərməsi üçün onun ixtiyarında alət və vasitələr olmalıdır. Azərbaycandaki siyasi partiyalarda bunların heç biri demək olar kı yoxdur. Hətta, hakim partiya sayılan Yeni Azərbaycan Partiyası da mərhum prezident H.Əliyevin hakimiyyəti dönəmindəki əhəmiyyətə, təsirə və nüfuza malik deyil. Həmin partiya idarəçilikdə və qərarların qəbulunda formal iştirak edir. Əvvəlcə fərd aktiv olmalıdır ki, cəmiyyət də aktivləşsin. Bunun üçün də vacib olan şərtləri geniş sadalamadan konkterləşirərək deyim ki, fərdin fərdi maraqlarını gerçəkləşdirmək üşün siyasi fəaliyyətlə perspektivini görmür. İstər iqtidarda olsun, istər müxalifətdə. Bu isə individuallığa, xüsusi keyfiyyət və bacarıqların üzə çıxarılmasına maneçilik törətməklə yanaşı, arxayınlıq, pessimistlik, tənbəllik, passivlik, ələbaxımlıq kimi mənfi xüsusiyyətlər yaradır. Amma mən iddia etmirəm ki, hər şeyin sonudur və heç nəyin mənası yoxdur.

Bildiyiniz kimi 2015-ci il seçki ilidir. Ölkə parlament seçkilərinə gedəcəyindən cəmiyyətdə hərəkətlilik olacaq. Yaxşı olardı ki, hakimiyyət demokratik mühit yaratmaqla xalqın siyasətə, siyasi proseslərə və gələcəyə olan ümidlərini artırsın. Hər kəsə bacarığına və qabiliyyətinə görə qiymət verilsin. Eyni zamanda cəmiyyətin özü də, hər bir vətəndaş da gərək öz qurduğu dövlətinə sahib dursun, biganəliyə və bivecliyə son qoysun. Partiyalari xalqla fərdi qaydada işləməlidir. İnandırmağa çalışmalıdır. Ən vacib şərtlərdən biri də rəqabətdə etik qaydaları, siyasi mədəniyyəti gözləməlidir.

- Siyasi mədəniyyət sizcə nədir?

- "Yeni doğulan uşağımı necə tərbiyə edə bilərəm” sorusuna dahilərdən birinin cavabı belə olur ki, əgər cəmiyyət tərbiyəlidirsə, buna ehtiyac yoxdur. Siyasi mədəniyyət həm fərdi, həm ictimai məzmun daşıyır. Bir adamın fərdi olaraq tərbiyəsində, mədəniyyətində problem varsa, onu siyasətə də gətirəcək. Mənə görə siyasi mədəniyyət şəxsin davranışlarından, ictimai yerdə və cəmiyyətdə özünü aparmasından başlayır. Siyasi mədəniyyət siyasətçinin sözünün və imzasının arxasında durması, dedikləri ilə əməlinin üst-üstə düşməsi, kimliyindən asılı olmayaraq rəqiblərinə hörmət göstərməsi, daşıdığı ideyalarına, prinsiplərinə sadiqliyi və dəyərlərə sayğı deməkdir. Siyasətçidə siyasi mədəniyyət çox vacib şətrdir. Demokratik ölkələrdə seçki prosesində siyasi mədəniyyət o qədər önəm daşıyır ki, hətta, bu siyasətçinin seçki prosesi zamanı taleynə birbaşa təsir edir.

Bəzən elə hesab edirlər ki, siyasətdə hər şey məqbuldur və makiavelist yanaşma olan "məqsəd vasitəyə bəraət qazandırır” keçərlidir. Lakin hər şeydən əvvəl biz Şərqli, Tük və Müsəlmanıq. Nə yazıqlar ki, Azərbaycanda hələ də siyasi mədəniyyət tam formalaşmayıb. Ümid edirəm ki, bu kəm-kəsir də aradan qalxacaq və siaysi mədəniyyət anlayışı siyasətçilərimizdə əsas meyarlardan birinə çevriləcək.

Cavad CAVADLI


Millət