Şriftin ölçüsü / 608

”Ermənistanın işğalçılıq siyasəti təkcə region üçün təhlükə törətmir"

12 Mart 2015 [16:24]
Son zamanlar Ermənistanda insan hüquq və azadlıqlarının pozulması beynəlxalq aləmdə belə ciddi reaksiyalar yaratmaqdadır.Çünki bu tək Ermənistanda ictimai-siyasi duruma mənfi təsir etmir, həm də bütünlüklə region üçün təhlükə yaradır. Elementar bir fakta baxaq. Zaman-zaman Ermənistanda insan haqları pozulduqca müşahidə edirik ki, erməni toplumunda bir tərəfdən aqressiya kifayət qədər artır, digər tərəfdən isə Ermənistan hakimiyyəti bu aqressiyanı Dağlıq Qarabağ münaqişəsinə istiqamətləndirməklə daxili narazılığı ört-basdır etməyə çalışır.

Diqqət yetirsək görərik ki, son bir il ərzində Ermənistanda daxili gərginlik artdıqca, insan hüquq və azadlıqları pozulduqca Dağlıq Qarabağ cəbhəsində sistemli şəkildə atəşkəsi pozur və yeni gərginlik ocaqları yaratmağa çalışırlar. Bu isə artıq beynəlxalq qurumları da narahat edir və bununla bağlı BMT açıqlamalarla çıxış edib. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindən bildirilib ki, Ermənistanda insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyəti üçün şərait yaradılmamışdır. Ermənistan ombudsmanına məhbuslarla görüşmək imkanı verilmir ki, bunun da səbəbi hakimiyyətin məhbusların hüquqlarının pozulması faktlarının aşkarlanmasını istəməməsi ilə bağlıdır.

Ermənistanda yalnız məhbusların deyil, qadın və uşaqların da hüquqlarının tez-tez və kütləvi şəkildə pozulması müşahidə edilmişdir.

Məruzə müəllifləri bildirmişlər ki, Ermənistanda siyasi baxışlarına görə təqib olunanların sayı artmışdır.

BMT-nin İnsan Hüquqları üzrə Komitəsi Ermənistan hakimiyyətindən insan hüquqlarına hörmətlə yanaşmağı və vətəndaş cəmiyyətinin formalaşması üçün şəraitin yaradılmasını tələb etmişdir.

BMT-nin insan hüquqları üzrə baş komissarı Zeyd Raad əl-Hüseyn isə Ermənistanı insan hüquqları üzrə prinsiplərə riayət etməyə çağırıb. Baş komissar bir sıra ölkələrdə, o cümlədən Ermənistanda, Rusiyada və Türkiyədə sərbəst fikir ifadəsinin azadlığına qoyulan məhdudiyyətlərlə əlaqədar narahatlığını bildirib.

O, günahsızları qorxudan hakimiyyətlərə qarşı mübarizə aparılmasının zəruriliyini söyləyib və həmin ölkələrdə iqtidarları israrla insan hüquqları prinsiplərinə riayət etməyə çağırıb: "Bu məsələ bizi dərin şəkildə narahat edir. Çox ölkələrdə fikir ifadəsi azadlığını məhdudlaşdırırlar. Belə ölkələrdə – Ermənistan, Banqladeş, Burundi, Konqonun Demokratik Respublikası, Misir, Macarıstan, Fələstin, Rusiya, Səudiyyə Ərəbistanı, Tanzaniya, Tailand, Türkiyə, Venesuela, Vyetnam və Myanmada islahatlara ehtiyac var.”

Ermənistanda insan hüquq və azadlıqlarının sistemli şəkildə pozulmasına münasibət bildirən politoloq Əli Orucov "Unikal” qəzetinə maraqlı açıqlama verib:”Ermənistanın işğalçılıq siyasəti təkcə region üçün təhlükə törətmir, eyni zamanda beynəlxalq sülhün qorunmasına cidd maneədir. Çünki bu siyasətə dəstək verən və şirnikləndirən dövlətlər var. Ermənistanda terror və insan oğruluğu, düşmənçilik, başqa millətlərə nifrət hissi o qədər güclüdür ki, bütün bunları heç faşit diktaturasındakı vəziyyətlə də müqayisə etmək doğru olmazdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyondan artıq insanı öz təbii hüquqlarından məhrum edilib. Minlərlə insanın həyatına son qoyulub, yüzlərlə soydaşımız əsirliyin ağırlığını çəkir .Ermənistan hakimiyyəti həm də öz vətəndaşlarına da zülüm edir. Məcbur edir ki, ağır blokada, dünyadan tədric vəziyyətdə səfil-sərgərdan yaşasın. Sanki erməni vətəndaşlar da öz ölkələrində girovluqda yaşayırlar. Günün günorta çağı parlamentə girib millət vəkilləri gülləboran edilirsə, siz burada insan haqlarının pozulmasını aydın təsəvvürünüzə gətirə bilərsiz. Əgər Ermənistanın təhdidləri olmasyadı bu gün region planetimizin ən inkişaf etmiş, ən stabil və demokratik guşələrindən birinə çevrilərdi”.


Millət