Şriftin ölçüsü / 819

Partiyalar çıxış yollarını aradılar

13 Mart 2015 [15:56]
Martın 13-də Bakıda Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə "Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ona yaxın siyasi partiyanın təmsilçisi iştirak edib. AMİP sədri Yusif Bağırzadə ilk olaraq çıxış edərək bildirib ki, siyasi partiyaların problemləri çoxdur. Bunların arasında hakimiyyətin yaratdığı problemlərlə yanaşı, partiyaların öz daxilindən qaynaqlananlar da var. O, partiya rəhbərlərini və təmsilçilərini problemlərin müzakirəsinə dəvət edib.

AMİP baş katibi Arzuxan Əlizadə müasir partiyaların yaranması haqqında danışaraq deyib ki, birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid böyük nailiyyətdir. Onun sözlərinə görə, bir çox partiyalar fəaliyyəti donmuş şəkildədir və hakim partiya ilə müqayisədə geri qalırlar: "Digər partiyalar da geniş resurslara malik olmalıdır. Belə olmadıqda ölkədə həm dini, həm də siyasi radikalizm artır. Hesab edirəm ki, bir tədbirlə mövcud vəziyyəti həll edə bilmərik. Ona görə də bu müzakirələr mütəmadi keçirilməlidir”.

AXP sədri Pənah Hüseyn isə partiyaların düşdüyü durumu Azərbaycanda mövcud siyasi rejimlə bağlayıb: "Azərbaycanda avtoritar və yaxud başqa terminlə desək, imitasyon demokratiya rejimi mövcuddur. Bu halda hansı islahatlar aparırsınız aparın, siyasi partiyalara qərargah verin və sair, heç nə dəyişməyəcək. Çünki bunun kökü hakimiyyətin qurduğu rejimlə bağlıdır. Rejim dəyişməsə, siyasi partiyalarla bağlı köklü dəyişikləri də müşahidə edə bilməyəcəyik. Avtoritar rejimin dəyişməsindən sonra ölkədə kardinal dəyişikliklərə nail olmaq mümkün olar. Burada da söhbət birinci azad və demokratik seçkilərin təşkilindən gedir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirib ki, partiyaların problemlərini komplektləşdirmək lazımdır. Onun sözlərinə görə, problemlər və təkliflər irəli sürüb onları hakimiyyətə bir neçə partiyanın adından göndərmək lazımdır: "Biz təklifləri paket şəklində verək. Bunlara əməl eləməsələr, irad tutmaq üçün yer qalsın”.

ADP sədrinin müavini Taliyət Əliyev qeyd edib ki, siyasi partiyaların inkişaf etməsi üçün ölkədə münbit şərait yoxdur. Onun sözlərinə görə, sivil qaydada siyasi mübarizə aparan partiyalar sıradan çıxarıldıqca yerini radikal mübarizə yolunu aparan qruplar tutur. O da problemləri diqqət mərkəzində saxlamağın vacib olduğunu vurğulayıb.

"Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə deyib ki, partiyaların arasındakı normal olmayan, hətta bəzən mətbuat səhifələrində təhqir səviyyəsinə çıxan münasibət vətəndaşları siyasi partiyalardan çəkindirir. Onun sözlərinə görə, partiyaların qarşılaşdıqları problemlər hakimiyyətin siyasi partiyalara münsibətdə yaratdığı vəziyyətdir: "Hakimiyyət istəmir ki, partiyalar cəmiyyətdə normal yer tutsun”. Digər çıxış edənlər də partiyaların qarşılaşdıqları problemləri sadalayıblar, həmçinin, problemdən çıxış yolları təklif ediblər.


Millət