Şriftin ölçüsü / 966

Əhliman Əmiraslanov: “Dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik”

18 Mart 2015 [17:35]

Bu gün Azərbaycan Tibb Universitetində "Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir. Tədbirdə Azərbaycan və Türkiyənin tanınmış hematoloqları ilə yanaşı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan mütəxəssislər də iştirak edirlər.

Konfransda giriş nitqi ilə çıxış edən rektor, akademik Əhliman Əmiraslanov əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli elmi konfranslar keçirildiyini bildirən rektor Ə.Əmiraslanov bu tədbirlərdə dünyanın bir çox ölkələrindən aparıcı mütəxəssislərin iştirak etdiyini vurğulayıb: "Azərbaycan Tibb Universiteti olaraq biz müxtəlif ölkələrin tibb sahəsindəki alimlərinin iştirakı ilə toplantıların təşkilinə böyük önəm veririk. Çünki müasir dövrdə heç bir sahə təkbaşına inkişaf edə bilməz. Ona görə də dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik”. Millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, adətən elmi konfranslar üçün plan hazırlananda həm Azərbaycan, həm də bütün dünya ictimaiyyətini narahat edən, əhalinin sağlamlığı üçün problem yaradan məsələlərə diqqət yetirilir: "Bu gün toplaşdığımız konfransın mövzusu da elmi araşdırmalar baxımından çox böyük önəm daşıyır. Çünki müasir tibbdə qan və qan komponentlərinin hazırlanması inkişaf edir. Bir neçə il əvvəl yalnız qandan istifadə etməklə kifayətlənirdiksə, indi bu, bizi təmin etmir. Hazırda qanın ayrı-ayrı komponentlərindən istifadə sahəsində tədqiqat işləri, təcrübədə tətbiqi sahəsində çox böyük uğurlar qazanılıb”. Rektor Əhliman Əmiraslanov konfrans iştirakçılarına uğurlar arzulamaqla nitqinə yekun vurdu.

Daha sonra elmi-praktik konfransda mövzu ilə bağlı müxtəlif məruzələr səsləndirilib. Türkiyədən Terumo BCT-nin mütəxəssisi Meral Filiz Somunyudan "Spectra Optia-nın protokol və imkanları”, ATU-nun Tədris Terapevtik Klinikasının Hematalogiya şöbəsinin müdiri Valeh Hüseynov "Çoxsaylı mielom xəstələrində periferik kök hüceyrə toplanma prosedurunun dəyərləndirilməsi” mövzusunda çıxış edib. Med Tech Solutions Gmbh-nin mütəxəssisi Cağatay Deliktaş "Ekstrakorporal fototerapiya” mövzusunda fikirlərini açıqlayıb.

Fasilədən sonra Talassemiya Mərkəzinin transfuzioloqu Kamran Əhmədov "Qanın yardımçı aparatla işlənməsi ilə plamaferez” mövzusunda çıxışı ilə konfransı davam etdirəcək. Sonda isə ATU-nun Tədris Terapevtik Klinikasının aferez üzrə mütəxəssisi Xəyalə Qafarovanın iştirakı ilə Spectra Optia ilə praktik hissə təqdim ediləcək.


Nazilə