Şriftin ölçüsü / 889

“Uydurma erməni soyqırımı və əsil həqiqətlər” mövzusunda konfrans keçirilib

30 Mart 2015 [14:36]
30 mart 2015 tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Beynəlxalq Diaspor Mərkəzi (BDM), Milli QHT Forumu (MQF) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə "Uydurma erməni soyqırımı və əsil həqiqətlər” mövzusunda konfrans keçirilib

Mərkəzin Mətbuat Xidmətindən "Millət"ə verilə məlumata görə, konfransda öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra BDM sədri İsmayıl Ağayev tədbirin məqsədi haqqında iştirakçılara məlumat verib. Daha sonra DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək, iki əsrdə ermənilər tərəfindən Azərbaycana və türk dünyasına qarşı həyata keçirilən soyqırımı cinayətlərindən danışıb. O, bu cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və hüquqi-siyasi qiymətinin alınması üçün Azərbaycan diasporunun daha da fəal çalışmasının vacibliyini bildirib. Daha sonra konfransda iştirak edən Türkiyəli qonaq Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy çıxış edərək 31 mart soyqırımı ilə bağlı Türkiyə parlamentinə müraciət etdiklərini və beynəlxalq aləmdə bu istiqamətdə BDM ilə birgə fəaliyyət yürütdüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransda iştirak edən MQF-nin prezidenti Rauf Zeyni, millət vəkili Fazil Mustafa, akademik Vəli Əliyev, İsrail – Azərbaycan Konqresinin sədri Aleksey Şapiro, DAK və BDM aparat rəhbəri Samir Adıgözəlli, DAK daimi şurasının sədri Əjdər Tağızadə, QAT sədri Akif Nağı, İradə Rizazadə, Natiq Bədəlov və başqaları öz çıxışlarında ermənilərin iki yüz ildə xalqımıza qarşı həyata keçirdikləri soyqırım cinayətləri haqqında tarixi faktlardan danışıblar. Tədbirdə həmçinin rəssam Səyyar Əliyevin Qarabağa və soyqırıma həsr etdiyi əsərlər nümayiş olunub. Sonda bəyanat qəbul edilib.
Bəyanatda deyilir:

1918-ci il mart qırğınları Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi-hüquqi qiymətini almamış qanlı soyqırım hadisəsidir. Tarixi sənədlər sübut edir ki, 1918-ci ildə Cənubi Qafqazda öz dədə-baba yurdlarında etnik təmizləmə və soyqırıma məruz qalan yüz minlərlə Azərbaycan türkü erməni daşnakları tərəfindən kütləvi surətdə öldürülmüş və yaşadıqları ərazilərdən deportasiya olunmuşlar.

Təkcə 1918-ci ilin martında Urmiya, Xoy, Maku, Qars, Van, Ərzurum, Salmas, Bakı, İrəvan, Zəngəzur, Göyçə, Vedi, Pəmbək, Dərələyəz mahalları, Gəncə, Lənkəran, Şamaxı, Quba, Kürdəmir, Naxçıvan və s. şəhərlərdə yüz əlli mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Urmiyada bir günün içərisində ABŞ, Fransa, Rusiya konsullarının gözləri qarşısında on mindən çox adam öldürülmüşdür.
1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırım zamanı on beş mindən artıq Azərbaycan türkü qətlə yetirilmişdir.

Erməni şovinistlərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir və onun ağır nəticələri yüz minlərlə soydaşlarımızın qaçqına çevirmişdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi - (822, 853, 874, 884) dörd qətnamənin tələbləri ermənilər tərəfindən yerinə yetirilmir. Azərbaycan Respublikasının iyirmi faizdən çox ərazisi Ermənistanın işğalı altındadır, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu ədalətsizliyə nədənsə göz yumurlar. Erməni lobbisi isə bu dövlətlərə təziq göstərməkdə davam edir ki, 24 aprel günü "erməni soyqırımı” günü elan edilsin. Inanırıq ki, dünya birliyi erməni uydurmalarına və tarixi yalanlarına inanmayaraq haqq və ədalətin bərqərar olmasına dəstək verəcəkdir. Biz bu bəyanata imza atan təşkilatlar beynəlxalq qurumları və xüsusi ilə qərb dövlətlərini ikili standartlardan əl çəkərək işğalçı, terrorçu, soyqırım törədmiş Ermənistana qarşı təzyiq göstərməyə çağırırıq.


1. Beynəlxalq Diaspor Mərkəzi
2. Dünya Azərbaycanlıları Konqresi
3. Azərbaycan Milli QHT forumu
4. Beynəlxalq Əsilsiz Erməni İddialarına
Qarşı Mücadilə Dərnəyi (Türkiyə)


Nazilə