Şriftin ölçüsü / 659

"Bu düşmənin dəyirmanına su tökmək kimi bir şeydir"

30 Mart 2015 [14:52]
Yusif Bağırzadə: "Onlar Azərbaycanı istəməyən qüvvələrdir”

"Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi lazım idi və bununla bağlı verilən qərar da doğrudur. Hər bir Azərbaycan vətəndaşı bu prosesə dəstək verməlidir. Bu, mühüm tədbirdir. Hamımız çalışmalıyıq ki, Azərbaycan dövlətinin və millətinin başı uca olsun. Bunun üçün də ”Eurovision" kimi Avropa Yay Olimpiya Oyunlarının da yüksək səviyyədə keçirilməsinə nail olmalıyıq. Hesab edirəm ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək. Mənim buna ciddi şübhəm yoxdur. Bir daha qeyd edirəm ki, Avropa Yay Olimpiya Oyunlarına dair xaricdən və daxildən olan boykot çağırışları əsassızdır, heç bir məntiqə və reallığa söykənmir, hüququ əsası yoxdur. Bu, Azərbaycanı sevməyən qüvvələrin ortaya atdığı əsassız fikirdir və işləməyəcək".

Bunu qəzetimizə müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik.

- Yusif bəy, ötən həftə siyasi partiyalarla bağlı dəyirmi masa təşkil etmişdiniz. Bu tədbiri təşkil etməkdə məqsəd nə idi?

- Biz mütəmadi olaraq müxtəlif mövzularda tədbirlər təşkil edirik. Siyasi təşkilatların bir araya gəlməsi, müxtəlif mövzular haqda fikirlərini səsləndirməsi müsbət haldır. Bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Bildiyiniz kimi, hakimiyyətlə müxalifət partiyaları arasında görüşlər keçirilir, faktiki dialoq mühiti mövcuddur. Bizim təşkil etdiyimiz tədbirin bir məqsədi də siyasi partiyalar arasında mövzu-konsensusun əldə edilməsi idi. İki ay əvvəl hakimiyyət-müxalifət görüşü zamanı qeyd olundu ki, siyasi təşkilatlar gələcək dialoq zamanı müzakirə ediləcək məsələləri ortaya qoysunlar, bu haqda öz aralarında müzakirələr keçirsinlər. Biz ona görə bu tədbiri keçirdik ki, mövzular müəyyən olunsun. Biz əsasən siyasi partiyalarda mövcud olan problemləri və perspektivləri müzakirə etdik. Hesab edirəm ki, tədbir kifayət qədər sanballı keçdi, ölkənin siyasi palitrasını əhatə etdi. Müzakirələr zamanı səsləndirilən təkliflər də çox oldu.

- Konkret olaraq bu tədbir zamanı siyasi partiyalar hansı mövzuda razılığa gələ bildilər?

- Kifayət qədər çıxışlar və təkliflər oldu. Ancaq siyasi mövqeyindən və düşərgəsindən asılı olmayaraq bütün partiyalar bir məsələdə ortaq məxrəcə gələ bildi. Başqa sözlə, bütün siyasi qüvvələr gələcəkdə proporsional seçki sisteminin bərpasının mümkünlüyünü qeyd etdi. Bu məsələdə konsensus əldə edildi. Bizdə 2002-ci ildə qədər belə bir seçki sistemindən istifadə edilib. Gələcəkdə də bu sistemə yenidən müraciət edilə bilər.

- AMİP olaraq sizin əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir, daha çox nələri prioritet hesab edirsiniz?

- Bizim əsasən üç fəaliyyət istiqamətimiz var. Bunlardan birincisi, qarşıdan gələn parlament seçkilərində iştirak, bu məqsədlə ciddi seçki hazırlığı. Bununla bağlı yaxın günlərdə AMİP Mərkəzi Şurasının siyasi qərarı olacaq. İkinci istiqamətimiz ondan ibarətdir ki, seçkilərdə iştirak edəcək bütün siyasi qüvvələrlə fəal əməkdaşlıq edək. Bununla bağlı bir əməkdaşlıq modeli işləyib hazırlayaq. Bu istiqamətdə müəyyən addımlarımız olacaq. Üçüncü istiqamət isə AMİP-in beynəlxalq əlaqələrinin inkişaf etdirilməsidir. Bildiyiniz kimi, AMİP-in ciddi və geniş beynəlxalq əlaqələri var. Biz çox güman ki, bu il Avropa Xalq Partiyasının üzvü olacağıq. Bu da bizim əsas prioritetimizdir. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası da Avropa Parlamentində Avropa Xalq Partiyası fraksiyasında təmsil olunur, burada namizəd statusunda iştirak edir. Bizim də burada statusumuz namizəd statusuna yaxındır. Həm YAP, həm də AMİP bu quruma tam hüquqlu üzv olmaq istəyir. Beləliklə, 2015-ci il üçün bizim əsas fəaliyyət istiqamətimiz parlament seçkiləri, siyasi partiyalarla əməkdaşlıq və beynəlxalq istiqamətdə Avropa Xalq Partiyasına üzv olmaqdan ibarətdir. Biz də bu üç istiqamətdə ciddi fəaliyyət içindəyik. Hesab edirəm ki, hədəflərimizə çatacağıq.

- Seçkilərdə AMİP-in iştirakı formatı necə olacaq?

- AMİP bütün hallarda qarşıdan gələn parlament seçkilərində iştirak etməkdə qərarlıdır. Mərkəzi Şura seçkilərdə iştirak məsələsini müzakirə edəcək. Müzakirələrin nəticəsi olaraq seçkilərə blok şəklində və ya təkbaşına gedəcəyimiz haqda qərarımızı verəcəyik. Mən AMİP sədri kimi deyə bilərəm ki, böyük ehtimalla qərar seçkilərə partiyanın təkbaşına getməsi istiqamətində olacaq.

- Siyasi partiyalarla digər mövzularda dinləmələr təşkil edəcəksinizmi?

- Bizim əsas məqsədimiz siyasi partiyaların bu əməkdaşlıq platformasında qeyd etdiyim üç istiqamətdə fəaliyyətimizi davam etdirməkdir. Yeri gəlmişkən, AMİP-in son tədbiri mediada çox geniş işıqlandırıldı. Bu əməkdaşlıq platformasında bizim görüşlərimiz davamlı xarakterdə olacaq. Bu sırada siyasi partiyaların durumunun yaxşılaşdırılması, siyasi sistemin möhkəmləndirilməsi, əməkdaşlıq istiqamətində addımlarımız davam edəcək. Ola bilsin ki, gələcəkdə karbohidrogen ehtiyatları mövzusunda yeni müzakirələr təşkil etdik. Bir sözlə, mövzular müxtəlifdir. Əsas məqsədimiz də siyasi partiyaların fəaliyyətinin daha gücləndirilməsi, təkmilləşdirilməsidir. Ola bilsin ki, gələn ay növbəti dialoq baş tutsun. Həmin zaman biz yəqin ki, bir sıra məsələləri qaldıracağıq. Mən görüş zamanı cənab Əli Həsənova bildirdim ki, siyasi partiyalara dəstək fondunun yaradılması mümkündür. Bildiyiniz kimi, QHT-lər və media ilə bağlı belə fond yaradılıb. Hesab edirəm ki, siyasi partiyalarla bağlı da dövlət belə bir fond yarada bilər.

- Apreldə yenidən iqtidar-müxalifət görüşü gözlənilir. Siyasi partiyalar müzakirə etmək istədiyi məsələləri öz aralarında razılaşdıra bilibmi?

- Bizim siyasi partiyalarla birlikdə keçirdiyimiz dəyirmi masa həm də siyasi partiyaların öz aralarında təmasların davam etdirilməsinə, konsensusa gəlinməsinə, hamının müdafiə edəcəyi mövzuların əldə olunmasına xidmət edir. Belə müzakirələr zamanı fikirlərin toqquşmasından yeni ideyalar meydana gəlir. Qeyd etdiyim kimi, artıq siyasi partiyalar şifahi olsa da, bir konsensusa gəldi. Elə bir siyasi partiya təmsilçisi olmadı ki, proporsional seçki sisteminin tətbiqinə qarşı çıxsın. Əksinə, hər bir partiya bu təşəbbüsə müsbət yanaşdı. Yeri gəlmişkən, son görüşümüz zamanı cənab Əli Həsənov təklif etdi ki, siyasi partiyalar öz təkliflərini irəli sürsün, sonra müzakirəyə çıxarılacaq mövzu bu təkliflər içərisində seçilsin. Biz də hazırda bu tipli təkliflərimizi hazırlayırıq. Bu təkliflərdən biri də siyasi partiyalarla birgə müzakirə etdiyimiz proporsional seçki sisteminin tətbiqidir. Fikrimcə, gələcəkdə bunun tətbiq edilməsi haqqında düşünmək olar.

- Yusif bəy, son zamanlar Bakıda keçiriləcək birinci Yay Avropa Olimpiya Oyunlarının boykot edilməsinə dair çağırışlar var. AMİP olaraq bu çağırışları necə qiymətləndirirsiniz?


- Birincisi, biz bu mövqeyi bölüşmürük. İkincisi, hesab edirik ki, xaricdən Avropa Yay Olimpiya Oyunlarının boykot edilməsi haqqında çağırış edən qüvvələr Azərbaycanı istəməyən qüvvələrdir. Siyasətlə idmanı bir yerə qatmaq olmaz və bu, doğru da deyil. Həm də hesab edirik ki, ölkəmizin daxilindən kiminsə bu cür boykot çağırışlarına dəstək verməsi doğru deyil. Çünki bu düşmənin dəyirmanına su tökmək kimi bir şeydir. Biz bu kimi fəaliyyəti qiymətləndirməyi doğru hesab etmirik. Əksinə, Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi lazım idi və bununla bağlı verilən qərar da doğrudur. Hər bir Azərbaycan vətəndaşı bu prosesə dəstək verməlidir. Bu, mühüm tədbirdir. Hamımız çalışmalıyıq ki, Azərbaycan dövlətinin və millətinin başı uca olsun. Bunun üçün də "Eurovision” kimi Avropa Yay Olimpiya Oyunlarının da yüksək səviyyədə keçirilməsinə nail olmalıyıq. Hesab edirəm ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək. Mənim buna ciddi şübhəm yoxdur. Bir daha qeyd edirəm ki, Avropa Yay Olimpiya Oyunlarına dair xaricdən və daxildən olan boykot çağırışları əsassızdır, heç bir məntiqə və reallığa söykənmir, hüquqi əsası yoxdur. Bu, Azərbaycanı sevməyən qüvvələrin ortaya atdığı əsassız fikirdir və işləməyəcək.

- Milli Şuranın son mitinqinə münasibətiniz necədir?


- Bu gün siyasi aksiyaların, mitinq və kütləvi tədbirlərin keçirilməsi üçün sosial sifariş yoxdur. Həm də qarşıdan Avropa Yay Olimpiya Oyunları gəlir. Biz çalışıb bu oyunların yüksək səviyyədə keçirilməsinə nail olmalıyıq. Biz dialoqu, görüşləri, masa arxasında əyləşərək məsələlərin müzakirə edilməsini və həllini daha doğru yol hesab edirik.

- Sizcə, niyə son illər müxalifətin mitinqlərinə əhali meyil etmir?

- Aksiyanın siyasi-hüquqi əsası olmalıdır. Bu gün qeyd etdiyim əsaslar yoxdur.

- Seçki ilində AMİP kütləvi tədbirlər keçirəcək?

- Biz mübarizə forması olaraq seçkini vacib sayırıq. Hesab edirik ki, bu gün mitinqlər keçirməyimizə ehtiyac yoxdur.

- Siz namizəd olacağınız seçki dairəsini müəyyən etmisiniz?

- Mən çox böyük ehtimalla Gəncədən namizəd olacağam. 2010-cu ildə də bu şəhərdən namizəd olmuşam, 4500-dən çox səs almışam. Başqa sözlə, dairə üzrə ən çox səs alan namizəd mən olmuşam. Ancaq hələlik namizədliyimi Gəncədəki hansı dairədən irəli sürəcəyimlə bağlı konkret qərarımı verməmişəm. AMİP-in seçkilərdə kifayət qədər namizəd olacaq. Biz böyük ehtimalla çalışıb bütün dairələr üzrə namizədlərimizi irəli sürəcəyik./Gündəlik Teleqraf/

Nemət


Millət