Şriftin ölçüsü / 575

" Məni təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm”

02 Aprel 2015 [14:50]
"Bu gün bizim ailədə təkcə mənim doğum günüm deyil. Eyni zamanda, oğlumun da doğum günüdür. Ona görə də hər ilin 2 aprel tarixi gələndə mənim yox, oğlumun ad günü qeyd olunur”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Tanınmış siyasətçi ad günü keçirməyin əleyhinə olmadığını da vurğulayıb.

"Təbii ki, oğlum dünyaya gələnə qədər ad günümü bir məclis şəklində keçirirdim. Bir çox siyasətçilər doğum günü keçirmək həvəsində olmasa da məndə belə bir hal olmayıb. Sadəcə olaraq, bir zamanlar işlərimin çoxluğu ilə əlaqədar doğum günü keçirməyə vaxtım yox idi. İndi isə kifayət qədər vaxtım var. Buna baxmayaraq, yenə də əsas üstünlüyü oğlumun doğum gününə verirəm. Hər il olduğu kimi, bu il də təbrik zəngləri gəlir. Bu gün ilk təbriki köhnə dostlarımdan və məktəb yoldaşlarımdan aldım. Məni təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm”.

AMİP lideri Etibar Məmmədov 1955-ci il aprelin 2-də Bakı şəhərində anadan olub. Bu gün onun 60 yaşı tamam olub.

Etibar Məmmədov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Burada eks-prezident Əbülfəz Elçibəyin tələbəsi olub və bu amil onun siyasi fəaliyyətinə təkan verib. Belə ki o, Əbülfəz bəyin yaratdığı qruplardan birinə üzv olmaqla mübarizə dolu bir həyata qədəm qoyub.

Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb.

O, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri olaraq partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

1986-cı ildə ailə həyatı quran E. Məmmədovun 2 oğlu, 1 qızı var.


Millət