Şriftin ölçüsü / 897

AMİP Mərkəzi Şurası toplandı və vacib qərarlar verdi

13 Aprel 2015 [16:42]

12 aprel 2015-ci il tarixdə AMİP Mərkəzi Şurasının (MŞ) iclası keçirilmişdir. MŞ-nın gündəliyinə Təşkilatı məsələ, ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, Milli Məclisə 2015-ci ilin noyabrında keçiriləcək seçkilərdə iştirak, AMİP növbəti XI qurultayının çağrılması ilə bağlı məsələlər daxil olunmuşdur.

İclasda ilk olaraq AMİP Lideri Etibar Məmmədovun 60 illik yubileyi ilə əlaqədar Mərkəzi Şura adından təbrik məktubu səsləndirilmişdir.

Təşkilatı məsələ ilə əlaqədar AMİP Siyasi Şurasında vakant olan yerlərə namizədlər irəli sürülmüş və səs coxluğu ilə Xanmirzə Məlikəliyev, Yəhya Həsənov, Əli Oruclu və Afsəddin Nəbiyev AMİP SŞ üzvləri seçilmişlər.

Ölkədəki İctimai-siyasi vəziyyətlə bağlı AMİP sədri Yusif Bağırzadə siyasi məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında Mingecevir Şəhər Təşkilatının sədr muavini Elman Abbasov, Siyasi Şura üzvüləri Eldar Huseynov, Əli Orucov, Zəfər Vəliyev, Arzuxan Əlizadə, Məhərrəm Həsənov, Elşən Mustafayev, Mərkəzi Şura üzvləri Təbriz Musayev, Nizami RT sədri Məmmədəli Həsənov, Zaqatala RT sədri Bəhmən Xanəlizadə, Gəncə ŞT sədri Safir Rzayev məruzə ətrafında çıxış etmişlər.

İclasda Milli Məclisə seşkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilmiş və seçkiqabağı demokratik mühitin formalaşması, seçkilərə nəzarətin birgə təşkili, bəzi seçki dairələri üzrə daha şanslı namizədlərin müdafiəsi və sair məsələlərlə əlaqədar digər partiyalarla müzakirələr aparılması və əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq hesab edilmişdir. Mərkəzi Şura AMİP Nizamnaməsinə müvafiq olaraq bu kimi məsələlərlə əlaqədar qərar verilməsi barədə partiyanın Siyasi Şurasına əlavə səlahiyyətlər vermişdir.

Daha sonra AMİP-in növbəti XI Qurultayının çağırılması ilə bağlı məsələ müzakirə edilmiş və Siyasi Şurada AMİP Baş Katibi Arzuxan Əlizadənin rəhbərliyi ilə Qurultayın Keçirilməsi Üzrə Təşkilat Komitəsinin formalaşdırılması barədə qərar qəbul edilmişdir.

Sonda ölkədəki ictimai-siyasi vəziyyət və digər müzakirə olunan məsələlərlə əlaqədar AMİP Mərkəzi Şurasının Qətnaməsi qəbul edilmişdir.


Fərid Pəmbəkli