Şriftin ölçüsü / 923

AMİP Mərkəzi Şurasından hakimiyyət qarşısında sərt tələblər

13 Aprel 2015 [16:47]

Dünyada sürətlə gedən demokratikləşmə prosesi və insan hüquqlarına, fundamental azadlıqlara diqqətin artması, beynəlxalq siyasi sistemlərə yeni yanaşmalar, iqtisadi münasibətlərin tənzimlənməsinə baxışların dəyişməsi beynəlxalq aləmin subyekti kimi Azərbaycandan da yan keçməyəcəyi ehtimalını daha da artırmaqdadır. Mürəkkəb geopolitik məkanda yerləşən və Ermənistanla müharibə şəraitində olan Azərbaycanın cərəyan edən hadisələrdən təhlükəsiz ötüşməsi və milli dövlət maraqlarının yaranması vacib amilə çevrilməkdədir. Lakin belə bir məsuliyyətli və gərgin dövrdə hökumətin yürütdüyü yalnış siyasətin davam etdirilməsi, Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olunmaması, sosial ədalətsizliyin hökm sürməsi, mərkəzdənqaçma meyllərinin artması, idarəçilikdə yeni metodların tətbiqinin ləngidilməsi, hakimiyyət qolları arasında qeyri-bərabər bölgünün mövcudluğu, məhkəmələrin icra qurumlarından asılı qalması davamlı sabitliyə və inkişafa daha çox təhlükə yaratmaqdadır.

AMİP dünyanın ayrılmaz tərkib hissəsi olan Azərbaycanda tezliklə demokratikləşmə və əsaslı dəyişikliklərə qədəm qoyulacağına ümid ifadə etməklə yanaşı, bu yeniləşmənin yolunu sivil qaydada, dinc, xalqın iradəsinə əsaslanmaqda görür.

Partiya hər cür zorakılıqların, təqib və təzyiqlərin, həmçinin rəngli inqilabların əleyhinə olduğunu bir daha bəyan edərək, bu üsulları ölkənin varlığına, müstəqilliynə, gələcəyinə və inkişafına ciddi təhlükə sayır.

AMİP Azərbaycan xalqının və dövlətinin sabitliyini, tərəqqisini, onun beynəlxalq siyasi sistemlər içərisində yerinin möhkəmlənməsini, millətin rifahını əsas tutaraq qət edir:

1.Hakimiyyət qolları arasında Konstitusiyada nəzərdə tutulan bölgüyə uyğun səlahiyyətlərin həyata keçirilməsinə imkan yaradılsın.

2.İqtisadi, siyasi, sosial sahələr üzrə köklü islahatlar aparılsın.

3.Vətəndaşların hüquq və azadlıqları təmin edilsin.

4.Siyasi baxışlarına və fərqli düşüncəyə görə həbs edilən insanlar azad olunsun.

5.Demokratik təsisatların inkişafı və fəaliyyətinə şərait yaradılsın.

6.Azərbaycanın maddi və mənəvi sərvətlərinin bölüşdürülməsində ədalət prinsipi qorunsun.

7.Vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönələn addımlar atılsın.

8.Bütün sahələrdə monopoliya, rüşvət və korrupsiya hallarına son qoyulsun və azad rəqabət mühiti yaradılsın.

9.Gizli iqtisadiyyatın qarşısı alınsın, qeyri-neft və aqrar sektorun inkişafı üçün təxirəsalınmaz islahatlara başlanılsın .

10.Azərbaycanın ərazi bütövlüyü bərpa edilməsi istiqamətində sistemli daxili və xarici siyasət konsepsiyası hazırlanaraq həyata keçirilsin.

11.Ölkənin AvroAtlantikaya inteqrasiyası sürətləndirilsin.

12.Yürüdülən siyasət xalqın və dövlətin maraqlarının təmin edilməsinə yönəldilsin.

13.2015-ci il ölkədə keçiriləcək parlament seçkilərinin ədalətli və şəffaf, xalqın və seçicilərin iradəsinə uyğun, saxtalaşdırılmadan baş tutması təmin edilsin.

14. Dövlətin maliyyə-kredit və pul siyasətinın xalqın talan edilməsinə, maddi durumunun daha pisləşməsinə yönəldilməsinə son qoyulsun.

15. Aztəminatlı sisial qrupların, ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə, müharibə iştirakçılarına və müharibədə əlil olan keçmiş döyüşçülərə, Çernobıl əlillərinə ödənilən müavinətlər artırılsın.


Fərid Pəmbəkli