Şriftin ölçüsü / 580

İran qazının Türkiyə ərazisindən keçməklə Avropaya çatmasının daha optimal versiyadır

15 Aprel 2015 [18:59]

"Artıq bu barədə İranla Türkiyə arasında ilkin danışıqlar olub”.

Bunu Axar.az-a İranın Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidinin İrandan Avropaya Ermənistandan keçməklə qaz satışının mümkünlüyü ilə bağlı fikirlərini şərh edən neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi:

"İranlı rəsminin verdiyi bəyanat maraqlıdır və təklif olunan variantlar müzakirə ediləcək variantlardır. Təklif olunan hər 3 marşrutla bağlı siyasi qərar yoxdur. Amma görünür ki, müəyyən dairələrdə mümkün müzakirələr gedir. Təklif edilən variantlardan biri Ermənistan–Gürcüstan–Avropa variantıdır, ikincisi İran–İraq–Suriya versiyasıdır. Nəhayət üçüncü variant İran–Suriya variantıdır. İran neft sənaye nazirinin müavini Əli Məcidi etiraf edir ki, ən optimal variant sonuncudur. Çünki hazırda da İranla Türkiyə arasında qaz kəməri fəaliyyət göstərir. 1997-ci ildən sonra fəaliyyətə başlayan kəmərin illik tutumu 10 milyard kub metrdir. Amma hazırda yalnız onun imkanlarının 70-75 faizindən istifadə edilir. Əgər İranın yeni ideyası reallaşarsa, bu, həmin istiqamətdə yeni 640 kilometrlik qaz boru kəmərinin çəkilməsi deməkdir. Artıq bu barədə İranla Türkiyə arasında ilkin danışıqlar olub”.

Ekspert Avropa bazarı uğrunda artıq İranla Rusiya arasında rəqabətin başlanıldığını deyir:

"İranın Ticarət, Sənaye və Mədən nazirinin müavini Məhəmməd Rza Nemətzadə rəsmi Tehranın Moskva ilə Avropaya qaz satmaq məsələsində rəqabət aparmaq istəmədiyini, yalnız tərəfdaşlıq edə biləcəyini deyib. Təbii ki, bu diplomatik fikirdir. Əslində isə İİR öz qaz qaynaqlarını Avropa gündəliyinə gətirməyi bacarıb. Yalnız burda siyasi qərara ehtiyac var. Yəni rəsmi Tehran da etiraf edir ki, əgər İranın nüvə fəaliyyəti ilə bağlı Tehran və "Böyük 7-lik” arasında aparılan danışıqlar uğurla nəticələnərsə, bu ideyanı gerçəkləşdirmək olar. Hesab edirəm ki, tezliklə bu ideya gerçəkləşəcək”.

Zəfər Vəliyev İran qazının Türkiyə ərazisindən keçməklə Avropaya çatmasının daha optimal versiya olduğunu deyir:

"Hazırda İrandan qonşu ölkələrə 2 qaz kəməri çəkilib. Onlardan birincisi İrandan Ermənistana, ikincisi isə bayaq qeyd etdiyim kimi, İrandan Türkiyəyə. İrandan Ermənistana çəkilən qaz kəmərinin illik tutumu 2 milyard kub metrdir və həmin qaz Ermənistan ərazisində olan İstilik Elektrik Stansiyalarında (İES) elektrik enerjisinə çevrilərək geriyə-İrana göndərilir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın qaza olan tələbatının tam 100 faizini "Qazprom”un törəmə şirkəti olan "Qazprom Armenia” vasitəsi ilə həyata keçirilir. Yəni Rusiya İran qazının Ermənistandan keçməsinə razı olmaz. Rəsmi Moskva rusdilli media vasitəsi ilə İran qazının tezliklə Avropa bazarlarına çıxmasının qeyri-mümkün olmasını iddia eləsə də, reallıq bunun tam əksini göstərir. Bir faktı deyə bilərəm ki, hazırda 7 böyük dünya miqyaslı şirkətlə İranın enerji qaynaqlarına investisiya qoymaqla bağlı danışıqlar aparılır”.

Rəsmi məlumatlara görə, İranın təbii qaz ehtiyatları 34 trilyon kub metrdir və rəsmi Tehran sutkalıq qaz hasilatını 950 milyon kub metrə çatdırmağa hazırlaşır. Ötən ilin statistikasında bu rəqəm 750 milyon kub metr idi. Amma bu rəqəm Rusiyada 1 trilyon 600 milyard kub metrdən çox olub.

Xatırladaq ki, bir müddət əvvəl İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi İranın Almaniya, Fransa və Fransa daxil olmaqla digər Avropa ölkələrinə təbii qazını boru vasitəsi ilə və ya maye qaz şəklində ixrac etməyə hazır olduğunu bildirib. Nazir müavini bunun üçün 3 əsas versiyanın mövcudluğunu, onlardan birinin də Ermənistan, Gürcüstan və Qara dənizdən keçən qaz borusu kəməri olduğunu bildirib./Gündəlik Teleqraf/