Şriftin ölçüsü / 800

AMİP-dən Avropa Parlamentinə etiraz

17 Aprel 2015 [12:45]

Azərbaycan Milli İstiqlal Partiyası Avropa Parlamentinin bir qrup deputatının iştirakı ilə qəbul olunan qondarma "erməni soyqrımı” ilə bağlı qətnaməni qətiyyətlə pisləyir və bunu ikilistandartlılığın və anti-türk meyllərinin təzahürü hesab etdiyini bəyan edir. Qəbul olunan qətnamənin hər hansı hüquqi gücü olmasa da, məsələnin bu şəkildə gündəmə gətirilməsi Avropa Parlamentində bəzi qüvvələrin hələ də erməni lobbisinin təsiri altında olmasının göstəricisidir. 1-ci Dünya Müharibəsində baş vermiş hadisələrin təhrif olunması fonunda ermənilərin uydurma iddialarının tarixçilər tərəfindən araşdırmalı olduğu halda bu məsələyə hadisələrin mahiyyətindən uzaq insanlar tərəfindən qiymət verilməsi təəssüf doğurur. Son 200 ildə ermənilərin Azərbaycan və Türkiyə ərazilərində türklərə qarşı həyata keçirdiyi qətliamlara, o cümlədən ortada real sənədlər, faktlar, foto və video görüntülər olduğu halda yaxın tariximizin ən faciəli hadisəsi olan Xocalı soyqırımına bu günə kimi qiymət verilməməsi qətnamə müəlliflərinin əsl mahiyyətini göstərir.

AMİP Azərbaycanın Avropaya inteqrasiyasını özünün prioritetlərindən biri hesab edən siyasi təşkilat olaraq beynəlxalq təsisatların, o cümlədən Avropa parlamenti kimi nüfuzlu qurumun belə həssas məsələlərdə siyasi alətə çevrilməsindən dərin təəssüf hissi keçirdiyini vurğulayır və Avropalı siyasətçiləri məsələyə obyektiv münasibət bildirməyə çağırır.


Fərid Pəmbəkli