Şriftin ölçüsü / 647

Kimsə bir türk terror təşkilatı göstərə bilərmi?

17 Aprel 2015 [12:53]
Avropa Türk dünyasına, konkret olaraq Azərbaycan və Türkiyəyə qarşı savaş açdığını, özünün sürətli inkişaf dövrünü yaşayan hər iki ölkəni sarsıtmağa çalışdığını bir daha nümayiş etdirmiş oldu. Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıma qərarını buna əyani sübut kimi göstərə bilərik. Bəs görəsən Avropa Parlamentinin bu qərarı Türkiyədə necə qarşılacaq və Ankara Avropaya qarşı hansı addımları atacaq? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

-Elşən bəy, Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıma qərarını necə dəyərləndirirsiniz?

-Avropa parlamentinin bir qrup deputatının səsverməsi ilə qəbul olunan bu qətnaməni istənilən halda Avropa Parlamentin tarixində qara ləkə kimi dəyərləndirirəm. Eyni zamanda bu sənədin Türkiyə Cümhuriyyətinə qarşı hər hansı təzyiq vasitəsi olacağına inanmaq da gülüncdür Bu qətnamənin hər hansı hüquqi, hətta mənəvi gücü belə yoxdur və mən inanıram ki, Avropa Parlamenti deputatları, hansılar ki, o toplantıda iştirak etməyiblər, yaxud iştirak edib səs verməyiblər bu hadisəni Avropa İttifaqı siyasətinə zərbə vuran hadisə kimi qiymətləndirirlər. Qətnamənin qəbulunun digər tərəfinə gəlincə, bu Avropa Parlamenti üzvlərinin hər hansı geniş iclasında deyil, bir qrup deputat tərəfindən təşkil olunmuş debatlarda qəbul olinması onu göstərir ki, bu bütövlükdə AP üzvlərinin əksəriyyətinin mövqeyini deyil, bir qrup avantürist, türk düşməni və erməni lobbisinin əlinin altında olan deputatlarının mövqeyni əks etdirir. Sadəcə bununla onlar ağaları qarşısında aldıqları "zəhmət haqqına” görə hesabat vermək görüntüsü yaradırlar. Buna baxmayaraq qəbul elədikləri sənədin qeyri –hüquqi qətnamə olmasını da etiraf ediblər.

-Bu addım Türkiyə ilə Avropa arasında münasibətləri nə dərəcədə gərginləşdirəcək?

-Bu xoşağəlməz, təşkil olunmuş yaramaz hadisə olsa da Avropa İttifaqının mövqeyi və qərarı deyil. Ona görə də qlobal olaraq Türkiyə və Avropa arasında hər hansı gərginliyin olacağını gözləmirəm. Debatdan öncə belə bir hadisənin ola biləcəyi məsələsiniə Rəcəb Tayyib Ərdoğanın özünəməxsus kinayə ilə cavab verməsi də onu göstərir ki, elə bir gərginlik olmayacaq. Ola bilsin ki, qətnamə müəlliflərinin planlarından da biri məhz bu gərginliyi yaratmaq olub . Avropa Parlamentində 7 fərqli siyasi fraksiya fəaliyyət göstərir. Bunların heç biri öz fraksiyalarında bunu müzakirə edib qərar qəbul etməyib. Təsəvvür edin bu debatlarda həmin fraksyalardan olan bəzi deputatlar öz təşəbbüsləri ilə çıxışlar ediblər. Ümumiyyətlə, istər Avropa ölkələrinin parlamentlərində, istərsə də AP-də il ərzində çoxlu sayda belə debatlar , dinləmələr olur. Bu o demək deyil ki, deputatların əksəriyyəti, yəni bizim dillə desək yetərsayla bu toplantılar keçirilir. Sayından asılı olmayaraq deputatlar belə dinləmələrə qatılır, hər hansı tövsiyyə xarekterli sənəd qəbul edirlər və bu sənədlər də nəticədə çox zaman qəbul olunduğu səviyyədə də qalır. Daha geniş miqyasda müzakirəyə çıxarılmır. Bir az səs küy edirlər, onunla da hər şey bitir. Bu bir növ Avropasiyasətində demokratiya, fikir azdlığı kimi qəbul edilir.

-Avropa Parlamenti qərarında Avropa Birliyi ölkələrinə qondarma soyqırımı tanıma çağırışı edir. Sizcə, qondarma soyqırımı tanıma sistemli xarakter ala bilərmi?

-Bu günə kimi bəzi dünya dövlətlərində qondarma soyqırım məsələsi müzakirəyə çıxarılıb. Amma onların demək olar ki, böyük əksəriyyətində bu qərar parlament səviyyəsində olub. Dövlət səviyyəsində bu təsdiq olunmayıb. Yəni dövlət başçıları belə qərarın təsdiqinin acı nəticələrini gözəl bilirlər. Digər tərəfdən adətən belə məsələlərin parlamentdə müzakirəsi ona görə daha çox təsadüf edir ki, parlamentlərə zaman-zaman müxtəlif siyasi təşkilatlardan müxtəlif baxışları olan insanlar seçilir ki, bu da onların fərdi maraqları çərçivəsində müzakirəyə çıxarılır. Təsəvvür edin ki, hazırda bəzi dövlətlərin vaxtı ilə bu qərarı qəbul etmiş elə parlamentləri var ki, əgər bu gün o məsələ müzakirə edilsə heç 10 faiz səs almaz. O zaman sual ortaya çıxa bilər ki, onlar bu qərarı niyə ləğv etmirlər. Ona görə ki bunun heç bir hüquqi gücü yoxdur. O yalnız həmin vaxt deputat olmuş bir qrup deputatın mövqeyi kimi dəyərləndirilir və dövlət siyasətinə heç bir aidiyyatı yoxdur. Avropa ölkələrindən səhv etmirəmsə yalnız Fransa bu məsələni dövlət səviyyəsində təsdiq edib, hətta zaman- zaman bununla bağlı insan haqlarını, fikir azadlığını kobud surətdə pozan qanunlar da qəbul edib. Sualınıza cavab olaraq deyə bilərəm ki, məhz Aİ –nın bir qrup deputatının qəbul etdiyi qətnamənin təsiri ilə ayrı-ayrı dövlətlərin bunu öz parlamentlərində müzakirəyə çıxaracağı inandırıcı deyil. Çünki bayaq dediyim kimi bu həmin ölkənin parlamentinin tərkibindən asılı olan məsələdir. Bu gün bunu müzakirə etməyən parlamentlər gələcəkdə də bunu etməyə bilər və yaxud yeni seçkilərdən sonra formalaşan yeni tərkiblər bunu müzakirələrə də çıxara bilər. Əsas odur ki, bu dövlət səviyyəsində tanınmasın, necə ki, ağıllı dövlət başçıları bu təxribata getmirlər. Ümumiyyətlə, qondarma soyqırım məsələsinin istənilən səviyyədə müzakirəyə çıxarılması sözsüz ki, bizi çox üzür. Çünki dünyaya xeyli sayda terror təşkilatı bəxş etmiş, yaxın dövrdə Xocalı kimi dəhşətli qətliama imza atmış, torpaqlarımızın 20 faizini işğal etmiş bir millətin bu şəkildə təəssübünü çəkmək cinayətə bərabər bir hadisədir. Kimsə bir türk terror təşkilatı göstərə bilərmi? Yaxud siz 23 il bundan əvvəl olmuş, video, foto materillarla sübut edilmiş Xocalı hadisələrini araşdırmaqdan imtina edirsiniz, amma 100 il əvvəli sənədsiz sübutsuz təftiş etməyə, kimisə günahkar çıxarmağa, bununla da ən böyük tarixi cinayətə imza atırsınız. İstənilən halda bu məsələlərin hər dəfə mütəmadi müzakirəsi türk xalqının Avropaya münasibətini daha da mənfiyə dəyişdirir. Sonunda bu Türkiyəyə yox məhz, Avropaya ziyan gətirəcək.


-Bütün bunlar onu deməyə əsas verirmi ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama da ənənəvi 24 aprel çıxışında soyqırım kəlməsi işlətsin?

-Bu günə kimi ABŞ dövlət başçıları ənənəvi 24 aprel müraciətlərində heç vaxt soyqırım ifadəsini işətməyiblər. Dünya geosiyasi vəziyyətini və ABŞ-ın bu proseslərdə əsas rolunu nəzərə alaraq demək istəyirəm ki, bu ifadəni işlətmək Birləşmiş Ştatlar üçün məhz bu gün daha zərərlədir. Əgər bu olarsa Obama administrasiyasının ölkəsinin xarici syasətinə vuracağı ən böyük zərbə hesab olunacaq və onun nəticələrini aradan qaldırmaq çətin olacaq. Avropa –Türkiyə münasibətləri ilə ABŞ-Türkiyə srtrateji münasibətlərini eyniləşdirmək olmaz. Çünki ikinci daha dərin və daha güclüdür.

-Avropa ilə sıx əlaqələrə malik olan AMİP bu qərara qarşı Avropadakı müttəfiqlərinə hansısa etiraz bildirəcəkmi?

-Bu məsələnin müzakirə olunmasından əvvəl də, sonra da AP da əməkdaşlığımız və münasibətlərimiz olan bir çox parlament üzvləri ilə əlaqə saxlamışıq. Bizə o məlumdur ki, bu nə bizim əməkdaşlıq etdiyimiz Avropa Xalq Partiyasının, nə də ikitərəfli münasibətlərimiz olan digər üzvlərin birmənalı mövqeyidir.

Ayrı deputatların fərdi mövqeləridir. Hansı ki, onların içində AXP fraksiyasının və digər qrupların da üzvləri var.Amma buna baxmayaraq biz etirazımızı hazırlayıb AP-nin bütün qruplarına göndərəcəyik. Eyni zamanda belə hadisələr Azərbaycanı da, Türkiyəni də borclu edir ki, bütün imkanlardan istifadə edib, səylərini birləşdirib belə təxribatların cavablarını versinlər./Olaylar/

Süleyman