Şriftin ölçüsü / 657

Biz inteqrasiya məsələsinə yenidən baxmalı və bu haqda düşünməliyik

21 Aprel 2015 [17:52]
"İnanmıram ki, Orta Asiya türk dövlətlərindən kimsə İrəvana getsin. Bizim Qırğızıstan, Qazaxıstan, Özbəkistanla ciddi münasibətlərimiz var, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Neçə illər əvvəl Qırğızıstanın sabiq prezidenti Ermənistana səfər edib, dediyiniz saxta abidəni ziyarət etmişdi. Bu fakt Qırğızıstan siyasi və ictimai fikrində heç də yüksək qarşılanmadı. Hətta sonradan həmin şəxsin hakimiyyətdən getməsinə təsir edən faktorlardan biri də bu məsələ oldu. Hazırda bizim Qırğızıstanla yüksək səviyyəli əlaqələrimiz var, bu ölkənin prezidenti Azərbaycanda səfərdə olub. Odur ki, Orta Asiya ölkələrindən kiminsə İrəvana gedəcəyi məsələsi olmayacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik:

- Yusif bəy, 24 aprel saxta "erməni soyqırımı” ilə bağlı sanki Qərbdə sistemli kampaniya aparılır. Bu məsələyə münasibətiniz necədir?

- Tarixdə "erməni soyqırımı” deyilən bir fəaliyyət olmayıb. Hər kəs bilir ki, Xocalıda azərbaycanlılar ermənilər tərəfindən soyqırımına məruz qalıb, digər rayonlarımızda yüzlərlə sivil insanımız qətlə yetirilib. İndiki Ermənistan ərazisindən yüz minlərlə soydaşımız qovulub. Bu gün Ermənistan adlı ərazidə bir nəfər də olsun türk millətinin nümayəndəsi yaşamır. Avropanın bütün bu faktları bir kənara qoyub saxta, tarixi və hüquqi əsası olmayan "erməni genosidi” üzərinə qayıtması Avropanın Azərbaycan və Türkiyəyə münasibətini göstərir.

- Bu qətnamənin qəbul edilməsinin səbəbi nədir?

- Şübhəsiz ki, Avropada qəbul edilən saxta qətnamə və sənədlər Azərbaycanla Türkiyənin Avropaya inteqrasiyasının qarşısını almağa hesablanıb. Bu gün dünyanın siyasi səhnəsində Çanaqqala savaşı davam edir. Hər kəs bilir ki, yüz il əvvəl Avropa ölkələri müstəqil dövlət olan Türkiyəyə hərbi təcavüz ediblər və buna uyğun olaraq da cavablarını alıblar. Fikrimcə, biz bunun üzərinə getməli, avropalılara bu tarixi başa salmalıyıq. Ancaq biz də nisbətən zəif işləyirik. Fəaliyyətlərimizi gücləndirməliyik. Azərbaycan və Türkiyəyə bağlı lobbi bu istiqamətdə işini güclü qurmalıdır. Məncə, Türkiyə qanun qəbul etməlidir. Bu qanuna əsasən saxta "genosid”i dilinə gətirən şəxs cəzalandırılmalıdır. Başqa sözlə, adekvat cavab olmalıdır. Mən dəfələrlə Türkiyədə olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. Türkiyədə heç bir hüquqi sənədi olmayan 70 mindən çox erməni var və onlar Ermənistandan gələrək qardaş ölkədə işləyir. Türkiyə daxilində də erməni diaspora təşkilatları fəaliyyət göstərir, kənardan gələn ermənilər isə bu lobbi təşkilatlarına dəstək verirlər. Odur ki, Türkiyədə saxta erməni "genosid”ini reklam edən istənilən vətəndaş cəzalandırılmalıdır. Türkiyədə liberal toplum var, ora əsasən QHT-lər, müxtəlif qurumlar, media nümayəndələri daxildir. Biz Xocalı soyqırımını dilə gətirən kimi, onlar da daima saxta erməni "genosid”i məsələsini gündəmə gətirirlər. Məncə, Türkiyədə bu məsələlərə ciddi yanaşılmalıdır. Həmçinin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar bu məsələyə dair dəqiq mövqe ortaya qoymalıdır.

- Hazırda erməni tərəfi "24 aprel”ə ciddi hazırlaşır. Fransa prezidenti bu tarixdə İrəvana səfər edəcək. Avropa Şurasının sessiyası işə başlayıb. Yaxın 3-4 gündə nələr baş verə, biz hansı bəyanatların şahidi ola bilərik?

- Hesab edirəm ki, Avropa Şurasında da hansısa qərar ola bilər. Vatikan rəhbərinin bəyanatı ilə buna sanki start verildi. Papa Argentina əsillidir, başqa sözlə ən böyük erməni lobbisinin fəaliyyət göstərdiyi ölkədə anadan olub. Şübhəsiz ki, onun belə bəyanat səsləndirməsində erməni lobbi qurumlarının ciddi təsiri olub. Fransada da ciddi erməni lobbisi fəaliyyət göstərir və prezident Olland 24 apreldə Ermənistana səfər edəcəyini bildirib. Onun Azərbaycana da gələcəyi haqda xəbərlər yayılıb. Mən Ollandın regiona səfərindən xüsusi bir şey gözləmirəm. İndilikdə biz çalışmalıyıq ki, bu saxta "genosid” məsələsi Amerikada şaxələnməsin, gündəmə gəlməsin. ABŞ neçə illərdir ki, bu məsələdə ehtiyatla davranır. Biz də çalışmalıyıq ki, ümumiyyətlə bu məsələ ABŞ-da gündəmə gəlməsin. Avropa isə bir qədər fərqlidir. Düşünürəm ki, Avropa Şurasının sessiyasında da hansısa sənəd qəbul edilə bilər. Onu da qeyd edim ki, Avropa Parlamentinin son qətnaməsinin heç bir hüquqi gücü yoxdur, bu siyasi sənəddir. Buna qarşılıq olaraq adekvat addımlar atmalı, tarixi həqiqətləri çatdırmalıyıq. Təsəvvür edin ki, bu qətnaməyə elə deputatlar səs veriblər ki, onlar ümumiyyətlə bu tarix haqqında heç nə bilmirlər. Sadəcə olaraq məsələyə bir müsəlman dövləti ilə bir xristian dövlətinin münasibətləri prizmasından baxırlar. Ermənilərin məqsədi isə bir qədər fərqlidir. Mən 3 il əvvəl ABŞ-da yaşayan erməni diaspora rəhbərinin televiziya çıxışını izləmişəm. Onların məqsədi təkcə Türkiyənin bu saxta "genosid”i qəbul etdirməsi ilə bitmir. Əksinə, onlar bunun arxasınca Türkiyəyə böyük maliyyə təzminatı və ərazi iddiası irəli sürəcəklər. Təbii ki, bu əsassız istəkdir, çünki dünyada "erməni soyqırımı” deyilən bir məsələ olmayıb. Baxın, 1915-ci ildə Osmanlının maliyyə naziri erməni əsilli şəxs olub. Əgər, 1915-ci ildə Türkiyədə erməni millətinə qarşı genosid siyasəti olsaydı, erməni əsilli şəxs necə maliyyə naziri ola bilərdi? Bütün bu faktları bir yana qoyub soyqırımı iddiasında çıxış etmələrini, xristian təəssübkeşliyi kimi qiymətləndirə bilərik. Erməni diasporasının bu fəaliyyətinin bir istiqaməti də, bizim Avropaya qapılarımızı bağlamaq istəyidir. Ancaq bizim yolumuz Avropa yoludur, biz bu istiqamətdə getməli, çalışıb Avropa Birliyinə daxil olmalıyıq.

- Bu birlik bizi əsası olmadan genosid etməkdə ittiham edir, bəlkə doğrudan, Avropa Birliyinin bizim üçün o qədər də əhəmiyyətli olmadığını göstərmək lazımdır...

- Bu proses sistemli xarakter daşıyacaq, daha sərt qərarlar qəbul ediləcəksə, təbii ki, biz də bu inteqrasiya məsələsinə yenidən baxmalı və bu haqda düşünməliyik. Bizim ərəb müsəlman dövlətləri ilə gözəl münasibətimiz var. Əvvəllər də qeyd etmişəm ki, müsəlman ölkələrinin yaxınlaşması əsasında yeni hərbi ittifaq meydana gələ bilər. İndi Yaxın Şərq barıt çəlləyinə bənzəyir. Müsəlman ölkələrinin bir masa arxasında əyləşib bu məsələləri müzakirə etməsinə ehtiyac var.

- Aprelin 24-də Amerika prezidenti "soyqırımı” ifadəsi işlədəcək?

- Prezident Obamanın belə bir ifadə işlətməsi sıfıra bərabərdir. Obama bunu tarixi bir hadisə kimi qeyd edəcək. Əgər Obama belə bir ifadə işlətsə, Türkiyə-Amerika münasibətlərinə ciddi zərbə vurmuş olacaq. Nəzərə almaq lazımdır ki, regionda Türkiyə Amerikanın ən yaxın müttəfiqi və NATO üzvüdür. Ancaq sakit durub Obamanın belə ifadə işlətməyəcəyinə arxayın olmaq da lazım deyil.

- Bütün bu təbliğatlar, qərarlar və bəyanatlarla Türkiyəyə, eləcə də, Azərbaycana təsir etmək, güzəşt qoparmaq mümkündür?

- Qəti mümkün deyil. Həm də bu səhv yoldur. Biz Azərbaycan olaraq Qarabağ və ətraf rayonlarımızın azad edilməsində israrlıyıq, buna da nail olacağıq. Azərbaycanın güclü ordusu var. Avropada qəbul edilən sənədlər sadəcə əsası olmayan erməni iddialarının üzərində dayanır, xristian təəssübkeşliyindən o yana gedə bilməz. Əlbəttə, biz danışıqlar vasitəsilə problemin həll edilməsinin tərəfdarıyıq, ancaq digər variantlara da hazır olmalıyıq.

- Aprelin 24-də Ermənistan saxta "genosid”i, bizlər Çanaqqala zəfərinin yüz illiyini qeyd edəcəyik. Sizcə, bu tədbirlərdən hansı mənzərə ortaya çıxacaq?

- Bu iki tədbir zamanı kimlərin haqqın tərəfində, kimlərin nahaq tərəfdə olduğunu göstərəcək. Kimlər xristian təəssübkeşidir, kimlər tarixi faktların yanındadır.

- Tariximizdə acı təcrübələr olub, məsələn, bəzi türk dövlət başçısı İrəvana səfər edib, saxta "soyqırımı” abidəsini ziyarət edib. İndi zaman bir qədər dəyişsə də, necə düşünürsünüz, bu kimi hallar təkrarlana bilərmi?

- İnanmıram ki, Orta Asiya türk dövlətlərindən kimsə İrəvana getsin. Bizim Qırğızıstan, Qazaxıstan, Özbəkistanla ciddi münasibətlərimiz var, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Neçə illər əvvəl Qırğızıstanın sabiq prezidenti Ermənistana səfər edib, dediyiniz saxta abidəni ziyarət etmişdi. Bu fakt Qırğızıstan siyasi və ictimai fikrində heç də yüksək qarşılanmadı. Hətta sonradan həmin şəxsin hakimiyyətdən getməsinə təsir edən faktorlardan biri də bu məsələ oldu. Hazırda bizim Qırğızıstanla yüksək səviyyəli əlaqələrimiz var, bu ölkənin prezidenti Azərbaycanda səfərdə olub. Odur ki, Orta Asiya ölkələrindən kiminsə İrəvana gedəcəyi məsələsi olmayacaq. Bildiyiniz kimi cənab Lukaşenko da Ermənistana səfər etməkdən imtina etdi. Baxmayaraq ki, Belarus və Ermənistan Gömrük İttifaqında müttəfiq ölkələrdir. Hesab edirəm ki, Lukaşenkonun Ermənistan səfərindən imtina etməsi həm də Azərbaycanla əlaqəsi olan ölkələrə bir mesajdır. Hesab edirəm ki, Çanaqqala zəfərinin yüz illiyi ilə bağlı təşkil ediləcək tədbirdə kifayət qədər şəxs iştirak edəcək. Azərbaycan tərəfi bu tədbirdə ən yüksək səviyyədə iştirak edəcək. Ümid edirəm ki, bəzi ölkələri çıxmaq şərtilə çoxlu sayda dövlət başçıları bu tədbirə qatılacaq. Bir nəzərə almalıyıq ki, indi Türkiyənin, elə dolayısı yolla bizim üzərimizə gələn dövlətlər vaxtilə Türkiyənin üzərinə ordu yeridiblər. O zaman Çörçil hərbi donanmanın komandanı idi. Sonradan Çörçil etiraf edirdi ki, ən uğursuz planı Çanaqqala ilə bağlı olub. Kimsə İstanbula Konstantinapol gözündə baxa bilər. Amma İstanbul türk torpağıdır.
Nemət


Millet