Şriftin ölçüsü / 725

Ağstafada dəmiryolçular etiraza qalxdılar

22 Aprel 2015 [13:02]

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsi və manatın qəfildən ucuzlaşdırılması getdikcə öz mənfi təsirini göstərməkdədir. İqtidar çıxış yolu kimi yenə də məmur oliqarxların marağına toxunmadan böhranı sadə xalqın üzərinə yükləməkdədir. Dövlət büdcəsində çalışanların ixtisara salınması, yaxud da öz hesablarına uzunmüddətli məzuniyyətə buraxılması sosial gərginliyi daha da artırmaqdadır. Etibarlı mənbənin verdiyi məlumata görə belə bir vəziyyətlə Ağstafa dəmiryolçuları da üzləşiblər. Belə ki, maliyyə çatışmazlığını bəhanə gətirərək rəhbərlik birdən-birə 180 nəfər işçi ixtisara salınıb. Həmin şəxslərin də çoxunun banklara kredit borcları var.

Mənbə onu da bildirdi ki, ixtisara düşən dəmiryolçular rayonda etiraz aksiyasına qalxıblar və rayon icra hakimiyyətindən kömək istəyiblər: "Hal-hazırda 180 nəfər etirazçı və onlara qoşulan insanlar İcra hakimiyyətinin qarşısına toplaşıb tədbir görülməsini tələb edirlər. İcra hakimiyyətindən isə hələ də bir səs-səmir çıxmır. Şikayətçiləri eşidən yoxdur”.

Bu arada o da məlum olub ki, vergi nazirliyinin əməkdaşları rayonda fəaliyyət göstərən sahibkarları, iş adamlarını kütləvi şəkildə cərimələyir. Sahibkarın gəlirinə və boytuna müvafiq olaraq 400-800 manat cərimə ödəməsi tələb olunur. Hətta, qeyri-rəsmi məlumata və gəzən şayələrə görə "Saloğlu” Şirkətindən vergi işçiləri Olimpiadaya yardım adı ilə 300 min manat pul tələb etsələr də, 250 min manatla razılıaşıblar və həmin pulu məcburu şəkildə ödətdiriblər.

Bu məlumatların nə qədər həqiqət yükü daşıdığını isə apardığımız araşdırmalar nəticəsində ortaya çıxarmağa çətinlik çəksək də, ümid edirik ki, adları çəkilənlər bu barədə öz mövqelərini bildirəcəklər.


Nazilə