Şriftin ölçüsü / 783

"Xalqın iradəsini həlledici olduğu qəbul olunmalıdır"

23 Aprel 2015 [16:17]
Son zamanlar ölkədə yaşanan siyasi, iqtisadi böhranın nəticəsində ölkə əhalisi arasında narazılıqlar baş qaldırmaqdadır. Ölkə əhalisi haqlı olaraq gələcək talelərindən narahatçılıq keçirir. İqtidar və müxalifət cəbhələri isə həmişə olduğunu kimi ortaq mövqeyə gələ bilmir. Bu dövlətçiliyimizin inkişafı naminə olsa da belə. Ölkədə baş verən ictimai-siyasi proseslərə fərqli mövqeyi ilə seçilən müxalif partiyalardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır (AMİP). AMİP Siyasi Şurasının üzvü Əli Orucovla ölkədə nə baş verdiyi haqqında maraqlı söhbətimiz oldu. Oxumağınız məsləhətdir...

-Əli bəy, öncə AMİP Siyasi Şurasına seçilməyiniz münasibəti ilə sizi təbrik edirik. Partiyanızdan mətbuta verilən məlumata görə bir sıra vacib qərarlar qəbul olunub. Bunula bağlı sizin ümumi dəyərləndirmənizi bilmək istərdik.

-Təşəkkür edirəm. Fürsətdən istifadə edərək mənə etimad göstərən əqidə dotlarıma bir daha təşəkkürümü bildirirəm. Mənim üçün vəzifənin böyüyü kiçiyi yoxdur. Dəfələrlə bəyan etmişəm ki, mən AMİP-in sıravi əsgəriyəm. Bir əsgər olaraq da üzərimə düşən işin və vəzifələrin öhdəsindən gəlmək borcumdur. Əsas odur ki, illərdir uğrunda mübarizə apardığımız ideyalar, bağlandığımız amallar, daşıdığımız ali dəyərlər Azərbaycanda qalib gəlsin. Mən bunların qalib olacağına heç vaxt inamımı itirməmişəm. AMİP-in 12 apreldə "Ambassador” oteldə baş tutan Mərkəzi Şurası həm gündəliyə çıxarılan məsələlərin aktuallığı ilə, həm aparılan geniş müzakirələrlə, həm də qəbul edilən vacib qərarlarla yadda qaldı. Təbii ki, bu toplantı ölkədə baş verən ictimai-siyasi proseslərə dərin təsirini göstərəcək. Mərkəzi Şuranın qəbul etdiyi 15 bənddən ibarət qətnaməsindən göründüyü kimi partiya ölkənin taleyindən narahat olduğu üçün iqtidar qarşısında ciddi tələblər irəli sürüb. Biz istəmirik ki, ölkəmizdəki böhran ağır nəticələrə gətirib çıxartsın. Siz baxın Yaxın Şərqdə, ərəb dünyasında, islam aləmində hansı faciələr yaşanır. Bizim tələblərimiz həm də "SOS” siqnalıdır. Bildiyiniz kimi cari il seçki ilidir. Bu o deməkdir ki, ölkənin siyasi həyatında çox vacib hadisə olacaq və bu hadisələrin nəticələri Azərbaycanın gələcək taleyində önəmli və əhəmiyyətli rol oynayacaq. Aparıcı partiyalardan biri olaraq AMİP həmşəki kimi siyasi proseslərin episentrində dayanmalıdır. Mərkəzi Şuranın istər qarşıdakı parlament seçkiləri ilə, istərsə də növbəti Qurultayın keçirilməsi ilə bağlı qəbul etdiyi qərarların əsas məqsədi partiyanı seçkilərə yüksək səviyyədə hazırlamaqdır. Bu seçkilərdə hədəfimiz AMİP-i parlament partiyasına çevirməkdir. Bildiyiniz kimi seçki çox ağır və uzunmüddətli prosesdir. Uğurlu nəticə almaq üçün insan resursları, maliyyə, texniki və digər resurslar cəlb edilməli, təşkilatçılıq işi gücləndirilməlidir. Partiyanın seçkilərə təkbaşına qatılmasını məqbul hesab edən Mərkəzi Şura Qurultayı həm də ona görə çağırdı ki, yuxarda sadaladığım problemlərin vaxtında həllinə nail olunsun. Hər halda bu iclasdan sonra partiyada müsbət mənada çox şeylərin dəyişəcəyi, aktivliyin daha da artmasını, daha çevik və effektli siyasət yürüdəcəyi və güclənəcəyi qənaətindəyəm.

-Seçki ərəfəsində olan Azərbaycanda müxalif düşərgənin iki cəbhəyə ayrıldığı müşahidə edilir. Bir cəbhə seçkiyə hazırlaşdığı halda, digər səbhə kütləvi aksiyalar təşkil edir. Bu cür vəziyyəti müxalifət təmsilçisi kimi necə dəyərləndirirsiniz?

-Hər bir siyasi qüvvənin özünün strateji xətti olur və buna görə siyasətini və taktiki gedişlərini müəyyənləşdirir. Müxalifət düşərgəsi yekcins deyil və hər bir siyasi partiyanın, qrupun da fərqli baxışları, yanaşmaları var. Hər kəs nəyə qadir olduğunu, nə istədiyini az-çox dərk etdiyindən buna uyğun da addımlar atır. Bir qism hesab edə bilər ki, ölkədə gedən proseslərə ciddi reaksiya və cəmiyyətin içindən gələn təlabatları və narazılıqları diqqətə almadan hansısa formada məqsədinə çata bilər. Bəzilərini "idarəolunan demokratiya”, yaxud "yumşaq siyasi kurs”, kostruktiv xətt adlandırılan siyasət qane edə bilər. Müxtəlifliyin ziyanı yoxdur. Əksinə bunların hamısı siyasi sosiallaşmaya xidmət edir və insanlara seçim imkanı yaradır ki, hansı qüvvəni seçsin. İnsanların siyasi proseslərdə fəal iştirakına nail olmaq hakimiyyət üzərində nəzarətdə və hakimiyyətin idarə olunmasında iştirakçılıq deməkdir. İqtidarın da hər zaman qorxub çəkindiyi əhalinin siyasi fəallığının artması, hüquqlarını bilməsı və tələbkar olmasıdır. Çünki bu zaman totalitarizmin və avtorirarizmin təzahürlərinə yol verilmir. Mitinqlər də lazımdır. Bəziləri bunu əleynə çıxaraq iddia edirlər ki, bunu üçün sosial sifariş yoxdur. Mən bunu əksini düşünürəm. Mitinq nə deməkdir? Mitinq hər hansı bir problemin, hər hansı bir aktual mövzunun müzakirəsi deməkdir və siyasi mübarizə vasitələrindən biridir. Bu gün Azərbaycanda kifayət qədər aktual problemlər mövzular və problemlər var ki, bu müzakirə olunub, həllini tapmalıdır. Yaxşı olardı ki, bu müzakirələr meydanlarda deyil, parlament divarları arasında, dəyirmi masa ətrafında Kütləvi İnformasiya Vasitələrində keçiriləydi. Sivil ölkələrdə problemlərdən çıxış yollarının məqbul qaydası budur. Nə yazıqlar Azərbaycanda müxalif siyasi düşərgələr üçün bu imkan tanınmayıb. Digər tərəfdən uzun illər aparılan daxili siyasətin nəticəsi həm hakimiyyəti, həm də cəmiyyəti radikallaşdırıb. Təəssüf ki, bu tendensiya artan xətt üzrə gedir. Radikallaşmaya meyillənən, hakimiyyətə qarşı "hirsli” olan insanlara imkan yaratmaq lazımdır ki, öz "hirsini” meydanlarda töksün. Nəyə etiraz etdiyini açıq şəkildə ifadə edə bilsin. Əgər buna da imkan yaradılmasa bu hirs, bu etiraz dinc xakaterdən çıxaraq nifrətə, kinə-küdurətə, esktermizmə, qisasçılığa, düşmənçiliyə və nəhayət, silaha, zorakılığa və terrora çevriləcək. Ona görə dinc kütləvi aksiyaların keçirilməsinə xoflanmaq lazım deyil. İkincisi də, insanların səsi eşidilməyəndə, qulaq ardına vurulanda, günü-güzaranı pisləşəndə, problemlərinin həllinə çarə tapa bilməyəndə neynəməlidir ki? Əslində kütləvi aksiyaların keçirilməsi iqtidara da daha çox iki istiqamətdə devident gətirir. Birincisi, hakimiyyət bununla müəyyən qədər öz rəqiblərinin gücünü və cəmiyyətin nəbzini yoxlamaq imkanı qazanır, ikincisi də, beynəlxalq aləmə acıq cəmiyyət və demokratik dəyərlərə sadiq qaldığını nümayiş etdirir. Bu imitasiyanı reallaşdıra bilir. Lakin burda bir məsələ də var. Azərbaycandakı müxalif siyasi qüvvələr kütləvi aksiyaları əsasən ona görə keçirirlər ki, öz varlıqlarını, güclərini və "əzələlərini” göstərsinlər. Kütləvilik alınmayanda isə keçirilən aksiyalar əks-effek verir. Hər halda hesab edirəm ki, seçki ərəfəsində əhalinin siyasi fəallağını yüksəltmək və ictimai-siyasi proseslərə cəlb etmək vacibdir. Azərbaycan elə ölkə deyil ki, burda hakimiyyət qolları şəffaf və xalqın iradəsi ilə legitimləşir. Seçkilərin nəticələri seçkilərə partiyaların necə hazılıği ilə deyil, cəmiyyətin, seçicilərin fəallığı və verdiyi səslərə sahib dura bilmələrindən asılıdır. Ona görə də partiyalar seçki hazırlıqlarına o qədər də bel bağlamır və bunu qayğısını yaşamırlar.

-Mövcud mənfi tendensiya seçkilərdə müxalifətə nə vəd edir?

-Bu gün təkcə Azərbaycan müxalifəti bərbad gündə deyil. Ümumilikdə siyasi instutlaşma böhran vəziyyətindədir. Bu çox təhlükəlı haldır. Siyasi təsisatlar həddindən artıq zəiflədildiyindən sivil mübarizə və rəqabət də yoxdur. Partiyalar hakimiyyətin və dövlətin idarə olunmasında demək olar ki iştirak etmirlər. İctimai-siyasi həyatımızda partiyaların rolu hiss olunmur. Siyasi passivliyi və seçkilərə ölkə vətəndaşlarını biganələşdirən amillərdən biri də məhz budur. Bu mənfi tendesiya isə ümumilikdə ölkəni təhlükəli, arzuolnmaz istiqamətə aparır. Vətəndaş öz dövlətinə və dövlətçiliyinə sahib çıxmalıdır. Hakimiyyəti ögey, yad saymamalıdır. Vətəndaş-dövlət arasında qarşılıq öhdəliklər inzibati qaydada deyil, könüllü şəkildə həyata keçirilməlidir. Hakimiyyət hər yerdə inzibati və məcburetmə aparatını işə salmamalıdır. Yaxud da bürokratik aparat, məmurlar dövlətə qazanc və gəlir mənbəyi kimi baxmamalıdır. Bunların da qarşısını necə almaq olar? Ancaq siyasi partiyaların gücü ilə. İdarəçilikdə və hakimiyyət qolarında rotasiya, yeniliklər olmalıdır. Bunlar yoxdur. Deməli, Azərbaycana təhlükələrdən, xaosdan, qarşıdurmalardan və xoşagəlməz hallardan qoruya biləcək vətəndaş cəmiyyəti institutları, siyasi təsisatlar o halda, o gücdə deyil. Seçkilər dayanqlığın və davamlı inkişafın təminatçısıdır. Siz dünyanın siyasi coğrafiyasına diqqət yetirsəniz görərsiz ki, bütün daxili müharibə və münaqişələr, dərin böhranlar, zorakılıqlar, kütləvi terrorlar, xəstəliklər, dağıntılar, xaos bu kimi insanlığa zidd hallar despotik rejimlərdə baş verir. Hansı rejim ki, orda demokratik dəyərlərə, hamılıqla qəbul edilən prinsiplərə, hüquq və normalara yer yoxdur. Siz yuxarıda sadaladığım halların Avropada, ABŞ-da, yaxud da hansısa yüksək inkişaf edən ali dəyərlərə sahib duran cəmiyyətlərdə olduğunu eşitmisinizmi? Əlbəttə, yox. Ona görə də bizlər də bu dəyərləri özümümüzünküləşdirməliyik. Seçkilər isə bu dəyər və prinsiplərin ən öndə gedənidir. Öndə olanlarla öndə olmağımız üçünsə iqtidarlı-müxalifətli vəd yox, gerçəklik kimi baxmalıyıq. Yəni xalqın iradəsini həlledici olduğu qəbul olunmalıdır.

"İqtidar-müxalifət arasında keçirilən görüş hesabat və imitasiya xarakteri daşımamalıdr. İki görüşün keçirilməsinə baxmayaraq, nəticə yoxdur və bunun da dialoq səviyyyəsinə yükəlməsinə ümidlər də günü-gündən azalır”

-Maraqlıdır ki, hakimiyyətlə görüş keçirən siyasi partiyalar opponentləriniz tərəfindən aşağılanır. İddia edilir ki, hakimiyyət heç bir nüfuzu, 5 nəfər belə funksioneri olmayan partiyalarla görüş keçirir. Bu yanaşmaya AMİP olaraq münasibətiniz necədir?

-Bilirsizniz, bəziləri hələ də köhnə streotiplərdən xilas ola bilməyərək, müxalifət-iqtidar münasibətlərinə, düşmən kimi, yadplanetlilər kimi baxırlar. Kimin qəbul edib etməməsindən asılı olmayaraq bu iki düşərgə var. Qarşıduran, rəqabət aparan tərəflər varsa, deməli, müzakirə predmeti də var, fərqli baxışlar, yanaşmalar da. Heç kim iddia edə bilməz ki, bu milləti və dövləti müxalifət iqtidardan, yaxud da əsinə iqtidar müxalifətdən çox istəyir, ya istəmir. Azərbaycan ümumi vətənimizdir. Hamımız da istəyirik ki, şəhidlərimizin qanı bahasına, ən ağır mərhumiyyətlərə döz-dözə, vuruşa-vuruşa müstəqilliyinə qovşdurduğumuz dövlətimiz dünyanın ən qabağcıl, ən inkişaf etmiş dövləti olsun. Bununsa yolunu hərə bir cürə görür. "Ağıl, ağıdan üsütün olar” kəlməsi elə-belə yaranmayıb. Cəmiyyət varsa, problem də var. Bu problemin həllini qarşılıqlı olaraq bir-birimizin üzərinə atmaqla, bir birimizi suçlamaqla, inkarçılıqla nəyə nail olmaq olar? Düşmənçilik, qarşıdurma və daxili gərginliyi düşmənlərimiz arzulayır. Biz sivil dünyadakılar kimi öz problemlərimizi, gələcək planlarımızı, inkişaf və milli və dövləti maraqlarımızı iqtidarlı-müxalifətli müzakirə etmirik? Üzünü Avropaya ABŞ-a tutan siyasi qüvvələr də bilir ki, onlar da belə edirlər. Sadəcə burda bir inadkarlıq, özündən razılıq, inkarçılıq və siyasətlə şəxsi münasibətlərin çulğalaşdığı halları var. Hesab edirəm ki, nəinki iqtidarla-müxalifət arasında, hətta, müxalifətlə müxalifət arasında da müntəzəm görüşlər keçirilməli, aktual mövzular müzakirə edilməlidir. Lakin onu da deməliyəm ki, iqtidar-müxalifət arasında keçirilən görüş hesabat və imitasiya xarakteri daşımamalıdr. İki görüşün keçirilməsinə baxmayaraq, nəticə yoxdur və bunun da dialoq səviyyyəsinə yükəlməsinə ümidlər də günü-gündən azalır. Ona görə də Prezident Administasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla müxalifətin keçirdiyi görüşün yaratdığı təəsürat arzuolunan qədər olmadı. Kimlərin nə söyləməsindən asılı olmayaraq düşünürəm ki, ölkədə tezliklə dialoq mühiti yaradılmalı, iqtidar-müxalifət arasında soyuqluq, inkarçılıq aradan qaldırılmalı, cəmiyyətə həlimlik gətirilməlidir.

-AMİP son illərə qədər sosial tələblərlə aksiya keçirən partiyalardan olub. Bəs, Milli Şuranın aksiyalarına nə üçün dəstək vermir?

-Ölkədə ən çox və ən kütləvi aksiya keçirən partiya AMİP olub. Siyasi meydan sözün əsıl mənasında AMİP və onun lideri Etibar bəyin ixtiyarında olub. Siz xatırlayırsınızsa ötən əsrin 80-ci illərinin sonlarında Xalq Hərəkatı zamanı meydanlara axışan milyonlarla insan Etibar bəyin çıxışını dinləmədən oranı tərk etmirdi. Elə sonrakı dövrlərdə də uzun müddət meydanlar bizim olub. Milli Şuranın keçirdiyi aksiyalara AMİP-in partiya olaraq dəstək məsləsinə gəlincə, partiya üzvləri fərdi qaydada qatılıblar. Mən özüm də hər iki mitinqdə etirazçıların arasında olmuşam. Eyni zamanda Milli Şura bu aksiyanı təkbaşına təşkil etdiyini bəyanladığına görə, partiyanın orda iştirakı düzgün alınmazdı. Bildiyim qədər Milli Şuradan AMİP-ə belə bir müraciət də olunmayıb. Ölkədəki son dövrlər sosial vəziyyətin pisləşməsi ilə bağlı ilk həyacan təbili çalan da, etiraz səsini ucaldan da AMİP olub. Bizim üçün insanların maddi-rifah halının, iqtisadi vəziyyətlərinin yüksəldilməsi çox önəm daşıdığından belə məsələlərə həssas yanaşırıq və dərhal reaksiya veririk. Şərt deyil ki, bunu mütləq küçə və meydanlarda bildirək. İnsanlarla fərdi işləmək, fərdi təbliğat, mümkün vasitələrdən və ələ düşən fürsətdən yaralanaraq hakimiyyətin yürütdüyü siyasətə təkcə etirazı bildirməklə yanaşı, bunadan çıxış yolları haqqında fikir və mülahizələrimizi bölüşməyimiz də mübarizənin bir formasıdır.

-ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf keçirdiyi brifinqdə uydurma "erməni soyqırımı” mövzusunda suallara cavabladıraraq "soyqırım” sözü işlətməsə də, Osmanlı dönəmində güya 1.5 milyon erməninin öldürüldüyünü və ölümə göndərlidiyini tarixi gerçək kimi dəyərləndirib. Sizcə, bu addımların arxasında nə gizlənir?

-ABŞ-ın qondarma erməni iddialarını "soyqırım” kimi qiymətləndirməsi Türkiyədən çox özünün ziyanına ola bilərdi. Xüsusilə də ABŞ-Rusiya qarşıdurmasında bu addım rəsmi Moskvanın xeyrinə işləyərdi. Bildiyiniz kimi, bundan əvvəl də "soyqırım” məsələsi dəfələrlə ABŞ-in yüksək siyasi qurumlarında müzakirəyə çıxarılıb. Hətta, Konqresin Xarici Əlaqələr üzrə alt komitəsində qətnamə layihəsi də qəbul edilmişdi. Lakin bu qətnamə layihəsi elə alt komitədə də qaldı. Konqres bunu müzakirəyə çıxarmaqdan imtina etdi. Ağ Ev yaxşı anlayır ki, "soyqırım”la bağlı hansısa rəsmi ifadə işlədilsə, yaxud da səsnən qəbul edilsə, bu Türkiyə üçün heç nəyi dəyişməyəcək. Əksinə, Birləşmiş Ştatların Türkiyə və Türkiyə vasitəsi ilə Şərqə, Qafqazlara, Türküstana və Türk dünyası çoğrafiyasına olan maraqları və mövqeyi ciddi surətdə zədələnəcək. Rusiyanın həmin geniş geosiyasi üstünlüklər qazanmasına fürsət vermiş olacaq. Bunula belə Qərb kimi ABŞ da "Erməni soyqırımı” kartından Ankaraya təzyiq üçün bir alətdən də imtina etməyəcək. Lakin Harfın "Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul edirik” fikri də təəssüf və təəccüb doğurmaya bilməz. Ona görə ki, bu iddialar heç bir sənədə, sübüta, fakta, tarixi araşdırmaya söykənmir. Həmin dövrdə yür kürəsində heç 1,5 milyon erməni yaşamayıb. Bu statistik rəqəmlər, gerçəkliklər ABŞ yetkilisində hardandır? Təkcə bu fikirlər kifayət edir ki, bu məsələdə ABŞ-in obyektivliyinə, tərəfsizliyinə, ədalətli və tarixi hadisələrə və reallıqlara yanaşmalarına ciddi şübhə edəsən. Əgər doğrudan da, ABŞ gerçəkliklərin tam ədalətli və səmimi şəkildə qəbul edilməsini istəyirsə, həmin dövlət də arxivlərin açılmasını və araşdırılmasını Ermənistandan tələb etsin. Yaxud da ermənilərin yüzillər boyu Türklərə, o cümlədən də Qafqaz türkləri olan bizlərə qarşı törətdikləri saysız-hesabsız faciələrə, depotasiyalara, qırğınlara, işğallarına və soyırmlarına qiymət versin. Amma Qərbin, ABŞ-in ermənilərlə birlikdə bu "soyqırım” oyunlarına baxmayaraq Türkiyəni öz maraqlarının güdazına verə bilməzlər və günü gündən dünya siyasətində həlledici söz sahiblərindən birinə çevrilən qardaş ölkəni əyə və sındıra bilməzlər. Türkiyə bu oyunlara cavab verə biləcək qədər güclü dövlətdir və türk xalqı da qüdrətli xalqdır. İstər Vatikanın, istər Qərbin istərsə də, ABŞ-ın bu mövzuda sərgilədiyi mövqe Ankaranın da, rəsmi Bakının da strateji müttəfiqlərinə baxışlarının və yürütdüyü xarici siyasətlərinə və əlaqələrinə yenidən göz gəzdirmək fürsəti qazandırır. /"Millətim" qəzeti/

Söhbətləşdi: Nicat


Millet