Şriftin ölçüsü / 743

I Avropa Oyunları əhəmiyyətli hadisədir

01 May 2015 [13:22]

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokratlar İttifaqının sədr müavini Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyada ən böyük yarışmalardan biri hesab olunan oyunları ilk dəfə təşkil edir ki, bu da çox əhəmiyyətlidir: "Bu mənada, Avropa Oyunları Azərbaycanın həm ölkə, həm də dövlət kimi tanıdılmasında mühüm rol oynayır. Bu cür tədbirlər ölkə haqqında təsəvvürləri daha da dolğunlaşdırır. Yəni təbliğat baxımından da xüsusi rola malikdir. Bəzi yerlər var ki, orada Azərbaycanı tanımırlar. Ya Azərbaycanı bir Asiya ölkəsi, ya da müharibə gedən ölkə olaraq tanıyırlar. Bu cür mühüm tədbirlər zamanı isə ölkəyə çoxlu sayda turistlər və tamaşaçılar gəlir. Sözsüz ki, onlar da ölkənin nə vəziyyətdə olmasını görürlər. Bu mənada I Avropa Oyunları əhəmiyyətli hadisədir”.Etibar Məmmədovun fikrincə, bu kimi mühüm tədbirlər Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə birbaşa olmasa da, dolayısı yolla müsbət təsir göstərir: "Əlbəttə, Qarabağ probleminə bu cür mühüm tədbirlərin birbaşa təsiri olmur. Bu, ölkənin tanıdılması baxımından dolayısı ilə təsir göstərir. Məsələn, ermənilər təbliğat aparır ki, azərbaycanlılar geridə qalmış, vəhşi xalqıdır, bu ölkədə başqa dinə mənsub olan insanları incidirlər, birlikdə yaşamaq mümkün deyil və s. Bu kimi təbliğatın qarşısını almaq üçün isə belə tədbirlərin mühüm təsiri var. Bu da, dolayısı yolla Dağlıq Qarabağa təsiri deməkdir”.