Şriftin ölçüsü / 1100

Bizim ölkədə heç nədən sığortalanmaq mümkün deyil

22 May 2015 [13:28]

Strateq.az saytı yeni bir layihəyə başlayır. "Persona –qrata” adlı bu layihə çərçivəsində Azərbaycan siyasi palitrasının tanınmış simaları ilə müsahibələr təqdim olunacaq. Layihə çərçivəsində Azərbaycan siyasətçilərindən dünyadakı hazırkı dəyişikillər dövründə ölkə üçün tələb olunan əsas məsələlər, bu günkü siyasi müstəvi və perspektiv haqqında silsilə müsahibələr etməyi planlaşdırırıq.

İlk olaraq Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla müsahibə götürdük. 2004-cü ildə AMİP sədrliyindən gedərək aktiv siyasi səhnəni tərk edən E. Məmmədovun bu addımı çoxlu müzakirələrə səbəb olmuşdu. O zamandan bəri KİV-lərdə AMİP liderinin qısa açıqlamalarından savayı geniş müsahibəsinə təsadüf olunmur. Etibar bəylə müsahibədə bu günkü durumla bağlı danışdıq:

Qeyd edək ki, müsahibə Binqədidə yaşayış binasında baş vermiş yanğın gününə təsadüf etdi. Etibar Məmmədov ilk əvvəl insan qurbanları ilə nəticələnən bu yanğınla bağlı xalqa başsağlığı verdi. AMİP lideri bu faciədə günahı olan səlahiyyət sahiblərinin cəzalandırlmasına çağırdı.

- Etibar bəy, sizin 11 il əvvəl AMİP sədrilyindən qəfil istefanız siyasi müstəvidə böyük rezonans doğurdu. Maraqlıdır, üstündən illər ötəndən sonra bu qərarınız barədə hansı qənaətdəsiniz: bugünkü reallıqlar baxımından, o vaxtkı qərarınız doğru idimi?

- Belə qərarlar asanlıqla qəbul olunmur. Qərar verilibsə, onun səbəbləri haqqında o zaman izahat da verilib. Biz Azərbyacanda qeydiyyatdan keçmiş ilk siyasi partiyayıq. Siyasi səhnədə bir çox ilklərin müəllifi olmuşuq. Sədrlikdən istefam sadəcə, mənim şəxsi fikrim deyildi. Bu, dünya təcrübəsinə əsaslanaraq atılan addım idi və indi də hesab edirəm ki, doğru qərar idi... Hamı görür ki, siyasi səhnəyə tez-tez yeni siyasətçi nəslinin gəlməsindən o ölkələr yalnız fayda görür. Uzunmüddətli və sabit olan dövlətin strateji maraqları, kursudur; daxili siyasi səhnə isə mütəhərrik olmalı, müntəzəm yenillənməli, siyasətə yeni simalar gəlməlidir. Bu baxımdan, o fikirdə idim ki, dəyişiklik üçün bu addımı atmalıyam. Təəssüf ki, məndən sonra bu addım uzun müddət yeganə hal kimi qaldı. Digərləri analoji addımları atmadılar. Ona görə də siyasi mühitdə durğunluq davam elədi. Həmin durğunluq da ona gətirib çıxardı ki, bu gün Azərbaycanda ümumiyyətlə, siyasi mühit, siyasi səhnədə oyunçular yoxdur. Siyasi səhnə tamamilə boş qalıb. Bu isə dövlət üçün zərərlidir. Ölkədə hakimiyyət varsa, müxalifət də olmalıdır. Bunların arasında isə daimi yarış getməlidir.

- Bəs gözlədiyiniz yeni siyasi simalar niyə ortaya çıxmadı?

- Azərbaycan siyasi mühitində ciddi problemlər var. Ümumi mentaliteti dəyişməyə, siyasətə yanaşmada müasirləşməyə çox ehtiyac var. Bizdə müxalifətçilik dövlətin əleyhinə çıxmaq kimi qəbul olunur. Anlamırlar ki, müxalif olmaq hökümətə müxalif olmaq deməkdir, dövlətə yox. Normal hakimiyyət çalışmalıdır ki, idarəçiliyin düzgün olub-olmamasını təftiş edən müxalifət olsun. Bizdə isə müxalifətdə olmaq artıq təhlükəli bir işə çevrilib. Bundan isə insanlar, onların ailələri, yaxınları ziyan çəkirlər. Nəticədə, dövlətin imicinə, inkişafına zərbə dəyir.

- Yəqin, Müsavatdakı qalmaqaldan xəbriniz var. İsa Qəmbərin getməsi ilə partiyada ciddi problemlər baş qaldırıb. Sizcə, yeni nəsil siyasi proseslərə rəhbərliyi niyə üzərinə götürə bilmir? Bəlkə, zəruri siyasi vərdişləri, səriştələri yoxdur? Partiyaların ideya deyil, şəxsiyyət ətrafında toplaşma amili bunda nə kimi rol oynayır?

- Faktorlar çoxdur və saydıqlarınız da ciddi faktor kimi qəbul oluna bilər. Ancaq o addım çox gec – aradan 7-8 il keçəndən sonra atılıb. Həmin dövrdə isə siyasətdən bezənlər, yorulanlar, ailəsinə görə kənara çəkilənlər olub. Bunlar da baş verməli idi. Deyim ki, ölkəmizin siyasi nəsilləri arasında da fərq var. Sovet dövründən çıxaraq siyasətə gəlmiş insanlarla müstəqillik dövründə siyasətə gəlmiş yeni nəsil arasında çox fərq var və bu olmalıdır. Şəxsən mən özümü zorən siyasətə gəlmiş hesab edirəm. Çünki sovet dövründə SSRİ idarəçiliyini, müstəmləkə sistemini qəbul edə bilmədiyim üçün müstəqillik uğrunda siyasi proseslərə qoşulmuşam. Sonrakı mərhələdə isə müstəqil dövlətin daxilindəki siyasi prosesin iştirakçısına çevrilmişəm. Bunlar ayrı-ayrı müstəvilərdir...

- Siz bunların fərqli müstəvi olduğunu iddia edirsiniz?

- Əlbəttə. Ölkəni müstəmləkə sistemində saxlayan düşmənə qarşı mübarizə ilə, ölkə daxilində hakimiyyətdə olana qarşı mübarizə tamamilə fərqli məsələdir. Ona düşmən kimi yanaşırdın, buna rəqib kimi baxmalısan. Təəssüf ki, hakimiyyətdəkilər bu fərqi indiyədək qəbul etməyiblər. Hələ də rəqiblərinə düşmən kimi baxırlar. Bu isə ölkəyə ziyan vurur. Açıq rəqabət olmadığından, bu, gizli rəqabətə çevrilir və nəticədə, ortaya gizli müxalifət çıxır. Gizli müxalifət də həmişə kənrada yox, iqtidarın öz içində yetşir. Bu isə ölkə üçün həmişə təhlükədir. Partiya sistemi ölkədə sıfır səviyyəsindədir, demək olar ki, tam dağıdılıb. Bu təkcə hakimiyyətdəkilərin təqsiri deyil, eyni zamanda Qərbin Azərbaycana qarşı apardığı siyasətin nəticədir...

- Niyə məhz Qərbin?

- Çünki məhz Qərb məqsədyönlü şəkildə Azərbaycanın siyasi sistemini çökdürməyə yönələn addımlar atıb.

- Səbəb?

- İstəyirlər, Azərbaycanda siyasi mühit olmasın. Mənim qənaətim odur ki, onlar müsəlman ölkələrində siyasi sistemin olmasına yaxşı baxmırlar, sivil siyasi rəqabətin olmasını istəmirlər. Baxın, indi Türkiyənin üzərində də həmin oyunlar oynanır. Hədəf odur ki, Türkiyənin siyasi sistemi dağlısın, tamam qarışıqlıq olsun. Qərbin bu məsələdə çox böyük məsuliyyəti və günahı var. Ona görə də, həm hakimiyyət, həm də müxalifət fikirləşməlidir ki, bu siyasətin davamı Azərbaycana ancaq ziyan gətirə bilər.

- Qərbpərəst imici olan bir siyasətçidən bu ittihamları eşitmək təəccüblüdür... Amma axı sizin lider olduğunuz partiya elə bu Qərb dəyərlərinin ölkədə tətbiqini dəstəkləyirsiniz. Belə olduqda, bölüşdüyünüz dəyərlərə dəstək verməmələri nə ilə bağlıdır?

- Qərb dəyərləri dünyəvi dəyərlərdir. Bu ideyaları Qərb Şərqdən götürüb. İnsanın azad olması ideyası Şərqdən gəlir. Qərb bunu sistemə salıb, qəbul edib. Amma bu dəyərləri qəbul etdikləri vaxtda onlar həm də müstəmləkələr tutublar, orada insanları qul ediblər, kölə ticarəti ilə məğul olublar. Bunlar bir araya sığmayan məsələlərdir. Amma ediblər... Bu gün gördüyüm isə odur ki, Qərbdə siyasətə stimul verən qüvvələr son zamanlar Azərbaycanda siyasi sistemin güclənməsini istəmirlər. 20 il əvvəl, SSRİ dağılanda vəziyyət fərqli idi. Ondan sonra siyasət dəyişib və prioritet bu ölkələrdə ya sərt rejimlərin, ya da idarəedilən xaosun yaradılması istiqamətində gedib. Təbii ki, güclü partiyalar, güclü siyasi sistem olan yerdə bunu etmək mümkün deyil. İndi Qərbin hədəfi odur ki, həmin siyasi sistemlər dağılsın və onun sıradan çıxmasına göz yumulsun. Bəzi hallarda isə buna rəvac verilsin. Sadə bir misal: Qərb nümayəndələri Azərbaycana gələndə fikir verin, görün, bizimlə Gürcüstan arasında hansı fərqlər üzə çıxır? Münasibətlər tamamilə fərqlidir. Onlar son illərdə QHT-ləri hətta partiyalardan da üstün səviyyəyə qaldırmağa çalışırdılar. Son illərdə bu, daha da güclənib. Qərbin müəyyən dairələri bir papkası, bir də özündən ibarət olan adamları - həmin QHT rəhbərlərini partiya liderləri ilə eyni səviyyədə tuturlar. Guya, partiyalarla görüşülər - baxırsan ki, 3 partiya rəhbəri çağırıblar, yanında da 5 dənə QHT! Bu anormallıqıdır, siyasi protokola da uyğun deyil.

- Onlar bunu vətəndaş cəmiyyətinin nümayəndlərinə dəstək kimi təqdim edirlər...

- Axı bu QHT-lər kimi təmsil edirlər? Kimi?! Partiyalar bilinir ki, hansı təbəqənin, kəsimin maraqlarını müdafiə edir. Bəs QHT-lər?! İndi Qərb kimi təmsil etdiyi bilinməyən insanları həmin siyasi xadimlər səviyyəsinə qaldırır. Bu isə elə həmin partiya sistemini pozmağa yönəldilib. Belə görüşlər, cəhdlər ölkədə siyasi sistemin dağıdılmasına yönlədilmiş cəhdlərdir. Hakimiyyətdə olanlar bəzən buna sevinirlər ki, Qərb partiyaları dəstəkləmir. Əslindəsə, bu yanaşma böyük səhvdir. Hakimiyyədə olan qüvvə rəqibsiz olanda inkişafdan qalır. Mən hesab edirəm ki, partiya sistemi bərpa olunmalı, buna stimul verilməlidir. Parlament dəyişməli, proporsional sistem bərpa olunmalıdır. Partiyaların maliyyələşmə mexanizmi də dəyişməlidr. Bu maliyyə mexanizminin olmamasının fəsadıdır ki, bəzi səbatsız insanlar, ölkəyə bağlı olmayan şəxslər xaricdəkilərin qarşında əl açdılar, onlardan maliyyə asılılğına düşdülər. Belə adamlar da öz dövlətinə, xalqına xidmət edə bilməz. Kimdən pul alırsa, ona da xidmət edəcək...

- Siyasi partiyaların yaranmasının vacib faktorları da var: hökumət deyə bilər ki, biz partiya seçimində heç kimin qarşısını kəsməmişik. Gedib, istədikləri partiyaya yazıla bilərlər.

- Deməklə deyil axı.. Əgər hər hansı partiya üzvü iş yerində təqib olunursa, onun biznesi qapadılırsa, başqa təzyiqlərə məruz qalırsa, bu sistem necə inkişaf edə bilər?

- Yeri gəlmişkən, artıq bir neçə dəfə iqtidar rəsmiləri ilə müxalifət partiyalarının görüşü keçirlib. İndi buna müxtəlif adlar - dialoq, görüş - verirlər. Siz bu prosesi necə qiymətləndirisiniz?

- Bu, dialoq deyil, görüşdür. Yaxşı haldır, heç olmasa bir-birini eşidə bilirlər. Dialoq olması üçün isə konkret mövzular müəyyənləşməli, hansısa məsələlər ətrafında fikir mübadiləsi olmalıdır. Bu format isə sadəcə görüşdür. Orada olan partiyalardan kim nəyi vacib sayırsa, o barədə danışır. Odur ki, bunun bir ciddi nəticəsi də olmur.

- Belə fikirlər var ki, bu görüşlər ilkin təmaslardır və gələckədə müəyyən bir format halını ala bilər.

- Yox, hələ ki, mən belə perspektiv görmürəm. Bu məsələyə ciddi yanaşılmasına ehtiyac var.

- Etibar bəy, qarşıdan parlament seçkiləri gəlir. Düzdür, Avropa Oyunları ilə bağlı bu məsələ hələ ki, ikinci plandadır. Amma 2 aydan sonra qızğın hazrlıqlara başlanacaq. Gözlənilən seçkilərlərlə bağlı hansı qənaətləriniz var?

- İndiki mərhələdə heç nə deyə bilmərəm. Seçkilər indi ikinci plandadır. Hələ ki, o barədə siyasi iradə də yoxdur.

- Namizədliyinizi irəli sürmək niyyətiniz varmı?

- Hələ o barədə fikirləşməmişəm.

- Neftin ucuzlaşması, devalvasiya, iqtisadi spektrdə baş verənlər seçki prosesinə hansı təsirlərini göstərə bilər?

- Seçki məsələsi elədir ki, insanların hara seçiləcəyini bilmək zəruridur. Milli Məclisin bu gün heç bir səlahiyyəti yoxdur, nəyəsə təsir edə bilmir. Faktiki, ölkənin inkişafına, hökumətə təsir imkanlarını tamamilə itirb... Məncə, deputat olmaq istəyənlərin bir hissəsi indulgensiya qazanmaq üçün ora düşmək istəyir - bununla özünü bütün məsələlərdən sığortalasın. Amma səhv edir, bizim ölkədə heç nədən sığortalanmaq mümkün deyil. Əməllərinə görə, hər kəs istədiyi vaxt cəzalandırıla bilər. Bir qrup da Milli Məclisə tanınmaq üçün meydan kimi baxır. 3-cü qrup isə sadəcə partiya tapşırığını yerinə yetirmək üçün orada oturmalıdır.

Ölkədəki vəziyyətin dəyişməsi üçün Milli Məclisin funksional dəyişikliklərə məruz qalmasına ehtiyac var. Dediyim kimi, proporsional sistem bərpa edilməli, parlamentin hökümət üzərində nəzarət funksiyası təsbit olunmalıdır. Həmin nəzarət funksiyasının olmamasının nəticəsi idi ki, bu gün biz bu devalvasiya ilə bağlı proseslə üzləşmişik.

- Siz son günlərdə iş adamlarının kreditlə bağlı saxlanmasını nəzərdə tutrsunuz?

- Biz böyük bir oğurluqla, məmur harınçılığı ilə qarşılaşmışıq. Bunlar ona görə baş verir ki, ictimai nəzarət yoxdur. Bunun həyata keçirilməsində ən böyük rolu Milli Məclis oynayır. Nəzarət olmadığından, bu insanlar qazanmadıqları pulları xərcləyib insanların başına min oyun açıblar. Nə qədər insanı dövlətdən narazı salıblar. Bunların qarşısını almağın və normal vəziyyətin yaranması yolu parlamentin güclənməsindən keçir. Milli Məclisin səlahiyyətləri artırılmalı, ictimai nəzarət funksiyasını öz üzərinə götürməlidir. İctimai nəzarəti təmin edən digər mühüm rıçaq isə mətbuatdır. Mətbuat da bu gün küncə sıxışdırlıb. Müstəqil KİV yoxdur. Odur ki, əsas məsələ Milli Məclisin yeni parlament olaraq ortaya çıxmasındadır.

- Oliqarx həbsləri ilə bağlı cəmiyyətdə ciddi rezonans var. Bəziləri neftin qiymətinin düşməsinin proseslərin bu şəkil almasına səbəb olduğunu deyir. Bu həbslərlə bağlı Sizin fikriniz necədir? İcitmai rəydə onlara qarşı çox repressiv çağırışlar səslənir. Cəmiyyət onlara qarşı sərt tədbirləri dəstəkləyir.

- Onlara qarşı sərt addımlar atılmalıdır. Bu adamların həbsi onunla bağlıdır ki, aldıqları pulu qaytarmaq istəmirlər, könüllü şəkildə vermirlər. Bu, məsələnin bir tərəfidr. Hamısını almaq da mümkün olmayacaq. Böyük bir hissəsi ortalıqda batacaq. Ancaq necə olub ki, bu vəziyyət yaranıb? Onların haqqında məlumatları oxuyanda, nə iş gördüklərinə baxdıqda, niyə belə harınladıqları göz qabağında olan məsələ idi. Məsul olan adamlar niyə buna yol veriblər? Günahı bir bankın üzərinə yıxmaq da düz deyil, axı. Bu bank özəl bank deyil. Bankın nəzarət paketi hökümətin əlindədir. Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədridir. Samir Şərifovun birbaşa vəzifəsi idi ki, indiyə qədər bu məsələyə nəzarət eləsin. Mən bilirəm ki, Samir Şərifovun rəyi, icazəsi olmadan Beynəlxaq Bankdan bir qəpik də kiməsə verilə bilməz. Belə məsələləri aşağı səviyyəli məmurların üzərinə yıxmaqla vəziyyətdən çıxmağa çalışır. Amma Samir Şərifov həm də devalvasiyaya görə məsuliyyət daşıyır. Məsələni niyə gətirib bu vəziyyətə çıxartdı? Səhv siyasətinin nəticəsi olaraq! Bəs səhv siyasətin nəticəsi olaraq indi hansı məsuliyyəti daşıyır?! Bu, ortalıqda yoxdur. Onun ardınca digər proseslər başlanıb, daha sonra başqa məsələlər ortaya çıxacaq... Samir Şərifov buna məsul olan şəxs kimi indiyə qədər ağzını açıb bir kəlmə də danışmır. Fikrimcə, bu məsələni izah etmək dövlət başçsının vəzifəsi deyil. Həmin izahatı birbaşa məsul olan şəxs - maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmov verməli idi. Onlar baş vermiş bu prosesə görə birbaşa məsuliyyət daşıyırlar. Apardıqları bu siyasətin nəticəsində dövlətə böyük ziyan dəyib. Bu pullar dövlətin cibindən gedib...

Neftin qiymətinin düşməsinə gəlincə, əlbəttə, bunun ölkəyə ziyanlı nəticələri var. Əvvəlcədən xəbərdarlıq olunurdu ki, neftin 100 dollarlıq qiyməti real deyil, şişirdilib. 1994-cü ildə imzalanmış neft kontraktları müzakirə olunarkən müəyyənləşmişdi ki, neftin qiyməti 13 dollardan yüksək olduqda kontrakt rentabelli olacaq. Bundan nə qədər artıq olsa, yalnız qazanc gətirir. Ancaq bu, hökümətin qazandığı pul deyil. Hökumətin vəzifəsi büdcəni formalaşdırmaqdan ibarətdir. Torpaqdan çıxan neft onun əməyinin nəticəsi deyil, allahın bizə verdiyi bir nemətdir. Bundan faydalanmaq necə olur? Neftin pulunu ölkənin inkşafına sərf etmək, xırda, orta sahibkarılığı formalaşdırmaq lazım idi. Büdcənin doldurulmasını onlardan təşkil etmək lazım idi. Azərbaycanda bu boyda inkişafdan sonra məlum olur ki, orta və kiçik sahibkarılq Ümumi Daxili Məhsulun 10 faizindən yuxarı qalxa bilmir. Əksər ölkələrdə bu, 50 faizdən çoxdur. Bu göstərici isə dövlətin nə dərəcədə dayanıqlı olmasını göstərir. Belə şişirdilmiş, yalançı oliqarxlar olmaqdansa, min nəfər kiçik və orta sahibkarın olması ölkə üçün daha faydalıdır. Ona görə də biznesin inkişafı üçün olan vəsaitlər həmin adamlara yox, kiçik və orta sahibkarlığa yönəldilməlidir. Min nəfərdən 100-ü müflis ola bilər, bir qismi yalançı ola bilər, oğru ola bilər, ancaq yarıdan çoxu inkişafa səbəb olacaq. Bir nəfərə pul verirsən, o da götürüb aradan çıxır... Bir nəfərdən nə pul tələb etmək olar?

Ardı var..

Söhbətləşdilər:

Xaqani Səfəroğlu

Zaur İbrahimli


Millət