Şriftin ölçüsü / 886

"Qırmızı xətt"in keçilməsi qarşıdurmalara, nifrətə, qisasçılığa və digər neqativ hallara yol açır

27 May 2015 [13:23]
Baş redaktor deyir ki, "Qırmızı xətt"in keçilməsi qarşıdurmalara, nifrətə, qisasçılığa və digər neqativ hallara yol açır"

Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı bir sıra işlər görülsə də, hələ də bəzi problemlər möv-cuddur. "Millət" qəzetinin baş redaktoru Əli Orucov "Reytinq"ə müsahibəsində ölkə mətbuatının mövcud durumuna və bu sahədəki problemlərə toxunarkən deyib ki, söz və mətbuat azadlığı açıq cəmiyyətlərin və demokratiyanın əsas atributlarından biridir. Onun sözlərinə görə, bu iki element olmadan şəffaflıqdan, plüralizmdən, alternativlikdən, bir sözlə, ümumbəşəri dəyər və prinsiplərdən danışmaq mümkün deyil: "Odur ki, demokratik və yüksək inkişaf etmiş cəmiyyətlərdə bu iki atribut sanki toxunulmazdır. Hətta bu təsisatların rolu o qədər güclü olur ki, bütün prosesləri kökündən dəyişə bilir, ictimai fikrin formalaşmasına böyük təsir göstərir". 


Baş redaktor bildirib ki, Sovetlər Birliyi tənəzzül edəndən sonra Azərbaycana da azad mətbuatın ilk qaranquşları gəlib. Bununla da, çox az sayda həftəlik və gündəlik mətbu orqanlar Milli Azadlıq Hərəkatının daha da alovlanmasına, milli şüurun formalaşmasına böyük təkan verib: "Doğrudur, o zamanlar rəsmi dövlət senzurası tətbiq edilsə də, yeganə elektron KİV olan televiziya və radio hakimiyyətin əlində olsa da, çap mediası bu əksikliklərin yerini doldurmağa çalışırdı. 1998-ci ilin avqust ayında isə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində yeni imkanlar açma-sına və müstəqil mətbuatın inkişafında dönüş mərhələsinin başlanğıcı üçün əlverişli fürsət yaratdı. Yəni, bu Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım saymaq olar. Məhz bu Fərmanla mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. Eyni zamanda, 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Ancaq bunların əvəzində azad mətbuata və müstəqil sözə məhkəmələrin vasitəsi ilə ciddi təzyiqlər başladı. Ardıcıl olaraq azad, müstəqil KİV-lər yüksək rütbəli dövlət məmurları tərəfindən, yaxud da digər vasitələrlərə astronomik məbləğdə maliyyə və cərimə sanksiyalarına məruz qaldılar". 


Mətbuatın inkişafına mane olan digər məqamlara gəlincə, Ə.Orucov deyib ki, bu gün Azərbaycan mətbuatını sıxan, onun inkişafına mane olan ən böyük problemlərdən biri də reklam bazarının olmamasıdır: "Yəni, mətbuat qazanc gətirən istehsal vasitəsinə çevrilə bilmir. KİV-lərin sərbəst maliyyə mənbələri olmadığı üçün, onlar sponsorlardan asılı vəizyyətə düşüb ki, bundan da həmin sponsorlar bir alət kimi bəhrələnirlər. Doğrudur, dövlət mətbuatın inkişafına büdcədən maliyyə ayırır, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür, onları mənzillə təmin edir. Amma bunun da azad və müstəqil mətbuatın inkişafına təsiri azdır".
Baş redaktor bildirib ki, mətbuatın işini çətinləşdirən əsas amillər sadalanarkən, şəffalığı və açıqlığı mütləq vurğulamaq gərəkdir: "Qanunvericilikdə təsbit olunmasına baxmayaraq, jurnalist, dövlət və bələdiyyə orqanlarından, rəsmi və vəzifəli şəxslərdən, özəl qurumlardan informasiya ala, araşdırmalar apara bilmir. Bu isə böyük problemdir və müstəqil mətbuatın inkişafına çiddi əngəl törədir". 

Azərbaycan mətbuatında vətənpərvərliyi aşılayan mövzulara, ümumiyyətlə, müharibə şəraitində olan ölkəmizdə bu istiqamətdə aparılan təbliğati işlərə gəldikdə, Ə.Orucov qeyd edib ki, hərbi və milli vətənpərvərlik ruhunda təbliğat KİV-lərin gündəlik fəaliyyət istiqamətlərindən ən başlıcası olmalıdır: "Bu, həm də bağımsızlığına təzəcə qovuşmuş gənc bir dövlətin dövlətçiliyinin və müstəqilliyinin daha da möhkəmlənməsi, özünüdərkin formalaşması üçün lazımdır. Bunun üçün zəngin materiallar, vasitələr və geniş imkanlar mövcuddur. Biz dünyanın ən qədim sakinləri olmaqla bahəm, ən mədəni, ən elmli, ən döyüşkən, mərd və mübariz xalqlarından biriyik. Tarixləri bizlər yaratmışıq. Sovet ideologiyası illər boyu bunların insanlara aşılanmasına imkan verməyib. Azərbaycan türklərinin milli kimliyi elə dalanlara salınıb ki, bu gün soykökümüzün haradan gəldiyini, kim olduğumuzu təzə-təzə dərk etməyə başlayırıq. Amma tarix təkcə rəqəmlərdən və faktlardan ibarət deyil. Tarix həm də ən çox ibrət və "dərs götürmək" elmidir. Ona görə də, təbliğat paralel olaraq həm də dəyərlərə söykənməlidir. Dəyərlərdən uzaq təbliğat cəmiyyətin sütunlarını aşındıra bilər. "Qırmızı xətt" deyilən bir anlayış var, həmin xətt keçiləndə bu, qarşıdurmalara, nifrətə, kin-küdurətə, qisasçılığa və digər neqativ hallara yol açır. Odur ki, yerindən duran hər kəsin vətənpərvərlik təbliğatı aparmasının da tərəfdarı deyiləm. Vətənin və vətənpərvərliyiin nə olduğunu anlamayanlar necə bu haqda təbliğat apara bilərlər?! Təəssüflə qeyd etməliyəm ki, KİV-lərimizdə bu mövzu qaneedici sayıla bilməz. Elektron KİV-lərin vətənpərvərliklə bağlı gördükləri işlər qeyri-kafi olduğundan, çap mediası bu boşluğu doldurmaqda aciz qalır. Çünki televiziyaların imkanları və təsiri daha geniş və effektlidir. Lakin bu mövzu mediaya gəlir gətirmədiyindən o qədər də maraq kəsb etmir. Nə yazıqlar ki, cəmiyyətin özü də bu mövzulara diqqət göstərmir. Yaxşı qazanc gətirən şou proqramları, musiqili və əyləncəli verilişlər reytinqli sayılır və aparıcı sahələrə çevrilir. Ən acınacaqlısı isə odur ki, bu zaman bəzən milli-əxlaqi dəyərlər, milli mentalitet, təlim-tərbiyə nəzərə alınmır və bu bütün normaları aşır. Lakin dövlət büdcəsindən maliyyələşən KİV-lərdə hökumət hərbi və milli vətənpərvərlik təbliğinə xüsusi önəm verməlidir. Hətta mən deyərdim ki, bu, bir mərkəzdən idarə olunmalıdır". 

Onu da qeyd edək ki, mətbuatın əsas vəzifələrindən biri də ictimai rəyin formalaşdırılmasında rol almaqdır. Bəs görəsən, KİV-lərimiz bu vəzifəsinin öhdəsindən gələ bilirmi? Gənclərimizin vətənpərvər ruhda formalaşması üçün mətbuat nə etməlidir,- sualına müsahibimiz maraqlı cavab verib: "Bunun üçün mətbuatın əlində geniş imkanlar var. Xüsusən də, elektron media güclü təbliğat vasitəsinə çevrilə bilər. Uzun illər aparılan siyasətin və səthi yanaşmaların nəticəsidir ki, bugünkü gənclərin çoxu Mirzə Cəlil, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Yusif Məmmədəliyev, Kərim Kərimov, Heydər Hüseynov, Lütfi Zadə, Əbülfəz Elçibəy, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Etibar Məmmədov yox, mü-ğənni, şou-biznes əhli və ya alverçi olmaq istəyir. Halbuki adlarını çəkdiyim və çəkə bilmədiyim bu kimi görkəmli şəxslər öz sahələri üzrə dünyaca məşhur simalar olublar. Amma bu şəxslər haqqında yetərin-cə maarifləndirmə və tanıtma işləri aparılmır". 

Amma Ə.Orucov bu məsələdə hər şeyi mətbuatın üzərinə yıxmağın, ondan gözləməyin də doğru olma-dığını bildirib. Çünki mətbuat ilk növbədə həm də istehsal sahəsi oluğundan tələbatı nəzərə almaya bilməz: "Bu gün Azərbaycan cəmiyyətinin tələbatı maariflənməyə, o cümlədən vətənpərvərlik mövzularına çox azdır. Əyləncəli və musqili tok-şouların reytinqi marifləndirici, elmi və təbliğat proqramlarından qat-qat yüksəkdir. Xəbər portallarında da belədir. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, insanlar gündəlik həyatlarında uzun, məsafəli və əziyyətli fəaliyyətin qazanc verəcəyini və nəyinsə tezliklə dəyişəcəyinə inanmır, yaxud da buna səbri çatmır. Digər tərəfdən, vətənpərvərlik təbliğatında da si-yasi maraqlar güdüldüyündən obyektivlik, qərəzsizlik və reallıq hissi itir. Eyni zamanda mövcud şərtlər və reallıqlar da bu məsələyə öz mənfi təsirini göstərir. Buna görə də mətbutda vətənpərvərlik təbliğatı istənilən effekti vermir. Hesab edirəm ki, mətbuatla cəmiyyətin özü əlaqəli işləyə bilsə, müsbət nəticələr əldə etmək olar". 

Bu səbəbdən də baş redaktor düşünür ki, mətbuat daha çox sərbəstlik qazanmalı, onun istehsal vasitəsinə çevrilməsinə şərait yaradılmalıdır: "Eyni zamanda reklam bazarında seçim imkanı olmalıdır ki, reklamçılar öz məhsullarının reklamlarını hansı KİV-də yerləşdirməyi özləri müəyyənləşdirsinlər. Kənar müdaxilələrə və daxili senzuralara son qoyulmalıdır. Heç kəsə sirr deyil ki, əksər jurnalistlər onlar üçün müəyyənləşdirilmiş çərçivədən kənara çıxa bilmirlər. Eyni zamanda Azərbaycan yarımqapalı cəmiyyət olduğundan informasiya mənbələrinə jurnalistin əli çatmır. Çalışdığı mətbuat orqanının maliyyə vasitələri məhdud olduğundan çəkdiyi ağır zəhmətin müqabilində əmək haqqı ala bilmir ki, bu da onun fəaliyyətinə, yaradıcılığına mənfi təsirini göstərir. Mətbuatın bazisi, maliyyə qaynaqları və vəsitləri olmalıdır ki, azad olub, üzərinə götürdüyü missiyanı həyata keçirə bilsin. Sponsorlardan, yaxud da dövlətdən asılılıq mətbuatın inkişafına və sərbəstliyinə mane olur. Sadaladığım və sadalaya bilmədiyim bu təkliflərin həyata keçməsi isə ayrılıqda mümkün deyil. Bunun üçün siyasi sistemin və cəmiyyətin özü dəyişməlidir". 

Peşəkarlıqla bağlı narahatlıqlara gəldikdə, müsabimiz diqqətə çatdırıb ki, Azərbaycanda kifayət qədər peşəkar media və jurnalistlər var. Bu baxımdan narahatlığa əsas görmür: "Keçmiş SSRİ məkanında ən peşəkar və öz peşəsinə bağlı olan, prinsipial və mübariz jurnalistlər məhz Azərbaycandadır. Siz özünüz də şahidi olursunuz ki, basqılara, hücumlara, müxtəlif çətinliklərə baxmayaraq Azərbaycan jurnalistikası öz mübariz ruhundan çəkinməyib. Bu yolda həbs olunanlar, döyülənlər, müxtəlif fiziki və mənəvi işgəncələrə məruz qalanlar, maddi sıxıntılar çəkənlər, qətlə yetirilənlər də var. Doğrudur, peşəkarların bir qismi zaman-zaman yuxarıda sadaladığım səbəblər üzündən bu gün mətbuatdan aralanıblar. Bir qismi isə nəyinsə xatirinə susur, yaxud da dövrün şərtlərinə adaptasiya olunublar. Təəssüf ki, bunlar həm cəmiyyətimiz, həm də mətbuatımız üçün böyük itkidir. Lakin bir tərəfdən də fərəhlidir ki, bütün çətinliklərə və problemlərə rəğmən mətbuatımız peşəkarlıqdan uzaq düşməyib".
Ölkə KİV-lərində fikir plürlazminin təminolunma səviyyəsinə gəldikdə, müsahibimiz deyib ki, bu sahədə xoş olmayan tendensiyalardan biri də siyasi qütbləşmədir. Bu da, təbii ki, obyektivlik, peşəkarlıq, tərəfsizlik və sərbəstlik baxımından böyük əksikliklər yaradır: "Siz iqtidar və iqtidara yaxın mətbuata baxsanız ancaq hakimiyyətin tərifindən, müxalifət mətbuatında isə əksinə, tənqiddən başqa heç nə görə bilməzsiniz. Müxalifət mənsublarının iqtidar qəzetlərinə, eləcə də büdcədən maliyyəşən KİV-lərə çıxışına rəsmi olaraq qadağa qoyulub. Halbuki bu dövlət hamımızındır. Avropa Şurasının təzyiqi ilə ölkədə fikir plüralizmini inkişaf etdirmək üçün Az.TV 1 və dövlət radiosunun 1-ci kanallarının bazasında Prezidentin fərmanı ilə 2004-cü ilin 5 noyabrında İctimai Televiziya yaradıldı və fəlaiyyətə başladı. Fəaliyyət göstərdiyi 11 il ərzində həmin TV-də müxalif və alternativ fikrə üst-üstə 11 saat da efir vaxtı verilməyib. Niyə? Çünki iqtidar fikir müxtəlifliyindən, tənqiddən və öz rəqiblərindən qorxur. Bizim dövlət KİV-ləri kommunist medotları ilə fəaliyyət göstərir. Sanki vətəndaşların vergisi hesabına fəaliyyət göstərən həmin KİV-lər hakimiyyətdəkilərin dədə-baba əmlakıdır. Belə olan halda hansı fikir plüralizmindən danışmaq olar? Fikir plüralizmi plüralistik, açıq və demokratik cəmiyyətlərdə olur. Bizdə isə bu, hələlik qəneedici səviyyədə deyil".

Qeyd:Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə yardımı ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.


Millət