Şriftin ölçüsü / 815

"Cəhənnəm sakinləri" tamaşaya qoyuldu

27 May 2015 [16:41]

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirilib. Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan "Cəhənnəm sakinləri” adlı tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. İki hissəli dram janrında hazırlanan səhnə əsərində Xalq artisti Qabil Quliyev (Kişi), Əməkdar artist Adil Zeynalov (Zabit), aktyorlar Qızılgül Əliyeva (Qadın), Aynur Əhmədova (Gənc qadın), Əbülfəz Axundov (Qonaq) və Tərlan Abdullayev (Pioner) çıxış edirlər.

Tamaşanı izləyənlər arasında rayonun teatr ictimaiyyəti ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və aparat üzvləri, Bakı teatrlarının nümayəndələri də olublar.

Tamaşa tariximizə qanlı hərflərlə yazılmış dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edir. Yaradıcı kollektiv dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutaraq, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr, eləcə də birmənalı yozula bilinməyəcək obrazlar real və irreal dünya arasında körpü yaradır.

Rejissor konkret olaraq, 1937-ci ili, Stalin dövrünün hadisələrini deyil, ümumilikdə insan taleyini, dəhşətli mənəvi ortamda qəhrəmanların yaşadıqları hissləri, insanın qorxularını yozumunun mərkəzinə qoyub.


Aysel