Şriftin ölçüsü / 710

Alimlərin potensialından istifadə etmək lazımdır

27 May 2015 [16:45]

Bu gün Azərbaycan Milli QHT Forumunun (MQF) Elm Mərkəzinin ilk iclası keçirilib. MQF-nin prezidenti Rauf Zeyni alimləri salamlayaraq Elm Mərkəzinin yaradılması məqsədləri haqqında iştirakçıları məlumatlandırıb. O, bildirib ki, "Alimlərin potensialından istifadə edərək elmi araşdırmaların vətəndaş cəmiyyətinə çatdırılması, alimlərin müxtəlif elmi araşdırmalarla bağlı təkliflərinin ictimailəşdirilməsi vacibdir. Bu baxımdan Azərbaycan elminin və təhsilinin müxtəlif sahələrinin daha da inkişafı, gənclərin elmi potensialının gücləndirilməsi, digər ölkələrlə mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Elm mərkəzinin təşkili bu sahədə görüləcək məqsədyönlü addımlardan sayıla bilər. MQF Elm Mərkəzində müxtəlif istiqamətdə araşdırma aparan alimlər öz təkliflərini təqdim edə və bu təklifləri bizim mərkəzdə toplanan alimlərin iştirakı ilə müzakirə edə bilərlər”. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova bildirib ki, "MQF Elm Mərkəzinin yaradılmasında məqsəd vətəndaş cəmiyyətinin inkişafında alimlərin səylərinin birləşdirilməsi, eyni zamanda elm və təhsil ocaqlarında çalışan alimlərin, xüsusilə gənc alimlərin buraya cəlb olunması vacibdir. Elm Mərkəzində bütün istiqamətlər üzrə elmi araşdırmaların aparılması, həmçinin beynəlxalq müstəvidə fəaliyyət göstərən alimlərin iştirakı ilə müxtəlif dəyirmi masaların, beynəlxalq konfransların, seminarların və forumların təşkil edilməsi nəzərdə tutulub”. BDU-nun professoru Leyla Gərayzadə də öz çıxışında elm mərkəzinin yaradılmasının vacibliyini və vətəndaş cəmiyyətində xüsusi yer tutacağını vurğulayıb.

O, bildirib ki, " Biz alimlər beynəlxalq aləmə zəngin elmi araşdırmalar təqdim edə bilərik. Eyni zamanda elm mərkəzi cəmiyyətdə olan istənilən problemlərin, elmi məsələlərin müzakirə olunmasına şərait yaradacaq.

Həmçinin BDU-nun professoru Mais Əliyev, Milli Qəhrəmanların Xeyriyyə Cəmiyyətinin sədri Rauf Rəcəbov, Gənclərin Elmi Araşdırmalarına Dəstək İB-nin nümayəndəsi Rauf Əmənov, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqat Mərkəzinin rəhbəri Əli Fərhadov, Xızır Yurdu İB-nin rəhbəri Rəfail Mustafayev, MQF-nin idarə heyətinin sədr müavini Qorxmaz İbrahimli və digərləri öz çıxışlarında, MQF Elm Mərkəzinin yaradılmasının tədqirəlayiq hal olduğunu, bu vəsilə ilə nəinki Azərbaycanın, eyni zamanda dünyada baş verən aktual mövzuların elmi araşdırmalar vasitəsilə dövlət orqanlarına təqdim edilməsinin, bilavasitə, QHT-lərdə, ali təhsil müəssisələrində müəssisələri və elmi təşkilatlarda fəaliyyət göstərən gənc alim və mütəxəssislərin elmi fəaliyyətə cəlb edilməsi və onların fəaliyyətinin koordinasiya edilməsinin vacibliyini vurğulayıblar.


Nisa Rəhimova