Şriftin ölçüsü / 582

AMİP 28 May Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

27 May 2015 [17:14]

Azərbaycan Milli İstiqlal Partiyası 28 May Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Partiyadan "Millət"ə daxil olan təbrikdə deyilir:

"Əziz həmvətənlərimiz!

Sizi 28 May Respublika Günü münasibəti ilə təbrik edir, can sağılığı, sülh, təhlükəsizlik, əmin-amanlıq və firavan həyat arzulayırıq.

28 May - Azərbaycan xalqının əsarətə və müstəmləkəyə qarşı illərlə apardığı aramsız mücadilənin, böyük bir millətin istək və arzularının ifadəsidir. 1918-ci ildə qurulan Azərbaycan Demokratik Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi tarixə düşməklə yanaşı, həm də bəşəriyyətə bir nümunə oldu. Bu, xalqımızın dövlətçilik ənənəsinə və ali dəyərlərə sadiqliyinin təntənəsi idi. M.Ə. Rəsulzadənin rəhbərliyi ilə qurulan ADR mövcud olduğu 24 ay ərzində çox böyük uğurlara imza atdı. Dövlətin və cəmiyyətin vacib sahələri üzrə qərarlar və qanunlar qəbul etdi. Üçrəngli ay-ulduzlu bayrağımız dünya dövlətləri sırasında dalğalandı. Dünyanın ayrılmaz, sivil və demokratik bir parçasına çevrildik. Qazandığımız istiqlal və hürriyyət Şərq xalqlarını da hərəkətə gətirdi. Az müddət mövcud olmasına baxmayaraq ADR əsarət və müstəmləkə altında əzilən millətlərin azadlıq uğrunda mübarizəsinə ilhamverici təsir bağışladı. Ötən əsrin 80-90-ci illərinAzərbaycanda başlanan Milli Azadlıq Hərakatının və yenidən müstəqilliyimizə qovuşmağımızın stimulverici başlıca amili də məhz 1918-ci ildə qurulmuş Demokratik Cümhuriyyət olmuşdur. ADR-in hüquqi varisi olan Azərbaycan Respublikası bu gün planetimizin müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın güvənc, qürur və istinad yeridir. Bu gün ölkəmiz müharibə şəraitində olsa da, qurub yaradır, inkişaf edir, bayrağımız ən mötəbər yerlərdə dalğalanır, mövqeyimizlə, iradəmizlə hesablaşılır, dünya siyasətində, beynəlxalq düzənin qorunmasında söz sahibinə çevrilir. Təbii ki, bu bir millət olaraq hamımızı sevindirir və iftixar hissi keçiririk. Qəti inanırıq kı, bütün çətinliklərə baxmayaraq "bir dəfə yüksələn bayrağımız, bir daha enməyəcək!” və bu bayraq tezliklə işğal olunmuş ərazilərimizdə, ADR-in mövcud olduğu tarixi sərhədlər daxilində dalğalanacaq. Həmin ərazilərdə dövlət suverenliyimiz bərpa olunacaq.

Sizləri bu möhtəşəm gün münasibətilə bir daha təbrik edir, çiçəklənən, inkişaf edən, demokratik və Bütöv Azərbayacan uğrunda mübarizlık, qətiyyətlilik və inam arzulayırıq.

Azərbaycan Milli İstiqlal Partiyası

27 may 2015-ci il"


Fərid Pəmbəkli