Şriftin ölçüsü / 980

Ölməyən Dərd

01 Iyun 2015 [17:56]
İnam ATA (Asif Ata) ÖLMƏYƏN DƏRD (Sabir üstə) İnam Atanın (Asif Atanın) "Ölməyən Dərd” adlı fəlsəfi-bədii məqamı çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxışdır. Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur. Ata hər bir yazısında özünəməxsusdur, bənzərsizdir. O, özü demişkən, bəyəndiyini əla bəyənib, çünki həmişə Mütləqilik ölçüsünə əsaslanıb. Atanın ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Hadisi, Cavidi var. Ümumən dünya ədəbiyyatının klassikləri ilə bağlı da onun bənzərsiz fikirləri var. Atanın fəlsəfi-bədii əsərlərində şair-yazıçı görmədiyini görür, bilmədiyini bilir. Ata Sabiri dünya satirasında bənzərsiz şair sayırdı. Sabirin sənətkarlığının bir cəhəti də onun meyxananın imkanlarından bacarıqla yararlanması idi. Ata Sabirin yaradıcılığı üstə yazdığı "Ölməyən dərd” əsərində şairin insan dərdinin mahiyyətini açır, çıxış yolunu göstərir: nə qədər ki, millət olaraq ayılmamışıq, var ola bilməyəcəyik.
 
***
1 Dərdli ölür, Dərd yaşayır – ölən görünür, bilinir, ancaq ölmür, itmir, təzədən bitir.

2 "Daş qəlbli insanları neylərdin, ilahi! Bizdə bu soyuq qanları neylərdin, ilahi!” Daş qəlblilər ölür, ancaq daş Qəlblilik qalır, təzələnir: daş qalanır ürəklərə, daşlaşır duyğular. Daş ürəkli Böyüklər-Kiçiklər, Vətənlilər-Vətənsizlər, hakimlər-həkimlər törəyir. Biçim dəyişilir, mahiyyət dəyişmir. Daşla qarşılaşır mehr, ülfət. Təzə daşlar doğulur. Həyatdakılar dəyişir, həyat dəyişmir. Üzü bərkdir daşürəkliyin – ölmür! Əksilməyə, kiçilməyə, göz yaşına, ədalətsizliyə dözür soyuqqanlılar. "Soyuqqanlı” yanaşırlar fəlakətə. Soyuqqanlılıq fəlakəti yaradırlar. Ölmürlər, itmirlər, təzədən bitirlər.

3 "İntelligentik, gəzərik naz ilə, Ömr edərik nəşeyi-dəmsaz ilə!” Diplom nazı yaranıb, rütbə nazı yaranıb, titul nazı yaranıb, ”məlumat nazı” yaranıb, təltif nazı, imtiyaz nazı yaranıb təzəlikdə. Ziya azaldıqca naz çoxalıb. Nazla sazlanırlar, sallanırlar intelligentlər – dəmsazlar. Dəm dərdi çəkirlər "xalq dərdi çəkənlər.” Həqiqət əvəzinə "nazlı bilik” təqdim eləyirlər xalqa, diplom qalır "ziyalıdan” əsər əvəzinə, nəşə düşür "ziyalı” aqibətinə – dərd əvəzinə. Qəm gəlir qəm üstünə. Nazlı ziyalılar dərdi ölmək bilmir, həyatdan beşəlli yapışır – həyatlaşır.

 4 "Amalımız-əfkarımız ifnayi-vətəndir”. Vətənin layiqli oğluna böhtan atmaq – ifnayi-vətənlikdir. Vətənin namuslu qızına sataşmaq – ifnayi-vətənlikdir. Vətən tarixini danmaq – ifnayi-vətənlikdir. Vətənin dilini danmaq – ifnayi-vətənlikdir. Vətən kəndlisini soymaq – ifnayi-vətənlikdir. Vətən fəhləsini söymək – ifnayi-vətənlikdir. Yalançı alimlik – ifnayi-vətənlikdir. Yalançı xadimlik – ifnayi-vətənlikdir. Yalançı şairlik – ifnayi-vətənlikdir. Rüşvətxorluq – ifnayi-vətənlikdir. Şöhrətpərəstlik – ifnayi-vətənlikdir. Mənsəbpərətlik – ifnayi-vətənlikdir. Məkr – ifnayi-vətənlikdir. Fitnə – ifnayi-vətənlikdir. Həsəd – ifnayi-vətənlikdir. Şəhvət – ifnayi-vətənlikdir. İfnayi-vətən "amalı”, ”əfkarı” yaşayır – mahiranə, ötkəm, səbatlı. Dərd ölmür – ölən bilinir, ölən görünür.

5 "Ah eylədiyim nəşeyi-qəlyanın üçündür, Qan ağladığım qəhveyi-fincanın üçündür. Vəz eylədiyim hədyəvü ehsandır, ancaq Ümdə qərəzim kisəvü-həmyanın üçündür.” Təzə Mollalar törəyib – ehkam əzbərləyən, ehkamla dolanan, dolanmaq üçün ehkamı sevən, fayda fədakarı, ehkam satan, qazanca satılan, fikirə yad, riyakar. Adlar dəyişib, təamlar dəyişib, ancaq mahiyyət qalıb. Yenə də qarın beyinə, gödən ləyaqətə üstün gəlir. Titullar dəyişib, libas dəyişib, papaq dəyişib – idrak dəyişməyib, ürək dəyişməyib, nəfs dəyişməyib, nəfəs dəyişməyib. Küfr əleyihinə döyüşürlər guya, əslində qazan dibində xeyr axtarırlar; satmağı bacarırlar, satılmağı bacarırlar. Gödənçiliyi – doğruçuluq, şöhrətçiliyi-yurdçuluq kimi tanıyırlar mənafe uğrunda döyüşürlər – ideal uğrunda döyüşən görünmək istəyirlər, siyahılaşıb, xalqın çiyninə ağır yük kimi düşürlər. Kisələşirlər, fincanlaşırlar. Dərd ölmək bilmədi, təzədən qayıtdı...

 6 "Könlüm bulanır kuçədə cövlanını görcək, Nitqim tutulur hərzəvü-hədyanını görcək. Canım üzülür əldəki qalxanına baxcaq, Qəlbim alışır beldəki patronunu görcək” Təzə qoçuluq yaranıb – intriqa qoçuları, böhtan patrondaşları, nişan qalxanlı, Arxalı, Zorlu; "həqiqi”, "xəlqi”, "qabaqcıl” müddəalarla rəqibini sıradan çıxaran, çirkə, hədyana tapınan, zəifi əzən, güclüyə əzilən, izzət talançısı, ağa nökəri, nökər ağası, havalı, haytalı, hədyan, namusdan qorxmayan qoçaqlar! Bazarlardan, küçələrdən yığılıblar, indi idarələrə, sənət, elm müəssisələrinə toplanıblar Qoçular. Dərd ölmədi, yeni biçimdə qayıtdı həyata.

7 "Nuri-çeşmanımmısan, ey pul, canımmısan? İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan? ...Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?”. "...İnsan olanın cahü-cəlalı gərək olsun, İnsan olanın dövləti, malı gərək olsun!” Deyəsən, pul dinindən başqa din qalmayıb! Deyəsən, pul Məkkəsindən başqa Məkkə qalmayıb! Pula səcdə yox olmayıb! Pula səcdə bütün ülfətləri, izzətləri yenə də üstələyir deyəsən! Pul naminə alimləşirlər, müəllimləşirlər, şairləşirlər! Yenə də pulla nişanlanmaq, fərqlənmək, seçilmək dəbdədir. Yenə də pulsuzluq – ləyaqətsizliyə bərabər sayılır. Yenə də cah-cəlal ehtirası aşıb-daşır. Yenə də əşya insanları əşyalaşdırır. Dəllallıq havasına oynayan rəqqasların sayı bilinmir yenə də. Haram yenə gündə, halal yenə kölgədədir. Pul ilahiliyindən ayrılmış dinsizlər! Dərd ölmədi, adamlar dərdi öldürə bilmədilər!

 8 "Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə!” Özümüzə yadlıq yuxusundan ayılmamışıq. Özümüzə yağılıq yuxusundan ayılmamışıq. Qorxu yuxusundan ayılmamışıq. Həşir yuxusundan ayılmamışıq. Yuxudayıq, ayıq görünürük!

9 "Cin görürəm, can görürəm qorxmuram, Harda müsəlman görürəm qorxuram!” Özünə yağılıq var müsəlmançılıqda. Özgəyə yamanlıq var müsəlmançılıqda. Özgə gözünə girmək üçün öz gözünü çıxarmaq var müsəlmançılıqda. Qorxunc dərddir bu dərd – ölməyən, itməyən, öldürən, itirən.

10 "İş görmək əvəzinə söz əzbərlərik, Aşiqik ancaq quru, boş söhbətə!” Sözlüyük, söhbətliyik, şairli, şeirliyik. Ancaq həm də sözə qapılan, tapınanıq. Sözü əməldən ayıranıq. Sözü söz kimi, söz üçün sevənik. Sözümüzə layiq əməlimiz olmur. Sözümüz işləmir. Şair xalq deyirlər bizə, şirnikirik, öyünürük. Əslində qaxınc olub başımıza sözümüz, söhbətimiz, böyük söz yanında kiçik əməlimiz! Dərd olub düyünlənib aqibətimizə – açılmır ki, açılmır!

11 "Ta gəlirik biz də bir az anlayaq, Məhzəri-irfanda vurur tək səbir.” Gec anlayırıq, sonradan anlayırıq, müsəlmanın son ağlıyla anlayırıq, bu səbəbdən ağlayırıq. Gec tanıyırıq düşmənimizi, dostumuzu, gec duyuruq məhəbbəti, nifrəti, gecikirik anlamada – danlanırıq. Uzaqlara dikilir gözümüz, yaxını gürmürük, uyuruq üzdəkinə, uydururuq fərəhimizi. Pərişanlıq, peşimanlıq düşür qismətimizə. Dərd qalır sonda bizə – son ağlımızla birgə.

12 "Qəzaya çarə yox, giryan ol, üryan ol, peşiman ol, Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!” Səbrimiz sonsuz, taleyə inamımız, özümüzə şübhəmız sonsuz, təslim təbilimiz gur, "alın yazımız pozulmaz”, "bəxtimiz dəyişməz”! Çalışma – əvəzinə əzəldən çalışıblar! İqbalına sahib olma – sahibin var! İradən – iradə əlində, başın – baş qulluğunda, çarən – çarəsizlikdə! Ölməyib, itməyib çarəsizlik əhvalı, dərd olub yaşayır ömrümüzdə, sarsıdır iradəmizi!

13 "Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!” Fəqir yaranmısan, kiçik yaranmısan, zəif yaranmısan, fəqir də qalacaqsan, kiçik də qalacaqsan, zəif də qalacaqsan. Zorlunun, varlının, güclünün səxavətinə söykən, aqibətinə göz dikmə, sədəqəsinə tapın! Razılaş balacağınla – kiçik qismətinlə! Balacalıq dərdi yaşayır dünyamızda!

14 "Boş ol, süst ol, ümidin qət qıl, yar ol ətalətə!” Ləyaqət susanda qəbahətin səsi dünyanı tutur. Ləyaqət süst olanda qəbahət aşıb-daşır. Ümüd azalanda – qəbahət qanad açır. Bəşər şərlə dolur. Susmağı, süst olmağı, boşluğu ümüdsizliyi bacarırıq, dərdimizi ömrümüzdə yaşadırıq, ölməyə qoymuruq.

15 "Yetərkən zalimin zülmü sənə, dövri-qəzadən bil! Çatarkən amirin zəcri, onu seyri-səmadən bil!” Zülmü qəbul eləyirlər, ”zaman əmridir” deyirlər, ”bizimki də gətirdi” deyirlər, "fələyin cəfasına keçdik” deyirlər və zülmə əsir olurlar; ağıl susur, iradə zəncirlənir və mütilər əslində zülmə xidmət eləyirlər. Mütiliyi əsaslandırırlar ki, mütiliyə əsaslansınlar! Ölməyən dərddir bu dərd, ömrə düşmən!

16 "Arif çalışır ki, millət azad olsun! Zahid çalışır ki, məscid abad olsun! Söz boynu kraxmallınındır ki, deyir: Bir madmazel olsun ki, pərizad olsun!” Yaşayır Sabirin gördüyü, bildiyi, göstərdiyi, qandırdığı qütblər indi də. Milləti düşünən Ariflər qütbünün əksində ehkamdan yarıyan təzə Zahidlər, Mollalar, "Alimlər” dayanır, son qütbü madmazel fədakarları – əyyaşlar zəbt ediblər. Xalq görünmür bu qütblərin heç birində. Xalq qütbü uzaqdır bu qütblərdən. Xalq – xüsusi qütbdür, Ariflərə doğma, zahidlərə yad, əyyaşlara yağı... Qütbləşmə uçurumu yaşayır indi də, həyatda, ölümdən iraq, itimdən iraq.

17 "Neyləməli, göz görür, ağlım kəsir, Mən günəşi göydə dana bilmirəm!” Günəşi göydə dana bilməyən yerdə təklənir, tənhalanır, çünki həqiqət günəşi qaranlığa düşməndir, çünki qaranlıq ürəkləri tərk etməyib, çünki zülmətlilər günəşi danmadan yaşaya bilmirlər. Günəş olmaq tələb olunur Yerdə, "dəryada duran qaya” olmaq tələb olunur, dağlarla çarpışmaq, əzabdan, əziyyətdən yoğrulan aqibət tələb olunur! Məhəbbət gərəkdir xalqına həqiqi və bu fədai tənhalığı ölmür, itmir, zamandan zamana, nəsildən-nəslə keçir, iftixarlı, iqtidarlı bir dərd kimi.

18 Yaşayır Sabirimiz dərdiylə, məlalıyla, qəhrəmanlarıyla. Dəhşətli fəlakət yaşayır Sabir ölməzliyində. Qaranlıqlar yarılsın! 13-cü il (1991).


İşıqlı ATALI
 Mütləqə İnam Ocağının Yükümlüsü