Şriftin ölçüsü / 672

Partiyanın ideya xətti hamı tərəfindən gözlənilir

03 Iyun 2015 [14:14]
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bir neçə gün əvvəl Milli Şuranın rəsmi qeydiyyatdan keçmədiyi halda Bakı şəhər İcra Hakimiyyətinin onlara mitinq keçirməyə icazə verməsinə qarşı çıxmışdı. Açıqlamadan sonra partiya sədrin fikirlərinə əks olan bəyanat yaydı.

Yusif Bağırzadənin bu açıqlamasından sonra partiyada narazılığın və münaqişənin baş verdiyi deyilir. Hətta ondan partiyanın rəhbər orqanlarının ümumi mövqeyini öyrənmədən bir daha belə açıqlamalar verməməsinin tələb edildiyi də söylənilir. AMİP-in baş katibi Arzuxan Əlizadə məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Yusif Bağırzadə Milli Şura ilə bağlı açıqlama verdikdən sonra partiyada hansısa narazılıqlar yaranıbmı?

- Partiyada heç bir qarşıdurmadan, münaqişədən və ya narazılıqdan söhbət belə gedə bilməz. Sadəcə, müəyyən məsələlərə fərqli baxışlar ola bilər. Amma partiyanın ideya xətti hamı tərəfindən gözlənilir və qorunur. Ola bilsin ki, son açıqlamadan sonra saytlarda müxtəlif fikirlər yayılıb. Görünür, Yusif bəyin fikirləri ya APA-da düzgün anlaşılmayıb, ya da fərqli mövqe kimi gedib. Ona görə biz məcbur olub bu məsələ ilə bağlı partiyanın mövqeyini açıqladıq. Amma heç bir fikir ayrılığından və münaqişədən söhbət belə gedə bilməz.

- Münaqişədə sizin adınız da hallanır. Belə ki, sizin sədrliyə namizəd olacağınız üçün bu məsələyə daha sərt təpki göstərdiyiniz deyilir. Deyilənlər doğrudurmu?

- Xeyr, belə bir şey olmayıb. Hazırda AMİP-də konfransların keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Növbəti aydan etibarən konfranslar keçiriləcək. Yaxın 2 ay ərzində konfranslar yekunlaşıb qurultaya getməklə bağlı qərar veriləcək. Qurultay ərəfəsində kimlərin namizədliyini irəli sürəcəyi bəlli olacaq. İndidən bu məsələ ilə bağlı fikir bildirmək tezdir.

- Yusif Bağırzadə ilə partiya strukturları arasında indiyə kimi hansısa narazılıqlar olubmu?

- Elə bir narazılıq yoxdur. AMİP-də hər hansı məsələ ilə bağlı fikir müxtəlifliyi ola bilir. Amma müzakirələr zamanı yekdilliklə daha çox səs toplayan fikir qəbul olunur. Bütün partiya üzvləri, eləcə də rəhbərlik həmin qərara tabe olurlar. Bundan sonra heç bir problem olmur.

- Partiyadan kimlərin parlament seçkisində deputatlığa namizəd olacağı müəyyənləşibmi?

- Bu proses gedir. Yavaş-yavaş namizədlər müəyyənləşir. Qeyd etdiyim kimi, hazırda konfransların keçirilməsi ilə bağlı hazırlıq işləri gedir. Eyni zamanda müxtəlif dairələrdən kimlərin namizədliyini irəli sürəcəyi dəqiqləşir. Yaxın 1-2 ay ərzində dairələr üzrə namizədlər müəyyənləşəcək.


Millət